Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-937/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, müqavilədən imtina, yalan əqd, müqavilə üzrə ödənişlərin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5551/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, 05 saylı podrat müqaviləsinə əsasən, cavabdeh ümumi sahəsi 75,2 m2 olan 35.000 manat dəyərində mənzili 3 ay müddətində iddiaçıya təhvil verilməyi, iddiaçı isə ilkin beh kimi 2000 manat, 05 sentyabr 2019-cu il tarixdə 13.000 manat ödəməyi, qalan 20000 manatı isə 40 ay müddətində hər ay 500 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür (1.1, 3.1, 4.2, 4.3-cü bəndlər).
2. Müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi müqaviləni pozub, ödənişini geri istəyirsə mənzil satılıb ödənişləri geri qaytarılmalı, 8.4-cü bəndinə əsasən isə, sifarişçi müqaviləni pozduğu halda mənzil satılır və sifarişçinin ödənişləri geri qaytarılır.
3. İddiaçı müqavilə üzrə cavabdehə ümumilikdə 16.000 manat ödəniş etmişdir (tərəflər arasında 04 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) tərəfindən təsdiq edilmiş kredit müqaviləsi üzrə 11.000 manat, 10 sentyabr 2019-cu il tarixli qəbzə əsasən 4000 manat və 15 yanvar 2020-ci il tarixli, seriya GİF, 989615 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən 1000 manat). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.000 manat, xx.xx.2019-cu il tarixli qəbz üzrə 4000 manat, xx.xx.2020-ci il tar ixli kassa mədaxil orderi qəbzi üzrə ödənilmiş 1000 manat və əlavə olaraq tikinti işlərini tezləşdirmək məqsədilə şahidlərinin yanında almış olduğu 1000 manat olmaqla, cəmi 17.000 manat maddi ziyan və 3000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 20.000 manatın tutularaq ona ödənilməsi, ikinci cavabdeh tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli, 3M-2176 nömrə ilə qeydiyyatdan keçmiş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, birinci cavabdehə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixədək qaytarmaq şərtilə 11.000 manat borc vermiş, lakin cavabdeh borcu qaytarmamışdır və hazırda onu müəyyən vədlərlə aldatmaqda davam edir. Eyni zamanda, cavabdeh etibarından istifadə edərək Abşeron rayonu ərazisində fərdi ev tikmək məqsədilə xx.xx.2019-cu il tarixdə ondan 4000 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat almışdır. Evin tez tikilməsi üçün əlavə olaraq şahidlərinin yanında ondan iki dəfəyə 500 manat olmaqla, 1000 manat almışdır. Hazırda iddiaçı ailəsi ilə birlikdə kirayədə yaşayır, illərlə yığdığı pulları cavabdeh 2-3 ay ərzində əlindən alaraq ailəsini ağır duruma salmış və onlara maddi-mənəvi ziyan vurmuşdur.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2399/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilərək, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış və ikinci cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, birinci c avabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.000 manat, xx.xx.2019-cu il tarixli qəbz üzrə 4000 manat, xx.xx.2020-ci il tarixli GİF seriyalı 989615 nömrəli kassa mədaxil orderi qəbzi üzrə 1000 manat olmaqla, ümumilikdə 16.000 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə 11.000 manat məbləğində borc vermişdir. Bundan sonra iddiaçı cavabdehə evin tikintisi üçün əlavə 4000 manat və 1000 manat vermişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək pulu iddiaçıya qaytarmamışdır. Ona görə də, qeyd olunan hissələrdə iddia təmin edilməlidir.
8. Məh kəmə iddianın rədd olunmuş hissələrinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı tərəfindən tikinti işlərinin tezləşdirmək üçün cavabdehə 1000 manat verməsi, eyni zamanda cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin tələblər əsassız hesab edilməlidir.
9. Həmçinin, tərəflər arasında kredit müqaviləsi müddətli bağlandığından və həmin müddət xx.xx.2019-cu il tarixdə bitdiyindən, müddətin keçməsi ilə əlaqədar müqavilə avtomatik ləğv edilmiş, geriyə tərəflərin müqavilə üzrə öhdəlikləri qalmışdır. Odur ki, iddia kredit müqaviləsinin ləğv edilməsi hissəsində də qanunsuz olduğundan təmin oluna bilməz.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 739.1, 740.1, 740.2, 777.1, 777.2, 783.1, 783.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Birinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında 09 avqust 2019-cu il tarixdə fərdi yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi bağlanmış və iddiaçı ilkin beh kimi ona 2000 manat vermişdir. Həmin vaxt iddiaçı notariusda kredit müqaviləsi bağlayaraq, evin tikintisi ilə bağlı verməli olduğu 11.000 manatı verməyi təklif etmiş, o da razılaşmış v ə xx.xx.2019-cu il tarixdə aralarında kredit müqaviləsi bağlanmış, lakin həmin məbləğ ona təqdim edilməmiş, eləcə də ona verilməsi ilə bağlı notarius bankda depozit hesabı açmamışdır. Bir neçə gün keçdikdən sonra iddiaçı ona 2000 manat da vermişdir. İlkin beh kimi 2000 manat və sonradan verdiyi 2000 manat pula görə xx.xx.2019-cu il tarixli qəbz yazıb vermiş, bundan sonra iddiaçının sifariş etdiyi fərdi yaşayış evini tikməyə başlamışdır. 2 ay müddətində həmin evi tikib, içərisində tamamlama işləri aparıb, iddiaçıya təhvil vermişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə evin tikintisi ilə bağlı qalan 20.000 manat puldan 1000 manat ödəsə də, qalan aylıq ödənişləri etməkdən və sifariş etdiyi evdən imtina edərək, evin tikintisi ilə bağlı verdiyi 16.000 manatı qaytarmağını tələb etmişdir. Ona aralar ında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq sifarişi ilə tikdiyi fərdi yaşayış evi satıldıqdan sonra pulunun qaytarılacağını bildirmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq, pulunun dərhal verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə qətnamə qəbul edərkən podrat müqaviləsinin 4.1 və 8.4-cü bəndlərini nəzərə almamış, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verməmişdir.
13. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında, apellyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, həqiqətən cavabdehlə aralarında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. İddia ərizəsini vəkil tərtib etmiş, ola bilsin ki, müəyyən məsələlər düzgün qeyd o lunmamışdır. Kredit müqaviləsi üzrə cavabdehə verdiyi 11.000 manat borc kimi deyil, podrat müqaviləsi üzrə verilmişdir. Müqavilə üzrə öhdəliyini yerinə yetirərək, cavabdehə 16.000 manat vermiş, sonuncu isə müqavilə üzrə ona evi 3 ay müddətində tam olaraq təhvil verməli olduğu halda öhdəliyini yerinə yetirməmiş, ona evi verməmişdir. Buna görə də, aylıq ödənişləri dayandırmışdır. Hazırda ailəsi ilə birlikdə kirayələrdə qalmışdır. Cavabdeh isə artıq neçə ildir ki, pulunu qaytarmır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5551/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və N.Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, birinci cavabdehdən iddiaçının xeyrinə 16.000 manat və 24 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 16024 manatın tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixə kimi iddiaçı tərəfindən cavabdehə 15000 manat ödənilmiş, lakin cavabdehin 3 ay ərzində, yəni xx.xx.2019-cu il tarixdə mənzili tam olaraq iddiaçıya təhvil verməklə bağlı öhdəliyini icra etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən qalıq 20.000 manatdan xx.xx.2020-ci il tarixdə hər ay üçün 500 manat olmaqla 1000 manat ödəniş olmuşdur. Göründüyü kimi, iddiaçı podrat müqaviləsi üzrə öhdəliyinin bir hissəsini vicdanlılığın tələb etdiyi tərzdə icra etsə də, cavabdeh evin təhvil verilməsi öhdəliyini icra etmədiyindən, iddiaçı aylıq 500 manat ödənişlərdən 1000 manat ödədikdən sonra, öhdəliyinin icrasını dayandırmışdır. Belə olan halda, podrat müqaviləsi üzrə öhdəlik podratçı olan cavabdehin hərəkətsizliyi nəticəsində yerinə yetirilmədiyindən, iddiaçı müqavilə üzrə etdiyi ödənişləri ona dəymiş zərər qismində tələb etməkdə haqlıdır.
16. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, apellyasiya mərhələsində cavabdehin nümayəndəsi və vəkilinə təklif olunmuşdur ki, iddiaçıya özlərinin apellyasiya şikayətinin dəlilində qeyd etdikləri mənzili təklif etsinlər. Lakin verilmiş vaxt ərzində cavabdeh tərəfindən iddiaçıya hər hansı mənzil təklif olunmamış, nümayəndəsi və vəkili məhkəmə iclası ilə bağlı xəbərdar olmasına baxmayaraq, növbəti məhkəmə iclasına gəlməmişdir. Qeyd olunanlar bir daha təsdiq edir ki, podrat müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.1 və 8.4-cü bəndlərində nəzərdə tutulmuş qayda (mənzilin satılaraq iddiaçının pulunun qaytarılması) isə müqavilənin sifarişçi tərəfindən pozulduğu hallar üçün nəzərdə tutulduğundan müqaviləni pozan tərəf kimi cavabdehin həmin şərtlərə istinadı əsaslı hesab edilə bilməz.
17. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinə münasibətdə vurğulamışdır ki, həmin müqavilə üzrə ödənilmiş 11.000 manatın podrat müqaviləsi üzrə ödənilmiş məbləğ olduğunu hər iki tərəf etiraf etmişdir. İddiaçı cavabdehə borc məqsədi ilə pul ver məmişdir. Belə olan halda, bu müqavilə tərəflər arasında bağlanmış podrat müqaviləsini pərdələməklə, yalan əqddir.
18. İddianı rədd olunan hissələrinə münasibətdə isə Məhkəmə qeyd etmişdir ki, iddiaçı tikintini tezləşdirmək üçün cavabdehə 1000 manat verməsini, eyni zamanda cavabdehlərin hərəkətləri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, bunların nədə ifadə olunmasını, vurulan mənəvi ziyana görə maddi təzminatın 3000 manat miqdarında hesablanmasını təsdiq edən sübutları təqdim etməmişdir. İkinci cavabdeh tərəflər arasında bağlanmış podrat müqaviləsinin tərəfi olmadığından ona qarşı iddia əsassızıdır.
19. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 21.1, 21.2, 324.1, 324.4, 337.1-337.3, 340.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 445, 448.1, 752.1, 759.2-ci və MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Birinci cavabdeh (vəkil Cavabdeh1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
21. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 770-ci maddəsinin tələblərini pozmuş, iddiaçının sifariş etdiyi fərdi yaşayış evini cavabdehin xx.xx.2019-ci il tarixli podrat müqaviləsində nəzərdə tutulmuş vaxtda, yəni xx.xx.2019-cu il tarixə kimi tam tikib ona təhvil verməsinə, cavabdehin həmin sifarişlə bağlı heç bir qüsura yol verməməsinə və müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməsinə, iddiaçı nın evin tikintisi ilə bağlı qalan pulu ödəməkdən və sifariş etdiyi evdən imtina edərək, evin tikintisi ilə bağlı verdiyi 16.000 manat pulu cavabdehin qaytarmasını tələb etməsinə, aralarında bağlanmış podrat müqaviləsinin 4.1 və 8.4-cü bəndlərinə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsində qeyd olunan əsaslardan çıxış etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xey rinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
27. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.
28. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
29. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
30. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
31. Maddə
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlilləri əsasən iddiaya etirazın dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5551/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.