Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8276/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2(105)-2974/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Quba rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov, iş № 2(027)-1260/2018) İddiaçı1 qızının Cavabdeh1 qarşı alimentin miqdarının artırılması və əlavə xərcin tutulması tələbinə dair iddiası qismən təmin edilərək Quba rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli 2(027)-425/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış, 15.02.2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 aprel 2018-ci il tarixdən Cavabdeh1 hər ay 154 manat sabit pul məbləğində alimentin və 15.02.2007-ci il tarixdə doğulmuş X3 müalicəsi bitənədək hər ay 50 manat əlavə xərcin alınaraq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Məmmədov, L.M.Məmmədova və S.A.Qafari) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon məhkəməsinin 22 may 2018-ci il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 15 fevral 2007-ci il tarixdə Aysu adında uşaqları olmuşdur. Quba rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 23 iyun 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, 15 fevral 2007-ci il tarixdə anadan olmuş X3 anası X1 yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay sabit məbləğdə 117 manat aliment alınaraq X4 verilməsi, alimentin tutulmağa başlanması vaxtının 22 fevral 2017-ci il tarixdən hesablanması qət edilmişdir. 2018-ci ilin aprel ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən hər ay uşağa görə 154 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi tam bitənədək hər ay 100 manat məbləğində əlavə xərcin ödənilməsinə cəlb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək maddi vəziyyətinin çətin olması səbəbindən alimenti ödəmək imkanına malik olmamasını əsas göstərməklə qətnamənin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq ca vabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini xahiş edərkən qət olunmuş 154 manat məbləğində alimenti və əlavə xərcləri ödəməyə maddi imkanının olmamasını əsas göstərmişdir. Aliment ödəməyə borclu olan şəxsin maddi imkanının olmaması onu aliment ödəmək vəzifəsindən azad etmədiyindən, eləcə də cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşaqların hər il artırılan yaşayış minimumundan xeyli aşağı olduğundan, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmiş və bu zaman Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad etmişdir. Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan normalar və Ailə Məcəlləsinin 75 və 78-ci maddələri uşaqların saxlanılmasını və onların təlabatının təmin olunmasını valideynlərin vəzifəsi kimi müəyyən etdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Ailə Məcəlləsinin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ai lə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə əlaqədar iddia tələbində göstərilən əsas Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən olunmuş əsaslara uyğun olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini həmin hissədə təmin etməkdə də məhkəmə haqlı olmuşdur. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası qətnaməni qanuni sayır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8276/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8276/2019
26.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver