Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-774/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-774/22 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 15 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı “təbii qazdan qanunsuz istifadəyə görə zərərin əvəzinin və təbii qazdan istifadəyə görə borcun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3038/2021 nömrəli, 24.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2017-ci il tarixli, “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 03/3066 nömrəli müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Abonentin təbii qazdan qanunsuz qoşulması ilə bağlı bir neçə akt tərtib edilmiş və borc hesablanmışdır. İddiaçı təşkilat həmin borcun tutulması ilə bağlı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni isti fadəyə görə hesablanmış 8036.40 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8066.40 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 29.09.2016-cı il tarixdən 29.06.2018-ci il tarixədək tərtib olunmuş aktlarla, 3E ödəniş ödəniş proqramı (GASREP) və AGİS programına əsasən, abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə ödənilməmiş ümumilikdə 4034.40 manat məbləğində borcu olmuşdur. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşul maqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, 29.03.2019-cu il tarixdən 05.04.2020-ci il tarixədək cəmi 2874,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İstehlakçı tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar da nəzərə alınmaqla cavabdehin İddiaçı İB-yə ümumilikdə 8036.40 manat məbləğində ödənilməmiş borcu qalmaqdadır. (Aktlar üzrə borc 2874,60 + əvvəlki borc 4034.40 azn + mexaniki qaz sayğacının üzərindəki göstərici üzrə borc 86 7,60 + limiti keçdiyinə görə borc 259,80 = 8036.40 manat).
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2433/2020 nömrəli, 29.10.2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 1127.40 (bir min yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə iclasında iddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə və qaz sayğacına qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir.
6. Bununla belə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh təbii qazdan istifadə etməsi ilə əlaqədar yaranan 1127.40 manat məbləğində borcunu ödəməmişdir.
7. İddiaçı “Azəriqaz İB” həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3038/2021 nömrəli, 02.04.2021-ci tarixli qərardadı ilə məhkəmə-texniki ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1558 saylı, 16.06.2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacda kənar qoşulma halı aşkar edilməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 2(103)-3038/2021 nömr əli, 24.09.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “Azəriqaz İB” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2433/2020 nömrəli, 29.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə əsasən, cavabdeh tərəfindən sayğaca müdaxilə halı aşkar edilmədiyindən, eyni zamanda sayğaca müdaxilə ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən sayğaca müdaxilə edilməsi halı öz təsdiqini tapmamışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düz gün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
13. İddiaçı İB qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı İB kassasiya şikayəti verərək qətnamənin tam və ya qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və iddia tələbinin təmin edilməyən hissədə də təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən iddiaçıya dəymiş ziyan tam, obyektiv və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. “Qaz təchizatı haqqında” Qanun: 16. 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 17. 3.4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət ak tla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 18. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə. 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
23. Maddə. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
34. İddiaçı kassasiya şikayətində məhkəmələrin sübutları düzgün tədqiq etməməsinə istinad etmiş olsa da, kassasiyanın dəlilləri məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki halları ilə öz təsdiqi tapmamışdır.
35. M ülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Hazırki halda, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız qismən sübut edə bilmişdir ki, məhkəmələr də iddianı yalnız sübut olunmuş həcmdə təmin etmişdir.
36. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini tam həcmdə yerinə yetirməmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
39. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz İB”-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3038/2021 nömrəli, 24.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova