Məhkəmə qərarları › İş №2(102)-876/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-876/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-876/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisələr; təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4787/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 4 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı və ya Birlik) ilə istehlakçı Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə G-4T markalı, **********10000 nömrəli qaz sayğacı quraşdırılmışdır.

2. Birliyin əməkdaşları tərəfindən həmin ünvan üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 akt tərtib edilmişdir.

3. Birliyin əməkdaşları tərəfindən cavabdehə məxsus evə baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur.

4. Birlik tərəfindən həmin aktlar üzrə qaz sərfiyyatına görə ümumilikdə 8466,18 manat ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8.466,18 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2.775,70 manat və 123,73 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11.365,61 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Birliyin işçiləri tərəfindən cavabdehə məxsus evdə quraşdırılmış qaz sayğacına baxış ke çirilərkən sayğaca özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmış, bununla əlaqədar 8466,18 manat ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh təbii qazdan istifadə etmiş, lakin istifadə edilmiş təbii qazın dəyərini ödəməmiş, 2775,70 manat borcu qalmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1610/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia qismən təmin edilərək, cavabdehdən 2177.28 manat dəymiş zərər, 2775.70 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 4.952,98 manat məbləğində borc və 69,52 manat dövlət rüsumu, ümumilikdə 5.022,50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının bank hesabına ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məh kəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli ******* saylı aktdan öncəki aktlar əsasında dəymiş zərər üzrə tələb (3 illik tələbetmə müddəti ötüb) öz qüvvəsini itirmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Tələbetmə müddəti ötürülməmiş 2020-ci il ərzində tərtib olunmuş aktlar üzrə dəymiş zərərə görə hazırkı cavabdeh - Cavabdeh məsuliyyət daşımır, çünki 2020-ci il ərzində tərtib olunmuş aktlar ünvan 2 ünvanında yaşayan istehlakçı Raziyə Abas qızının adına tərtib olunmuşdur.

9. Məhkəmə həmçinin xx.xx.2022-ci il tarixli ******* saylı aktla bağlı qeyd etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2022 -ci il tarixli ******* saylı aktdan öncəki və sonrakı aktlar əsasında hesablanmış məbləğlərin cavabdehdən tutulması əsassızdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 551.2.1, 560.1, 560.2, 560.3.5.2-cimaddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat 11.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

12. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni i stifadə edilməsi, bununla da iddiaçıya ziyan vurulması faktı, həm tərtib edilmiş aktlarla, şəkillərlə, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Aktların bəzilərinin Raziyə Abas qızının adına tərtib olunması ilə bağlı qeyd edilməlidir ki, qeyd olunan ünvanda istehlakçı kimi Cavabdeh qeydə alınmış və onunla xx.xx.2016-cı il tarixində qazın alqı-satqısına dair müqavilə imzalanaraq həmin ünvana **********10000 saylı istehlakçı hesabı verilmişdir. Lakin 2016-2020-ci illər ərzində **********10000 saylı istehlakçı hesabı üzrə təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edilən zaman həmin ünvanda yaşayan Raziyə Abas qızı özünü istehlakçının nümayəndəsi kimi təqdim etdiyi üçün aktlar da onun adına tərtib edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4787/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş zərər üzrə 2.177,28 manat məbləğində pulun tutularaq iddiaçının bank hesabına ödənilməsi, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qət ed ilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə və yaxud da məhkəməyə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə olmadığı, yəni cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmədiyi halda, məhkəmənin iddia müddətinin tətbiqinə əsasən borcu silməsi istisna edilir. Beləliklə qaz xəttinə qanunsuz qoşulmağa görə xx.xx.2013-cü il tarixdən xx.xx.2020ci il tarixədək tərtib edilmiş aktlar üzrə tələbetmə müddəti keçməmiş, lakin iş materiallarından göründüyü kimi qeyd olunan bu aktlar ünvan 2 ünvanına aid olsa da, Raziyə Abas qızı adında şəxsin təbii qazdan istifadə qaydalarını pozduğuna görə tərtib edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təbii qazdan qeyri-qanuni istifadə hərəkətləri şəxsi xarakter daşıyır, bununla da Raziyə Abas qızının təqsirli, qeyriqanuni hərəkətlərə yol verməsi nəticəsində dəymiş zərər üzrə yaranmış hüquqi məsuliyyət də ona aiddir. Belə olan halda adı qeyd olunan bu şəxsin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər üzrə cavabdehin məsuliyyət daşıması yolverilməzdir.

15. Kollegiya qətnamənin xx.xx.2020-ci il tarixdən sonra tərtib olunmuş aktlar ilə əlaqədar qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış zərərin tutulması hissəsində, Cavabdeh tərəfindən bu hiss ədən apelyasiya şikayəti verilmədiyindən və faktiki olaraq bununla da onun razılaşdığı ehtimal edildiyindən, birinci instansiya məhkəməsi ilə razılaşır. Kollegiya xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış pul məbləğinin tutulması hissəsində də iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli aktdan sonra bu istiqamətdə hər hansı hərəkət edilmədiyini, qanunsuz qaz xəttinə qoşulmasına səssiz qalmaqla cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq mühafizə orqanlarına müraciət edilmədiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin iddianın bu hissədə rədd edilməsi qənaəti ilə də razılaşır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaç ı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu b ərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Maddə

13. Paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

22. Bənd 5.5 Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya p aylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

23. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxə si istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 407.2. Kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

32. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İşdən görünür ki, iddia tələbi sübuta yetirilən həddə təmin edilmiş, qalan hissədə isə sübuta yetirilməməsi əsası ilə rədd edilmişdir.

36. Məhkəmə kollegiyası məhkəmələrin qeyd edilən əsasla qalan hissədə iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqeyini düzgün hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4787/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar