Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-839/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, iddia müddəti ötüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2854/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətl ərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 LPO İddiaçı1 ASC-nin xeyrinə 2305.36 manat əsas, 1593.36 manat faiz, 1052.84 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən 346.56 manat faiz borcu olmaqla, cəmi 5298.12 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2012-cü il tarixli, 2236 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 26 faiz olmaq şərtilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə müvafiq olaraq zaminlər borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni mə suliyyəti daşıyırlar. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 yanvar 2021ci il tarixli 2(021)-330/2021 nömrəli qətnaməsi ilə (hakim – Qamət Əbilov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 2305.36 manat əsas, 1593.36 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 3998.72 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı LPO İddiaçı1 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, 24.09.2012-cü il tarixli, 2236 saylı Kredit Müqaviləsinə əsasən İddiaçı1 ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24% olmaqla 3000 manat məbəğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. İş üzrə İddiaçı1 ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh1 müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin müəyyən olundu ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə 24.09.2012-cü il tarixli 2236\Z saylı zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsində qeyd olunmuşdur ki, zamin 24.09.2012-cü il tarixli 2236 saylı kredit müqaviləsi üzrə öhdəlik götürür. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və LPO İddiaçı1 ASC-nin ləğvedicisi ƏMF-nun cavabdehlərə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd ed ir ki, Cavabdeh1 36 ay müddətinə kredit verilmişdir. 24.09.2012-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2012cü il tarixli 2236 saylı Kredit Müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 477.0.4-ci madəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş tələbetmə müddətini itirmişdir. Odur ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit m üqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının 1052.84 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 100 manat mə bləğində pulun tutulması ədalətlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən 346.56 manat faiz borcu tələbi hissəsində də rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarına əsasən, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata ke çirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Məhk əmə hesab edir ki, cavabdehin öhdəliyin icrasını gecikdirməsinə görə iddiaçıya dəymiş zərərin (əldən çıxmış fayda) qiymətləndirilməsi məhkəmə tərəfindən iddiaçının verdiyi məlumatlar əsasında həyata keçirilir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Hazırkı işdən isə görünür ki, iddiaçı bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə biləcəyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Bi rinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 448.1, 449.1, 462.1, 465.2, 467, 470.1, 477.0.4. 739.1, 739.2, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov- sədrlik edən və məruzəçi, Ədil Məmmədov, Şamil Rzaquliyev) 2(104)-2854/2021 saylı, 02 sentyabr 2021ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(021)-330/2021 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh1 mə hkəmə baxışı onun iştirakı olmadan keçirilməsi barədə dəlilləri əsaslıdır, həqiqətən də işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 iştirakı təmin edilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinə məhkəmədə baxıb qərar qəbul edərkən, Cavabdeh1 məhkəmədə iştirakının təmin edilməsi üçün ona işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq etməmiş və işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir. Belə ki, iş materiallarında işin məhkəmə baxışının 29.01.2021-ci il tarixə təyin edilməsi barədə məhkəmə bildirişi olsa da, həmin bildirişin Cavabdeh1 çatdırılmasına dair heç bir sübut (poçt xəbərnaməsi) işə əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası MPM-nin 185.2-ci maddəsinin tələblərini po zaraq, işi təxirə salıb cavabdehin məhkəmədə iştirakının təmin edilməsi üçün ona işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq etməmiş və işə baxaraq, tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipi və məhkəmə baxışının ümumi müddəalarına əməl etməmişdir ki, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Qeyd edilən hallar isə MPM-nin 387.2 və 387.2.2-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsinə əsas verir. Ona görə də, Bərdə Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 2(021)-330/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasına təqdim edilmiş hesabdan çıxarışdan görü nür ki, 24.09.2012-ci il tarixli, 2236 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən sonuncu ödəniş 02.10.2015-ci il tarixdə ödənilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, hazırkı tələbə iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya bununla bağlı əvvəla onu qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 iştirakı təmin edilmədiyinə görə sonuncu iddia müddətinin tətbiqi barədə ərizəni hazırkı apellyasiya baxışında verə bilər. İddia müddətinin tətbiqinə gəlincə isə, tərəflər arasında kredit müqaviləsi 24.09.2012-ci il tarixdə bağlanılmaqla, müqavilənin müddəti 36 ay müəyyən edilmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 02.10.2015-ci il tarixdə ödənilmiş və bundan 5 il sonra 23.10.2020-ci i l tarixdə iddiaçı Fond borcun tutulması tələbinə dair iddia qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası MM-nin 372.3-cü maddəsi ilə müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddəti 3 il müəyyənləşdirilmişdir. Göründüyü kimi, İddiaçı1 ASC tərəfindən Cavabdeh1 kredit verilməsi ilə bağlı 24.09.2012-ci il tarixli, 2236 saylı kredit müqaviləsinin müddətinin 24.09.2015-ci il tarixdə bitməsi, bundan sonra isə 02.10.2015-ci il tarixdə cavabdehin borcun ödənilməsi ilə bağlı etirafedici hərəkəti ilə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsinə və bununla da iddia müddətinin axımının başlamasına baxmayaraq, iddiaçı Bank cavabdehin yaranmış borcunun ödənilməsi üçün qanunla müəyyən olunmuş müddət ərzində iddia qaldırmamış və yalnız 23.10.2020-ci il tarixdə h azırkı iddia ilə məhkəməyə müraciət etməklə, əsas tələb üzrə iddia müddətini ötürmüşdür. Ona görə də, apellyasiya şikayəti təmin edilməli və Bərdə Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 2(021)-330/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gönd ərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin rədd edilməsi düzgün deyil. Çünki hakim işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Belə ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Lakin o, məhkəmə baxışında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh tərəfindən apelyasiya məhkəməsinə təqdim olunan iddia müddətinin tətbiq olunmasına dair ərizə məhkəmə tərəfindən qəbul edilməməli idi. Apelyasiya məhkəməsi iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulubpozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqav iləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə isə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Apelyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə iclasını təyin edərkən qanunvericiliyin tələb etdiyi qaydada məhkəmə bildirişlərini cavabdehin qeydiyyatda olduğu ünvana göndərmişdir. İş materiallarından göründüyü kimi və həmçinin cavabdehin məhkəmə iclasında izahatında qeyd etdiyi kimi hazırlıq iclasının təyin olunması haqqında bildiriş cavabdehə çatdırılmış və cavabdeh hazırlıq iclasında iştirak etmişdir. Bunun əsasında belə nəticəyə gəlmək mümkündür ki, əgər hazırlıq iclasının təyin olunması haqqında bildiriş barədə cavabdehin məlumatı olubsa, 02.09.2021-ci il tarixli məhkəmə iclasının keçirilməsi barədə də məlumatı olmuşdur. Belə ki, bütün bildirişlər cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Qeyd edilən bildirişlərdən birinin cavabdehə çatması, digərinin çatmaması isə ağlabatan deyildir. Həmçinin əgər cavabdeh ünvanını dəyişmişdirsə belə, mülki iş üzrə hazırlıq iclasında iştirak etdiyinə görə bu barədə Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinin tələblərinə görə məhkəməyə məlumat verməli idi. Məhkəmə qeyd olunan halları düzgün qiymətləndirməmiş və nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh apelyasiya şi kayətində qeyd etmişdir ki, məhkəmə iclasının vaxtı barədə məlumatlansa da, səhhətinin ağır olması səbəbindən təyin edilən iclasda iştirak edə bilməmiş və bu barədə məhkəməyə məlumat verə bilməmişdir. Bu səbəbdən iş üzrə mühasibatlıq ekspertizası keçirilməsi barədə məhkəməyə vəsatət verə bilməmişdir. Cavabdehin özünün imzaladığı apelyasiya şikayətindən də göründüyü kimi məhkəmə iclasının vaxtı barədə o, məlumatlı olmuşdur. Həmçinin cavabdeh apelyasiya şikayətində yalnız kredit müqaviləsi üzrə borc məbləğinin yüksək olmasını qeyd etmiş və məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq borc məbləğinin aşağı salınmasını xahiş etmişdir. Yəni cavabdeh apelyasiya şikayətində belə iddia müddətinin ötürülməsi ilə bağlı heç bir fikir bildirməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konsti tusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq əd alət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 3 75.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Mə hkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzr ə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq kasasiya şikayətinin iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətinin öyrənilməməsi ilə bağlı dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası tərəfindən yekun məhkəmə aktı qəbul edilən zaman iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, apelyasiya şikayətinə etiraz etmiş, apelyasiya kollegiyasına hesabdan çıxarış təqdim edib cavabdeh tərəfindən sonuncu dəfə 02.10.2015-ci ildə ödəniş edilməsini göstərmişdir. Kasasiya şikayətinin cavabdehin məhkəmə hazırlıq iclasında iştirak etməsi ilə bağlı dəlilli üzrə qeyd edilməlidir ki, kasasiya yoxlamas ı nəticəsində Cavabdeh1 hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmış olsa da, cavabdehin məhkəmə hazırlıq iclasında iştirak etməsi iş materialları ilə müəyyən edilməmişdir. Əksinə, iş materiallarından müəyyən edilmişdir ki, iki dəfə məhkəmə baxışı iclası keçirilmiş və sonuncu məhkəmə iclasında yekun məhkəmə aktı qəbul edilmişdir ki, həmin iclasların vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi çatdırılmamış və ya cavabdehin iclaslar barədə məlumatlı olmasının məhkəməyə məlum olmasını təsdiq edən hər hansı sübut əldə edilməmişdir. Qanunvericilikdə isə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin yekun məhkəmə aktı çıxarılanadək təqdim edilmə imkanı nəzərdə tutulmuşdur ki, bu hal da o demək deyildir ki, hazırlıq iclasından başqa digər məhkəmə iclasları barədə məlumatlı olmamış şəxs mütləq məhkəmə hazırlıq iclasında iştirak edib həmin ərizəni təqdim etməli idi. Əgər o, bunu etməmişdirsə, sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmayıbsa belə, həmin hüququnu artıq itirmiş hesab olunmalı və bundan sonra bu əsasla onun apelyasiya məhkəməsində həmin hüquqdan istifadə hüququ məhdudlaşdırılmalıdır. Daha sonra kasasiya şikayətinin cavabdehin apelyasiya şikayətində iddia müddətinin tətbiq edilməsinə münasibət bildirməməsi ilə bağlı dəlili üzrə qeyd edilməlidir ki, cavabdehin apelyasiya şikayətində iddia müddəti ilə hər hansı hal göstərməsi qanunvericiliklə zəruri hal kimi müəyyən edilməmiş, yalnız qanunvericilikdə iddia müddətinin tətbiq edilməsi üçün yazılı ərizə təqdim edilməli olması göstərilmişdir ki, cavabdeh də apelyasiya şika yətindən sonra bu barədə ayrıca tərtib etmiş olduğu ərizəni apelyasiya kollegiyasına təqdim etmişdir. Beləliklə, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin keçirmiş olduğu məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmadığından apelyasiya kollegiyasının onun apelyasiya kollegiyasına ünvanlandığı müddətinin tətbiq edilməsinə dair ərizəni qəbul edib həmin ərizəyə əsasən iddia tələbini rədd etməkdə haqlı olmuş, bu zaman hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Belə olan halda kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2854/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.