Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-853/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr, real zərər; geriyə tələb (reqres) hüququ; əmək münasibətlərindən irəli gələn mübahisələr, işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mül ki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1534/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 20 aprel 2021-ci il tarixində İddiaçı ilə əmək müqaviləsi bağlamış və “yükdaşıyan sürücü” vəzifəsinə işə qəbul olunmuşdur.
2. İşəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında 20 aprel 2021-ci il tarixində “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır.
3. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 5 yanvar 2021-ci il tarixində 1 nömrəli “nəqliyyat xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Müqavilənin predmetini daşımaların planlaşdırılması və həyata keçirilməsi, avtomobil nəqliyyatı kommunikasiyası ilə yüklərin daşınması ilə bağlı sair nəqliyyat xidmətlərinin göstərilməsi zamanı sifarişçi və icraçı arasında yaranan qarşılıqlı münasibətlərin qaydası təşkil etmişdir. 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şirkətinə məxsus malların İddiaçı işçisi, yəni yükdaşıyan sürücüsü Cavabdeh tərəfindən İran İslam Respublikasından Rusiya Federasiyasına daşınması zamanı mallar məhv olmuş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17842 (on yeddi min, səkkiz yüz qırx iki) ABŞ dolları maddi ziyanın, işə baxılması ilə əlaq ədar məhkəmənin hesabına ödənilən 210 (iki yüz on) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “DAF” markalı yük dartıcı və **ZA-*** dövlət nömrə nişanlı qoşqusu ilə Rusiya Federasiyasının Moskva şəhərinə apardığı kənd təsərrüfatı məhsullarını 6 may 2021-ci il tarixində sifarişçi tərəfə təhvil verərkən məlum olmuşdur ki, onun soyuducunu işlətməməsi səbəbindən həmin məhsullar tam yararsız hala düşmüş, bununla da müəssisəyə 17842 (on yeddi min səkkiz yüz qırx iki) ABŞ dolları məbləğində ziyan dəymişdir. Cavabdeh zərəri ödəyəcəyinə söz versə də, artıq 2 aydan çox vaxt keçmiş və ziyanı ödəməmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izaha t vermiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbi ilə bağlı sübutları akt, malın sahibi tərəfindən tərtib olunmuş pretenziya, cavabdehin özünün əməlini etiraf etməsi barədə izahatıdır. Cavabdehin özünün etiraf edici izahatı var ki, soyuducuya baxmalıdır. Sürücülər adətən soyuducunu söndürürlər ki, yanacağa qənaət edib daha sonra yanacağı satsınlar. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli pretenziyasının və ona əlavə olunmuş "xxxx" MMCnin “Survey” (araşdırma) hesabatının rus dilində olan əsillərini və həmin sənədlərin Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edilmiş surətlərini, bundan başqa nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini, həmçinin fotoşəkillərin surətlərini təqdim etmişdir. Həmin fotoşəkillərdə xarab olmuş məhsulların t əsvirləri əks olunub.
8. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı nəqliyyat şirkəti kimi icraçıdır, "xxxx" MMC isə sifarişçidir. Onların arasında 5 yanvar 2021ci il tarixində 1 il müddətinə nəqliyyat xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılıb. Müqavilənin adından da göründüyü kimi, iddiaçı "xxxx" MMC-yə nəqliyyat xidməti göstərir, "xxxx" MMC də sifariş edir ki, mal Moskva şəhərinə “Food City” bazarına çatdırılsın. Müqavilənin 5-ci bəndində iddiaların təqdim olunması qaydası müəyyən olunub. Orada qeyd olunur ki, əgər sifarişçi "xxxx" MMC-yə təhvil verilmiş mal yararsız vəziyyətdə olarsa, 5-7 gün ərzində icraçı tərəfindən sifarişçiyə ziyanın ödənilməsi haqqında iddia göndərilir, 30 gün müddətində icraçı həmin iddiaya münasibət bildirməli, ya ziyanı sifarişçiyə ödəməlidir ya ödəməkdən imtina etməlidir. Bu məsələ may ayında olub, yəni qeyd olunan müqavilənin qüvvədə olduğu zamanda. "xxxx" MMC iddianı MMC-yə göndərib və ziyan məbləği 17842 ABŞ dolları hesablanıb, 6 may 2021-ci il tarixində iddia tərtib olunub. Ziyan aktını "xxxx" MMC Moskvada tərtib edib, aktın tərtibində cavabdeh özü də iştirak edib. "xxxx" MMC müəyyən edib ki, göndərilən mal, yəni avtomaşına yüklənmiş yük aşağıdakılardan ibarət olub:- “romanov” salatı – “brutto” çəkisi 6900 kq, “netto” çəkisi 6350 kq; “kərəvəz sapı” – “brutto” çəkisi 1700 kq, “netto” çəkisi 1600 kq; “kəvər soğanı” – “brutto” çəkisi 1400 kq, “netto” çəkisi 1300 kq.
9. Həmin məhsulların ümumi dəyəri hesablanıb və 17000 ABŞ edib. Gömrük xərcləri 1162 ABŞ dolları, zibilin utilizasiyası isə 6 80 ABŞ dolları məbləğində müəyyən edilib. Malın satılması mümkün olmuşdur. Mal 100 ABŞ dollarına satılmışdır. Məktubda qeyd olunub ki, iddiaçı "xxxx" MMC-yə 17842 ABŞ dolları ziyan vurub və 30 iş günü ərzində maddi ziyan ödənilməsi xahiş olunub. Müqavilədə həmçinin qeyd olunub ki, tərəflərin aralarındakı münasibətlər Rusiya Federasiyasının qanunları ilə nizamlanır. Əslində iddiaçı cavabdehə qarşı reqres qaydasında iddia ərizəsi verməlidir. Əvvəlcə iddiaçı ziyanı "xxxx" MMC-yə ödəməlidir. Pulun ödənilməsinə dair isə heç bir sənəd, məhkəmə çəkişməsi yoxdur. Sənədlərdə qeyd olunur ki, cavabdeh özü də etiraf edib ki, malı aparıb sağlam vəziyyətdə Eşqin adlı şəxsə təhvil verib. O, "xxxx" MMC-nin baş direktorudur. Bu mal bazara həqiqətən daxil olub. Eşqin mala baxış keçirib, müəyyən edib ki, mal da korlanma var. İddiaçı reqres iddia hüququ qaydasında iddia verilməli idi. İddiaçının hazırda tələb etdiyi məbləğ "xxxx" MMC-nin iddiaçıdan tələb etdiyi məbləğdir. Ziyan "xxxx" MMC-yə dəyib. İddiaçı ziyanı ödəyib cavabdehə qarşı reqres iddia qaldırmalı idi. Hazırda iddiaçının cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.
10. Şahid izahatında göstərmişdir ki, 2013-cü ildən cavabdeh MMC-də xətt nəzarətçisi işləyir. Vəzifəsi yükdaşımada gələn maşınları qarşılamaq, onları təyinatı üzrə göndərmək, yükünü vermək, maliyyədən başqa bütün prosedurları həyata keçirməkdir. Cavabdehin məsələsi ilə bağlı məlumatı var. Cavabdeh həmin dövrdə bunu təkzib etmirdi. Təxminən 2020-2021-ci illərdə 3-4 avtomaşını İran Respublikasına göndərmişlər ki, gedib yük vurub gəlsinlər. Müxtəlif yüklər v ar idi. Cavabdeh də kələm yükləmişdi, qarışıq mal idi. Xaçmaza gələndə cavabdehin yük maşınına yanacaq doldurmuş, Rusiya Federasiyasına yola salmışdır. Bundan 3-4 gün sonra yükün sahibi onlara zəng etmişdir ki, mal gəlib, xarab vəziyyətdədir. O, cavabdehlə əlaqə saxlamış, nə baş verdiyini soruşmuşdur. Cavabdeh and içmişdir ki, heç nə etməyib. Malın sahibi avtomaşınlara “şpion” adlanan cihaz yerləşdirir, həmin cihazla avtomaşının soyuducusunun saniyəsinədək nə vaxt söndürüldüyünü bilmək olur. Sürücülər guya yanacağa qənaət edirlər. Belə ki, bu son dövrlərdə yaranmış dəbdir. Sonra isə həmin yanacağı satırlar. Bu məsələ ekspertizaya göndərilmişdir. Sonra cavabdeh bildirmişdir ki, Dağıstan Respublikası ərazisində bəzi sürücülər deyib ki, yanacağa qənaət et, sonra satarsan, problem olmayacaq. C avabdeh isə onların ağlına uyub soyuducunu söndürmüş, məhsulu da məhv etmişdir. Cavabdeh bundan sonra 1,5 il şirkətdə işləmiş və söz vermişdir ki, işlədikcə bu məbləği də ödəyər. 56 ay bundan əvvəl gecə saat 4-5 radələrində ona vatsap vasitəsilə mesaj atmışdır ki, maşını yanacaqdoldurma məntəqəsinin yanında qoyub özü isə çıxıb gedib. Avtomaşın da yüklə dolu idi. Avtomaşının açarları üstündə olmaqla, qapısı açıq və yüklü vəziyyətdə olmuşdur. Onlar isə bu barədə akt tərtib etmişlər.
11. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 aprel 2023-cü il tarixli 2(067)-318/2023 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi təmin edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı ilə əm ək müqaviləsi bağlayaraq, həmin şirkətdə sürücü vəzifəsinə təyin edilmişdir. Gördüyü iş yük daşıma ilə bağlı olduğundan, onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh tam maddi məsuliyyət haqqında müqaviləni və iş materiallarında təhlil olunan iltizamları imza etməklə, əmək prosesi zamanı üzərinə düşən maddi məsuliyyəti qəbul etməsinə baxmayaraq, onun "xxxx" MMC şirkətinə məxsus malları İran İslam Respublikasından Rusiya Federasiyasına daşıyarkən üzərinə düşən əmək funksiyalarını kobudcasına pozması, konkret halda isə soyuducunu bir neçə dəfə söndürməsi daşıdığı malları yararsız hala salınmasına səbəb olmuşdur. Bununla da, malların mülkiyyətçisi "xxxx" MMC-yə maddi zərər yetirmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehin İran İslam Respublikasından Rusiya Feder asiyasına daşıdığı mallar iddiaçıya məxsus olmasa da, həmin mallara görə iddiaçı "xxxx" MMC qarşısında 5 yanvar 2021-ci il tarixli nəqliyyat xidmətlərinin göstərilməsi üzrə 1 № müqaviləyə əsasən məsuliyyəti üzərinə götürmüşdür. Daha sonrakı sənədləşmələrdən də görünür ki "xxxx" MMC malların yararsız halda çatdırılmasına görə MMC-yə iddia göndərmiş və 17842 ABŞ dollar pulun ödənilməsini xahiş etmişdir. Nəticədə tərəflərin razılığına əsasən vurulan ziyan həcmində yaranmış borca qarşılıqlı hesablaşma aparılmışdır.
14. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı hesablaşma hüquqi termin olmasa da, onu nəzərdə tutur ki, bu cür hesablaşma nəticəsində sözü gedən borc artıq iddiaçıya aid olunur. Ona görə də, hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququ mövcuddur.
15. Birinci instansiya məhkəməs i hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 199, 200, 201-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından aşkar şəkildə görünür ki, tərəflər arasındakı münasibət yükdaşıma münasibətidir, həmçinin tərəflər arasında bağlanmış “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən cavabdeh ona tapşırılan yükü təyinat yerinə vaxtında və heç bir zərər yetirmədən çatdırmağı öhdəsinə götürür və daşıdığı yükə hər hansı bir zərər dəyərsə tam şəkildə məsuliyyət daşıyır. İddiaçının öhdəliyi isə daşınan yükün daşınma haqqını cavabdehə ödəməkdir. Birinci instansiya məhkəməsi tərəflər arasındakı hüquq münasibətinə işin halları ilə uyğunlaşmayan maddi hüquq normasını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən göstərilən maddi hüquq normasının tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarında olan iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “nəqliyyat xidmətlərinin göstərilməsi” müqaviləsindən görünür ki, icraçı, yəni iddiaçı nəqliyyat xidməti göstərərək, ona tapşırılan yükü təyinat yerinə vaxtında və heç bir zərər yetirmədən çatdırmağı öhdəsinə götürür və daşıdığı yükə hər hansı bir zərər dəyərsə tam şəkildə maddi məsuliyyət daşıyır, yəni sifarişçiyə dəym iş zərəri tam şəkildə ödəməyi öhdəsinə götürür. Sifarişçi "xxxx" MMC-nin öhdəliyi isə daşınan yükün daşınma haqqını icraçıya ödəməkdir. Hazırkı işin materiallarından görünür ki, nəqliyyat vasitəsində olan yük sifarişçi "xxxx" MMC-nin yüküdür, iddiaçının işi isə yalnız həmin yükü təyinat yerinə çatdırmaqdır. Yükün iddiaçıya heç bir aidiyyəti yoxdur. İşdən belə nəticəyə gəlinir ki, əgər hər hansı maddi zərər dəyirsə, bu zərər birbaşa sifarişçi "xxxx" MMC-yə dəyir və bu zərəri də nəqliyyat xidməti göstərən iddiaçı ödəməlidir. Dəymiş maddi zərər iddiaçı tərəfindən sifarişçi "xxxx" MMC-yə ödənildikdən sonra həmin zərəri cavabdehdən reqress qaydasında tələb etmək hüququ yaranır. Lakin iş materiallarında zərərin iddiaçı tərəfindən sifarişçi "xxxx" MMC-yə ödənilməsi barədə heç bir sənəd yoxdur. Be lə olan halda, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ olmamışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin bu halını nəzərə almamışdır. Məhkəmə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə səbəb olmuş halları ümumiyyətlə araşdırmamış, icra edilməməsi və ya lazımınca icra edilməməsində tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Digər tərəfdən məhkəmə işin hallarına Mülki Məcəllənin 1114.1-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Yəni tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə yük daşınması müqaviləsinin və reqres iddia hüququna dair müvafiq normaları tətbiq etməli olduğu halda bunu etməmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1534/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi) Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 859.4-cü və 1114.1-ci maddələrinə istinad etməklə öz mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir, o cümlədən şəxsin geriyə tələb hüququ o zaman yaranır ki, zərər vuran şəxsin vurduğu zərər həmin şəxs tərəfindən ödənilsin. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba istinad edərək, vurulmuş ziyan həcmində yaranmış borca görə qarşılıqlı hesablaşma aparıldığını, 17842 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənildiyini bildirmişdir.
20. Kollegiya mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün təqdim edilmiş həmin məktubu mötəbər sübut kimi qəbul etməyərək qeyd etmişdir ki, aralarında hesablaşma aparılmış həmin şəxslər müstəqil balansa malik olan hüquqi şəxslərdirlər. Əgər iddiaçı tərəfin bildirdiyi kimi istinad olunan hesablaşma bank hesabı vasitəsilə aparılmışdırsa, bunun ödəniş tapşırıqları ilə hesablaşmalara və ya ödəniş tələbnamətapşırıqları ilə hesablaşmalara aid h ansı formada aparıldığı iş materialları ilə müəyyən olunmur və bu barədə iddiaçı məhkəməyə sənəd (nağdsız hesablaşmanın aparılması üçün iddiaçı tərəfindən kağız və ya elektron daşıyıcıda verilən sərəncam, iddiaçı tərəfindən pul vəsaitinin bank hesabına mədaxil edilməsi, köçürülməsi və ya bank hesabından məxaric edilməsi, borcun əvəzləşdirilməsi barədə) təqdim edə bilməmişdir.
21. Kollegiya həmçinin qeyd etmişdir ki, nağdsız hesablaşma nağd puldan istifadə etmədən ödəniş sənədləri əsasında bank hesabları vasitəsilə həyata keçirilən ödənişdir. Nağdsız hesablaşmalar və pul köçürmələri banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır.
22. Kollegiya hesab etmişdir ki, iddiaçı cavabdehin vurduğu zərərin əvəzini ödəməsini, bununla da real olaraq o na ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Bundan başqa, iddiaçı tərəf istinad etdiyi həmin məktubun əslini və ya lazımı qaydada təsdiq edilmiş surətini də məhkəməyə təqdim etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin prosessual hüquqi əsası kimi MPM-in 14.1, 14.2, 77.1, 77.3, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq "xxxx" şirkətinin iddiaçıya göndərdiyi pretenziya və zərərin ödənilməsi barədə rəsmi məktubu sübut kimi qəbul etməmiş və bununla da iddiaçının hüquqlarını pozmuşdur. Sürücü olan cavabdeh tərəfindən vurulmuş ziyan heç bir təqsiri olmayan iddiaçının üzərində qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
28. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Əmək Məc əlləsi
29. Maddə
199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
30. Maddə 200, 1-ci hissə. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 89. yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sən əd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barəd ə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1534/2022 nömrəli mülki iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.