Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-824/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması 24.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7001/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki iddiaçı X4 ilə Cavabdeh arasında 02.11.2016-cı il tarixdə Bakı şəhər 51 saylı Notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 Cavabdeh 50000 (əlli min) manat məbləğində borc pul vermiş, cavabdeh isə krediti 02.11.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirdilər.
2. X4 26.12.2018-ci il tarixdə vəfat etmişdir.
3. Qanun üzrə vərəsəlik hüququ haqqında 17.09.2019-cu il tarixli şəhadətnaməyə əsasən 26.12.2018-ci il tarixdə ölmüş X2 vərəsəsi İddiaçıdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır.
4. X4 ilə Cavabdeh arasında 02.10.2018-ci il tarixli Üzləşmə sənədinə əsasən Cavabdeh 50000 manat borcdan 7800 manat borcu qaldığı qeyd edilərək imzal anmışdır.
5. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/88 nömrəli, 19.02.2021ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 2(011)-133/2021 saylı mülki işin materiallarında X2 və Cavabdeh adlarından olan olan 02 oktyabr 2018-ci il tarixli üzləşmə sənədinin aşağı hissəsində “X” yazılarının qarşısındakı imza X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı – Cavabdehə borc kimi verilmiş 50000 (əlli min) manat məbləğində pulun, 7500 (yeddi min beş yüz) manat faizin, məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın, ümumilikdə 57530 (əlli yeddi min beş yüz otuz) manat məbləğində pulun Cavabdeh tulularaq iddiaçıya ödənilmə si barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum X1 ilə Cavabdeh arasında 02 noyabr 2016-cı il tarixli Kredit Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən mərhum əri cavabdehə 50000 (əlli min) manat məbləğində pul borc vermiş, cavabdeh isə həmin borc pulu 02.11.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, həmin məbləği qaytarmamışdır. X1 26.12.2018-ci il tarixdə vəfat etmişdir. 17 sentyabr 2019-cu il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən iddiaçı ərinin vərəsəsidir. Tərəfindən 31 yanvar 2020-ci il tarixli Bildirişlə cavabdehə müraciət edilərək, mərhum əri tərəfindən Cavabdeh borc kimi verilmiş 50000 (əlli min) man at məbləğində pulun bütünlüklə 05 (beş) gün ərzində iddiaçıya ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) 2(011)-133/2021 saylı 31.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə 50.000 (əlli min) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində, cəmi 50.030 (əlli min otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödəniməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiy i qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı mərhum X1nun qanun üzrə vərəsəsi hesab edilərək, ondan miras əmlakı qəbul etmiş, bununla da miras qoyan X1nun əmlakı hesab edilən və borc (kredit) kimi verilmiş pulu tələb etmək hüququ yaranmışdır.
10. Həmçinin məhkəmə qeyd etmişdir ki, X3 müqavilə əsasında kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş və öz öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
11. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 7500 manat faizi cavabdehdən tələb etdiyi halda, cavabdehin kredit borcu üzrə pul vəsai tindən istifadəyə görə gəlir, artım, bəhər, törəmə əldə etməsi halını sübut etməli olduğu halda, iddiaçı tərəfindən qeyd edilən halları sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 152.3, 385.1, 442, 443.1, 449.1, 739.1, 739.2, 740, 1151.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7001/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı və Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(010)133/2021 saylı 31.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üz rə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.
22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
23. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (maddə 152.3)
24. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
25. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
26. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1)
27. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
28. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2)
29. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (maddə 740.1)
30. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (maddə 740.2) Mülki Prossesual Məcəllə
31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikay ətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7001/2021 nömrəl i iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.