Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7603/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli 2(103)11622/2019 nömrəli qərardadından Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada bankın xeyri nə 34975.41 ABŞ dolları kredit borcu, 8391.22 ABŞ dolları faiz borcu və 20866.51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 64233.14 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh1 ərizə təqdim edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 04 iyul 2019-cu il tarixli, 2(005)- 2816/2019 №-li qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsini, vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kredit borcu sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə götürülüb. Bakı A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Babayev sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) 2(103)-11622/2019 saylı, 27.08.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2816/2019 nömrəli 04.07.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qərardadının ləğv edilərək işin baxılması üçün müvafiq inzibati-iqtisadi məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən kredit məbləği cavabdehə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün verildiyində n hazırki işə iqtisad məhkəməsində baxılmalı idi. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin vergi ödəyicisi kimi reyestrdə qeydiyyatdan keçdiyi tə sdiq olunmur. Həmçinin, iddia tələbi inzibati orqana qarşı yönəlmədiyindən və inzibati orqanın hər hansı hərəkətinin (hərəkətsizliyinin) qanuniliyi mübahisləndirilmədiyindən inzibati mübahisə kimi də qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiya məhkəməsinin mübahisənin məhkəmə aidiyyəti ilə bağlı mövqeyi əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: - 24.2-ci maddəsinə əsasən görə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətlər i, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında in zibati-iqtisadi məhkəməyə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prossesual Məcəllənin 26.1-ci maddəsi göstərilən subyektlər arasında bütün mübahisələrin deyil, yalnız iqtisadi mübahisələr üzrə işlərin mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aid olduğunu müəyyən edir. Hazırki iş üzrə 06.06.2013-cü il tarixli kredit müqaviləsi sahibkarlıq fəaliyyəti üçün deyil, mənzil alınması məqsədilə verilmişdir, cavabdehlərin heç birinin sahibkar statusu mövcud deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27.08.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11622/2019 nömrəli iş üzrə 27 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7603/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7603/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver