Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-77/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasın ın Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4921/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzası na məhkum olunmuş, cəzasının qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanmasına hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 iyun 2017-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2017-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin olunması qərara alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qərarları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmünün verilmiş apellyasiya şikay ətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmış, zərərçəkmiş şəxs X5 məhkum İddiaçı qarşı verdiyi "maddi və mənəvi ziyana görə pulun tutulması, evdən çıxarılma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilərək həmin iddia ərizəsinin zərərçəkmiş şəxsə qaytarılması qərara alınmış, X7 Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə birinci instansiya məhkəməsinə mülki iddia vermək hüququ izah olunmuşdur.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı və bununla əlaqədar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı barəsində cinayət təqibinə CPM-in 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraətverici əsasla xitam verilmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərardadı ilə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 9, 11 saylı fərdi yaşayış evinin darvaza və qapılarına vurulmuş qıfılın sındırılmasının İddiaçı və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı, X1, qızları X2, oğulları X6, onlara məxsus əşyaları və ev heyvanları ilə birlikdə X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç. Mustafayev küçəsi, 11 (Ç.Mustafayev küçəsi, döngə 9, ev 19) saylı fərdi yaşayış evindən çıxarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı cinayətin törədi lməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqinin, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi və s. hökm edilmişdir.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci i l tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı “qanunsuz cinayət məsuliyyətinə cəlb olunması nəticəsində dəymiş 78 678 manat mənəvi ziyanın ödənilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, məbləğ 3000 manat müəyyən edilmişdir.
14. Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişd ir ki, İddiaçı barəsində hər hansı hökm və ya məhkəmə qərarı Bakı şəhər Probasiya İdarəsinə daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyinə görə, ona və ailə üzvlərinə dəymiş maddi zərərin əvəzi olaraq 78.678 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Məmmədov X4 Rafiq Vaqif oğlunun və onun nümayəndəsi X8 şikayətinə əsasən iki dəfə qanunsuz cinayət məsuliyyətinə cəlb edilmişdir. İlk dəfə X5 şikayətinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə görə cinayə t məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsi ilə bəraətverici əsaslarla xitam verilmişdir. İkinci dəfə X5 nümayəndəsi X8 şikayətinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə barəsində verilmiş bəraət hökmü qüvvədə saxlanılmışdır. X5 və nümayəndəsi X8 şikayətinə əsasən iki dəfə qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsinə görə ona, iki azyaşlı uşaqlarına və faktiki nikahda olduğu həyat yoldaşı X3 maddi zərər dəymişdir və bu ziyanın əvəzi ödənilməlidir. Cinayət məsuliyyətinə cəlb edi ldiyi üçün həm o, həm də ailə üzvləri aylarla ruhi-əsəb sarsıntısı və stress keçirmişlər. Həyat yoldaşı və uşaqları iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyinə görə gözü yaşlı qalmışlar, onların çəkdiyi əzablar iddiaçıya da çox pis təsir etmişdir, günlərlə yuxusuz qalmışdır, hətta düşdüyü depressiyaya görə işləyə bilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən hesab edir ki, onun iki dəfə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ödənilməli olan zərərin əvəzi müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır: 1) İlk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir, 1 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur; 2) İki nci dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin maddələr üzrə müvafiq olaraq 3 ilədək və 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yəni üst-üstə 8 ilədək həbs edilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Bu təhlükə real olmuşdur, o, polisdə saxlanılmışdır, azadlığı qanunsuz məhdudlaşdırılmışdır, faktiki olaraq məhkəmə hökmü olmadan həbsdə yatmışdır; 3) Ölkə üzrə 2021-ci il üzrə orta aylıq əmək haqqının 728 manat 50 qəpik olmasını nəzərə alaraq, onun həbs təhlükəsi yaşadığı müddətlərin yuxarı həddi nəzərə alınmaqla ödənilməli olan kompensasiya miqdarı hesablansa, bu, ədalətli olar və onun və ailə üzvlərinin qarşılaşdığı görülməmiş qanunsuzluqlar qarşısında çəkdiyi əzab-əziyyətin bir qədər xəfifləməsinə kömək edə bilər. İddiaçı ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 8.742 manat (12 ay azadlıqdan məhrum etmə təhlükəsi olmasına görə, aylıq 728 manat 50 qəpik, 12 aya vuraraq hesablanmışdır), ikinci dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 69.936 manat (verilmiş ittihamla cəmi 8 il azadlıqdan məhrum etmə nəzərdə tutulduğuna görə), ümumilikdə 78.678 manat ziyan dəymişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdehin, habelə məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri isə məhkəmə iclaslarında iştirak etməmişlər.
18. Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Abidova Günay) xx.xx.2024-cü il tarixli, 2(006)-2010/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2 dəfə qanunsuz cinayət təqibinə məruz qalması nəticəsində real olaraq 9 il ərzində azadlıqdan məhrum edilmə təhlükəsi olduğuna görə, ona həmin müddət üçün orta aylıq əmək haqqı - cəmi 78 678 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı həmin vaxt rəsmi iş yerinin və VÖEN-nin olmadığını, fərdi qaydada usta kimi fəaliyyət göstərdiyini bildirmiş, məhkəmələrə gediş-gəlişlə, həmçinin, ərizələr, şikayətlər və müxtəlif qurumlara müraciətlər yazdırmaqla əlaqədar da xərclər çəkdiyini, özünün və ailəsinin maddi zərər gördüyünü iddia etmiş, lakin tələb etdiyi kimi həmin vaxt orta aylıq əmək haqqı həddində qazanc əldə etməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı ona elan edilən ittihamlar üzrə ən ağır sanksiyaları toplayıb həmin müddət üçün maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də, bu tələb ağlabatan olmamaqla yanaşı, hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərə rin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün o lmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçının ailə üzvlərinə dəymiş maddi ziyanla bağlı tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, onun həmin tələbə həm də subyektiv hüququ yoxdur.
20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1 096, 1097, 1100, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56, 57.1 və 58-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün təfsir etmədiyini irəli sürmüşdür.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasi ya instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(103)-4921/2024 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.Ə.Mərdanova və M.A.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinc instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbinin qismən təmin edilməsi, maddi ziyanın əvəzi qismində 478.8 manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, qeyd etmişdir ki, məhkəmə iddiaçının tələbini rədd edərkən, onun bununla bağlı (əmək haqqı, məhkəmələrə gediş-gəlişlə, həmçinin ərizələr, şikayətlər və müxtəlif qurumlara müraciətlər yazdırmaqla əlaqədar xərclər, başqa gəlirlərin itirilməsi və sair) hər hansı sübut təqdim edə bilmədiyinə əsaslansa da, hamıya bəlli olan halların və ya faktların sübuta ehtiyacı olmadığını nəzərdən qaçırmışdır.
25. İddiaçının Bakı şəhərinin Xəzər rayonu ərazisində qeydiyyatda olmaqla orada yaşadığı və həmin rayon məhkəməsində, eləcə də Bakı Apellyasiya və Ali Məhkəmədə keçirilən məhkəmə proseslərinə, habelə müvafiq cinayət işləri üzrə istintaq orqanına gedib-gəldiyi işin mübahisələndirilməyən halları olduğu üçün kollegiya hesab edir ki, onun ən azından nəqliyyata (yola) xərc çəkdiyi sübuta ehtiyacı olmayan hal kimi qəbul edilməli, çəkdiyi həmin xərcin məbləği ilə bağlı sübut təqdim etmədiyindən bu məbləğ ağlabatan mühakimə ə sasında hesablanmalıdır.
26. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Xəzər Rayon Məhkəməsində, eləcə də Bakı Apellyasiya və Ali Məhkəmədə keçirilən məhkəmə proseslərinə, habelə müvafiq cinayət işləri üzrə istintaq orqanına gedib-gəlməsinə görə iddiaçının çəkdiyi nəqliyyat xərclərinin (avtobus, metro, digər ictimai nəqliyyat növləri üçün) 400 manat məbləğində müəyyənləşdirilməsi və bu məbləğin ona ödənilməsi ədalət, insaf və mənəviyyat tələblərinə uyğundur.
28. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən, cinayət işlərinə baxılarkən onun müxtəlif orqanlara (şəxslərə) çoxsaylı şikayətlər (teleqramlar) ünvanladığı, həmin şikayətlərin göndərilməsi üçün poçt xidmətinə ümumilikdə 78,08 manat ödədiyi aydın olur; kollegiyanın qənaətinə görə həmin məbləğ də maddi ziyanın əvəzi qismində ona ödənilməlidir.
29. İddiaçı daha artıq maddi ziyana məruz qaldığını iddia etsə də, o, bununla bağlı mötəbər sübut təqdim etməmişdir; hansı ki, məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, habelə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 68.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1101.1, 1101.2, Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkə məsinin 2(103)-4921/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, yenidən baxılması üçün apellyasiya instansiyasına geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki dəfə qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsinə görə ona, iki azyaşlı uşaqlarına və faktiki nikahda olduğu həyat yoldaşı X3 maddi zərər dəymişdir və bu ziyanın əvəzi ödənilməlidir. Cinayət məsuliyyətinə cəlb edildiyi üçün həm o, həm də ailə üzvləri aylarla ruhi-əsəb sarsıntısı və stress keçirmişlər. Həyat yoldaşı və uşaqları iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyinə görə gözü yaşlı qalmışlar, onların çəkdiyi əzablar iddiaçıya da çox pis təsir etmişdir, günlərlə yuxusuz qalmışdır, hətta düşdüyü depressiyaya görə işləyə b ilməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, onun iki dəfə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ödənilməli olan zərərin əvəzi müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır: 1) İlk dəfə Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir, 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur; 2) İkinci dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cümaddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin maddələr üzrə müvafiq olaraq 3 ilədək və 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Yəni üst-üstə 8 ilədək həbs edilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Bu təhlükə real olmuşdur, o, polisdə saxlanılmışdır,azadlığı qanunsuz məhdudlaşdırılmışdır, faktiki olaraq məhkəmə hökmü olmadan həbsdə yatmışdır; 3) Ölkə üzrə 2021-ciil üzrə orta aylıq əmək haqqının 728 manat 50 qəpik olmasını nəzərə alaraq, onun həbs təhlükəsi yaşadığı müddətlərin yuxarı həddi nəzərə alınmaqla ödənilməli olan kompensasiya miqdarı hesablansa, bu, ədalətli olar və onun və ailə üzvlərinin qarşılaşdığı görülməmiş qanunsuzluqlar qarşısında çəkdiyi əzab-əziyyətin bir qədər xəfifləməsinə kömək edə bilər. İddiaçı ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 8.742 manat (12 ay azadlıqdan məhrumetmə təhlükəsi olmasına görə,aylıq 728 manat 50 qəpik, 12 aya vuraraq hesablanmışdır), ikinci dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 69.936 manat (verilmiş ittihamla cəmi 8 il azadlıqdan məhrumetmə nəzərdə tutulduğuna görə), ümumilikdə 78.678 manat ziyan dəymişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, həmçinin birinci instansiya məhkəməsinin qərarından verilən apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən baxmalıdır.
33. Hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə də əsaslı deyil, Bakı Apellyasiya Məhkəməsinin qismən təmin etdiyi maddi ziyanın əvəzi qismində 478.8 (dörd yüz yetmiş səkkizmanat 8 qəpik) manat çox azdır.
34. Məhkəmənin mülki işi hərtərəfli araşdırmaması və məsələyə hüquqi qiymət vermədən təqdim edilmiş sübutları nəzərə almaması ədalət mühakiməsinin təməli olan "həqiqətin ortaya çıxarılması" prinsipinə zidd ir. Həqiqətin ortaya çıxması üçün məhkəmə təqdim olunan sübutları araşdırmalı və sübutları nəzərə almaqla əsaslı və qanuni qətnamə qəbul etməlidir.
35. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 88 və 217.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçü n çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
40. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
41. Maddə
1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə q anuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
42. Maddə
4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqda rda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
43. Maddə
5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
44. Maddə
12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunver iciliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
48. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyas iya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səla hiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2024-cü il tarixli 2(103)-4921/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.