Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-956/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh x2nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 noyabr 2017-ci il, 2(103)2643/2018 saylı tarixli qətnaməsi ilə (hakim X.Cəmilova) iddia qismən təmin edilərək, x2dan və x3 90 FA *** dövlət nömrə nişanlı “Volkswagen Touareg” markalı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği olaraq 19790 manat və ödənilmiş 30 manat dövlət rüsumunun x1nun xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2643/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Cəmilova, A.Hüseynov və İ.Xəlilov) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-9786/2017 saylı 14 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək, cavabdehlər x2 və x3 dəymiş zərərə görə tutulmalı olan məbləğin 12069 manat müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri qismində 50 manatın cavabdeh x2dan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməsi, cavabdeh x2 tərəfindən ödə nilmiş 15,40 manat məbləğində dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2643/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3na qarşı, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə və “Yaqub” firması olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakına dəymiş zərərin əvəzi olaraq 22790 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, “Yaqub” firmasının qanunsuz olaraq, sığorta olunmayan və sürücülük hüququ olmayan şəxslər vasitəsi ilə sərnişin daşınmasını həyata keçirdiyinə görə marşrut xəttinin ləğv olunması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin rəhbərliyinə təqdimat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2643/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məs ələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, x3 avtobusu müvafiq “D” kateqoriyası olmadan idarə edərək A.Cəlilov küçəsində manevr qaydalarını pozaraq qarşı zolağa çıxmış və Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törədərək x1na məxsus “Volkswagen Touareg” markalı avtomaşına maddi ziyan vurmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli 3(011)-688/2017 saylı qərarına əsasən x3 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. “H.Z.Tağıyev adına xüsusi kiçik müəssisənin nəzdində olan avtoservis” tərəfindən 04.08.2017-ci il tarixdə verilmiş qüsur aktından görünür ki, 90 FA *** dövlət nömrə nişanlı “Volkswagen Touareg” markalı avtomaşına ümumilikdə 19790 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi x4 tərəfindən 20.1.2015-ci il tarixdə verilmiş məktubdan görünür ki, sərnişin daşımanın təşkili 32 saylı marşrut xəttində “Yaqub” firmasına 30.10.2015-ci il tarixdən müvəqqəti həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AB 731719 nömrəl i nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 10 TG *** dövlət nömrə nişanlı “Daewoo BS090” avtobus markalı avtomaşın x2nın mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AB 547266 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90 FA *** dövlət nömrə nişanlı “Volkswagen Touareg” markalı avtomaşın x1nun mülkiyyətindədir. İşdən göründüyü kimi qeyd edilən yol nəqliyyat hadisəsinin törədilməsində x3nun təqsirli olması inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla da təsdiq olunmuşdur. Göründüyü kimi, 10 TG *** dövlət nömrə nişanlı “Daewoo BS090” avtobus markalı avtomaşın x2nın mülkiyyətində olsa da, hadisə baş verən zaman x3nun qanunsuz istifadəsində olduğundan x2n ın hazırkı iddiaya cavab verməli olan şəxs hesab edilərək ona münasibətdə də iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məs uliyyəti daşıyır (maddə 1096). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnam ə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsi tələbinin təmin edildiyi halda cavabdehi n üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi törədilmiş delikt nəticəsində iddiaçıya zərər vurulduğu və həmin zərərin cavabdeh x2 tərəfindən iddiaçıya ödənilməli olduğu barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehin kassasiya şikayətində göstərdiyi «hadisəni törətmiş şəxs olan x3nun yüksək təhlükə mənbəyini hansı əsaslarla idarə etməsinin müəyyən edilməməsi, yüksək təhlükə mənbəyinin sahibi kimi həmin mənbənin x2nın sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olmasının müəyyən edilməməsi» barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmi n dəlillər bu barədə cavabdeh tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən təmin oluna bilməz. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan ekspert rəyindən müəyyən olunur ki, 2008-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, 90 FA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12069 manat təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dəymiş zərərin həcmi məhz ekspertiza rəyində qeyd edilən məbləğ əsasında müəyyənləşdirilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğund an, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-956/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-956/2019
07.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver