Məhkəmə qərarları › İş №2(102)-8202/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8202/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8202/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-3019/2019 saylı iş üzrə qəbul etdiyi 29 may 2019-cu il tarixli qətnaməsi ilə “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir (hakim Fərid Hətəmzadə). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ş.Məhərrəmova, hakimlər M.Məmmədov və E.Şamayev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-3019/2019 saylı iş üzrə qəbul etdiyi 29 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1064 ABŞ dolları ə sas borcun, kredit müqaviləsi üzrə 30.10.2018-ci il tarixinə qədər hesablanmış 1357 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 145 ABŞ dolları faiz borcunun, cəmi 2566 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, hazırki iş üzrə qətnamə çıxararkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş işə iddiaçıya münasibətdə birtərəfli, qərəzli, qeyri-obyektiv baxılmış, əsassız və qanuna zidd qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə etiraz edilərək bildirilmişdir ki, 08.02.2019-cu il tarixli iddia ərizəsi 09.02.2019-cu il tarixdə dövlət poçt orqanına təhvil verilmiş və iddia müddəti ötürülməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11.09.2019-cu il tarixli 2(103)-10340/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11.09.2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin d əlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 11 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli mə hkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 10 fevral 2015-ci il tarixli, İKM 01 saylı İstehlak Krediti Müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC (borcverən) arasında borcluya illik 29% dərəcəsi olmaqla, 12 ay müddətinə 1300 ABŞ dolları məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Cavabdeh2 ilə bağlanmış 10.02.2015-ci il tarixli zəmanət müqaviləsinə əsasən sonuncu bank qarşısında borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar tam məsuliyyət daşıyır. İddiaçı tərəfindən tərtib olunmuş 02.11.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka 30.10.2018- ci il tarixinə olan əsas borcu 1064 ABŞ dolları, müqavilənin bitdiyi 10.02.2016-cı il tarixinə faiz borcu 244 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 145 ABŞ dolları faiz borcu təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları əsasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 10.02.2016-cı il tarixdə bitmiş, iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 12.02.2019-ci il tarixdə müraciət etmiş, həmçinin iş materiallarında 10.02.2016-cı il tarixdən sonra cavabdehin borcu etiraf edən hərəkətlərə yol verdiyi müəyyən edilməmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin baxışı zamanı mübahisəyə 3 illik iddia müddətinin tətbiq olunması barədə ərizə verərək bildirmişdir ki, iddiaçı ona qarşı borcun tutulması ba rədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində iddiaçının nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə etiraz edildiyini, iddia ərizəsinin 09.02.2019-cu il tarixdə dövlət poçt orqanına təhvil verildiyini bildirdiyinə əsaslanaraq iddia müddətinin ötürülmədiyini bildirir. Halbuki, 29 may 2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi həmin məhkəmə iclasında iştirak etmiş, iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməmiş, iddia müddətinin ötürülmədiyini təsdiq edən sənədləri təqdim etmək üçün və ya həmin halları dəqiqləşdirmək üçün əlavə vaxt verilməsini məhkəmədən xahiş etməmiş, bir sözlə, bu məsələ ilə əlaqədar konkret mövqe ifadə etməmişdir. İddiaçının nümayəndəsinin həmin məhkəmə iclasında izahatı iddianın təmin edilməsi barədə xahişdən ibarət olmuşdur. Məhkəmə iclas protokollarında tərəflərin izahatları öz əksini tapmış, protokola hər hansı qeyd verilməmişdir. Belə olan halda məhkəmə iclas protokollarının mötəbərliyi formal mülahizələr əsasında şübhə altına alına bilməz. Apellyasiya şikayətinə əlavə edilmiş poçt qəbzinə və xəbərnaməyə münasibətdə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, MPM-in 371-ci maddəsinə müvafiq olaraq isə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhk əməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı yeni sübutların birinci instansiya məhkəməsinə təqdim etməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, ümumiyyətlə həmin sübutları birinci instansiya məhkəməsinə təqdim etməyə cəhd etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək h üququ vardı (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neç ə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləyə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Bununla yanaşı, Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimovun və qeyrilərinin şikayəti” ilə əla qədar 30.06.2005-ci il tarixli, “R.Salamovun şikayəti” ilə əlaqədar 30.10.2007-ci il tarixli, “V.Ozerovun şikayəti” üzrə 15.04.2011-ci il tarixli və s. qərarları). Konstitusiya Məhkəməsi “E.Həkimovun şikayəti üzrə” 03.11.2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. “L.Binnətovanın şikayəti üzrə” 08.05.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin q anuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının iddia müddətinin ötürülməməsi barədə kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq iş materiallarına əsasən qeyd edir ki, icra müddəti 10 fevral 2016-cı il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdehə qarşı həmin öhdəliklər üzrə iddia 12 fevral 2019-cu il tarixdə, yəni, müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. Məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 11 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar