Məhkəmə qərarları › İş №2(102)-7900/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7900/2019

11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7900/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli 2(103)7825/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş 2(006)-801/2019) İddiaçı Cavabdeh ASC-yə qarşı girov predmetinin satışının qanunsuz hesab edilərək geri qaytarı lması tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 29 iyul 2012-ci il tarixdə Cavabdeh ASC-nin Lənkəran filialından 5000 manat məbləğində kredit götürmüş və kreditin təminatı kimi özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoymuşdur. Girov qoyulmuş qızıl-zinət əşyaları 5000 manat dəyərində qiymətləndirilmişdir. 2012-ci ilin oktyabr ayında İddiaçı tərəfindən kreditin ödənilməsi təmin olunmadığından girov predmeti olan qızıl-zinət əşyaları satılmışdır. 2018-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək girov qoyduğu qızıl-zinət əşyalarının dəyərindən qat-qat aşağı qiymətləndirilərək oktyabr ayının kreditini vaxtında ödəmədiyi üçün satılmasını əsas göstərməklə qızıl-zinət əşyalarının girovun predmeti kimi satılmasının qanunsuz hesab edilməsi və geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək girovun predmetinə məhkəmədən kənar qaydada tutmanın yönəldilməsi barədə notariatda təsdiq olunmuş yazılı razılaşmanın olmamasına görə girovun predmetinin satılmasının qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul e dilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında 29 iyul 2012-ci il tarixli kredit müqaviləsi 1 il müddətin ə bağlanmış, girovun predmeti olan qızıl-zinət əşyalarının satışı həmin ilin oktyabr ayından sonra həyata keçirilmiş, satışın qanunsuz hesab edilməsinə dair iddia ərizəsi isə İddiaçı tərəfindən məhkəməyə 2018-ci ilin oktyabr ayında, yəni müqavilənin müddətinin bitdiyi vaxtdan 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İşdən görünür ki, iddiaçıya girov qoyduğu əşyaların kreditin ödənilməməsi səbəbindən satılması 2012-ci ilin sonunda məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddiaçı isə pozulmuş hesab etdiyi hüququnun müdafiəsi üçün qanunda müəyyən olunmuş üç illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş üzrə cavabdehin nümayəndəsi isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir. Göstərilənlərlə əlaqədar birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi səbəbindən iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Kollegiya işin yuxarıda göstərilən halların a və qanunun tələbinə əsasən iddianın rədd olunmasını əsaslı sayır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar