Məhkəmə qərarları › İş №2(102)-764/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-764/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-764/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nа qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-461/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 şəxsi istifadə məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 20 (iyirmi) faiz ödəmək şərti ilə 44000 (qırx dörd min) manat məbləğində kredit götürmüşdür.

2. Tərəflər arasında bağlanmış 18.09.2018-ci il tarixli DN0006717/18A saylı kredit müqaviləsinin təminatı olaraq Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında 18.09.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus olan 0.0316 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

3. İş üzrə keçirilmiş 11.0 2.2020-ci il tarixli, 24760 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri əks etdirən hesabdan çıxarış məlumatları və 18.09.2018-ci il tarixli, DN-00067-17/18A saylı kredit müqaviləsinin şərtləri nzərə alınmaqla Cavabdeh1 Bank "xxxx" ASC-yə olan borcu 14.05.2019-cu il tarixə əsas borc üzrə 38,794,96 manat və faiz borcu üzrə 2,495,42 manat, 10.09.2019-cu il tarixə əsas borc üzrə 38,794,96 manat və faiz borcu üzrə 4,645,53 manat təşkil edir. 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/298 nömrəli 22 avqust 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ərazisində yerləşən fərdi yaşayış evinin 22.08.2019-cu il tarixə olan bazar dəyəri 60.000 (altmış min) manat məbləğində qiymətləndirilmişdir

5. «B+Ş Audit» Konsaltinq MMC-nin 17.06.2021-ci il tari xli, M 41/21 saylı rəyi ilə ünvan 1 saylı evin bazar dəyəri 70.000 manat, likvid dəyəri isə 60.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” fılialı ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.05.2019-cu il tarixinə olan 38570.58 manat əsas borc, 3641.95 manat faiz borcu, 1327.52 manat dəbbə borcu, ümumilikdə 43540.05 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 18.09.2018-ci il tarixli, DENG-0006717/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 0,0316 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçı Bank "xxxx" ASC iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 10.09.2019-cu il tarixinə olan 38794.96 manat əsas borc, 4645.53 manat faiz borcu, 1327.52 manat dəbbə borcu, ümumilikdə 44768.01 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 18.09.2018-ci il tarixli, DENG00067-17/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 0.0316 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predm etlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2018-ci il tarixli DEN-00067-17/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə, illik 20 (iyirmi) faiz ödəmək şərti ilə 44000 (qırx dörd min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 18.09.2018-ci il tarixdə iddiaçıyla DENG-00067-17/18A sa ylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.0316 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 90 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanm kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir.

9. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.C.Tanrıverdiyeva) 25 sentyabr 2020-ci il tarixli, 2(060)-2167/2020 saylı qətnaməsi ilə iddi a qismən təmin edilmiş, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 18.09.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 18.09.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsi üzrə 38794,96 (otuz səkkiz min manat yeddi yüz doxsan dörd manat doxsan altı qəpik) manat əsas borc, 4645,53 (dörd min altı yüz qırx beş manat əlli üç qəpik) manat faiz borcu, 300 (üç yüz) manat dəbbə borcu, ümumilikdə 43740,49 (qırx üç min yeddi yüz qırx manat qırx doqquz qəpik) manat məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan 0,0316 ha torpaq sahəsinə və onun üzərində ye rləşən ünvan 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan 0,0316 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan 0,0316 ha torpaq sahəsi və ünvan 1 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, ipoteka predmeti olan 0,0316 ha torpaq sahəsi və ünvan 1 saylı fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh1 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında 18 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

11. Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə 13.03.2019-cu il tarixli, SUMF-2019/40 və 22.04.2019-cu il tarixli, S UMF2019/59 saylı xəbərdarlıq məktubları göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq Cavabdeh1 borcun ödənilməsini təmin etməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1327,52 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 300 manat məbləğində pul tutulmalıdır.

13. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır.

14. Qanunun mənasına görə, məhkəmə qətnam əsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və ipoteka predmetinin bazar qiymətinin 60 000 (altmış min) manat olması müəyyən olunmuşdur.

15. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 0,0316 ha torpaq sahəsi və ünvan 1 ərazisində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ipoteka predmeti olan mənzilin boşaldılması hissəsində də təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 269.5, 317.1, 319.1, 421, 423.2, 442, 443.1, 445.2.1, 462.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1, 36.1, 39.3, 59.2, 59.3-cü, Mülki Prossesual Məcəllənin 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən iddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-461/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) iddiaçı Bank "xxxx"-nin və Cavabdeh1 apelyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-2167/2020 saylı mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əs aslandırmışdır ki, məhkəmə kollegiyasının qərardadı ilə ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edilmiş və X 17.06.2021-ci il tarixli, M 41/21 saylı rəyi ilə ünvan 1 saylı evin bazar dəyəri 70.000 manat, likvid dəyəri isə 60.000 manat müəyyən edilmişdir.

20. Bundan başqa cavabdeh apelyasiya şikayətində artıq hesablandıbğına görə qətnamənin ümumi borcun, eləcə də cərimə borcunun tutulması hissəsində mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini də əsassız hesab etmişdir.

21. Belə ki, iş materiallarından görünür ki, məhkəmə tərəfindən borcun hesablanması üçün ekspertiza təyin edilmişdir. Bundan başqa tələb olunan 1327.52 manat dəbbə pulu 300 manatadək azaldılmışdır.

22. Daha sonra cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı sonradan iddia tələbinin həcmini artırmış, məhkəmə də qanunsuz olaraq bu əlavəni qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin bu dəlilini əsassız hesab etmişdir

23. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır.

24. Məhkəmə kollegiyası apelyasiya şikayətlərində göstərilən dəlilləri ümümi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə 3

2. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (maddə 269.1)

33. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. (maddə 269.4)

34. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)

35. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (maddə 319.1)

36. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. (maddə 319.6)

37. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

38. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (madd ə 421.1)

39. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (maddə 421.2)

40. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. (maddə 423.2)

41. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

42. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

43. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəy yənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

44. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

45. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

46. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. (maddə 462.1)

47. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsasl ı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)

48. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

49. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2) “İpoteka haqqında” Qanun

50. Borclu əsas öhdəl iyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)

51. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

52. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

53. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1).

54. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ya ipoteka qoya nla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükdə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (maddə 59.3) Mülki Prossesual Məcəllə

55. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

56. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

57. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

58. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

59. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

60. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğvi üçün qanuni əsas ola bilməz.

63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-461/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar