Məhkəmə qərarları › İş №2(102)-803/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-803/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-803/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehlərin vəkili x7nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 oktyabr 2019-cu il tarixli qərardadından cavabdehlər x2, x3, x4 və x5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(011)-198/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim İ.Abbasova) ilk iddia ərizəsi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər R.Eyvazov (sədrlik edən, məruzəçi), F.Talışinski və Z.Əliyev, 2(103)-12943/2019 saylı mülki iş) hazırki iş üzrə iddiaçı x1-nin cavabdeh x2 və qeyrilərinə qarşı «kredit borcun ödənilməsi» tələbinə dair ilk, həmçinin x2nun və qeyrilərinin cavabdeh x1-yə qarşı «aylıq faizlərin qanunsuz hesab edilməsi və yenidən hesablanması, zaminlik və ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(011)-198/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlərin nümayəndəsi qismində x7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçı x1 cavabdehlər x2, x3, x4, x5 və x6 qarşı «kredit borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Həmçinin, x2 və qeyriləri cavabdeh x1-yə qarşı «aylıq faizlərin qanunsuz hesab edilməsi və yenidən hesablanması, zaminlik və ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər x2, x3, x4 və x5 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qərardad ın ləğv edilməsini, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili x7 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və y eri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətini ilk iddia üzrə cavabdehlərin nümayəndəsi qismində x7 imzalamış, lakin ilk iddia üzrə cavabdeh x6 tərəfindən ona bu səlahiyyətin verilməsini əks etdirən müvafiq etibarnamə iş materiallarına əlavə edilməmişdir. İşdə ilk iddia üzrə digər cavabdehlər tərəfindən x7 səlahiyyətlərin verilməsini əks etdirən etibarnamə (səh. 48) mövcud olsa da, həmin etibarnamədən x6 tərəfindən x7 səlahiyyətlərin verilməsi görünmür. Apellyasiya şikayətində isə şikayət verən şəxslərin adları konkret olaraq qeyd edilməmiş, şikayətin ümumilikdə ilk iddia üzrə cavabdehlərin adından verildiyi göstərilmişdir. x6 isə ilk iddia üzrə cavabdehlərdəndir. Göründüyü kimi, apellyasiya şikayəti forma və məzmuna da uyğun tərtib olunmamışdır. Halbuki, MPM-nin 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndəsi və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 74.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi,.... məhkəmə aktından şikayət verilməsi …. ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 363.1.1-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdırsa, geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki ha llara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər x2, x3, x4 və x5 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 04 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar