Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-942/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdeh x2 və cavabdehin vəkili İsmayılova Elmira Fətulla qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə ( sədrlik edən hakim S.Miriyeva) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), F.Talışinski və R.Eyvazov, 2(103)-12047/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3012/2019 saylı iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, xx.xx.2005-ci ildə doğulmuş x3 və xx.xx.2006-cı ildə doğulmuş x4 saxlanılması üçün x2ndan tutulan alimentin məbləği artırılaraq, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, x2ndan hər ay sabit pul məbləğində tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) x1 verilməsi, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı x1, cavabdeh x2 uşaqları x3 və x4 saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq, hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh x2 və cavabdehin vəkili İsmayılova Elmira Fətulla qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli, 2(010)-1674/2014 saylı qətnaməsi ilə, tərəflər arasındakı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqları 02.08.2005-ci il təvəllüdlü x3 və 09.08.2006-cı il təvəllüdlü x4 x1nın yanında qalması, uşaqların saxlanılması üçün hər ay, hər uşağa görə 105 manat alimentin x2 tutulması qət edilmişdir. İddiaçı bildirmişdir ki, uşaqların saxlanması üçün artan tələbat Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği ilə ödənilə bilmir, ona görə də, birinci instansiya məhkəməsinə müraciət edərək, alimentin artırılmaqla hər uşaq üçün 160 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin məbləği nin artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmə nin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi qaydasını nəzərdə tutmuşdur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırkı işdə müəyyən edilmişdir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı hər ay hər uşaq üçün 105 manatdır. Lakin uşaqların yaşayış minimumu sonrakı illər ərzində artırılmış və “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşay ış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması tələbi əsaslıdır. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin alimentin artırılmasına dair iddianı rədd etməsini qanunsuz və əsassız hesab etməklə, iddiaçının xeyrinə hər ay tutulan aliment məbləğinin hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 25 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-942/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-942/2020
12.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver