Məhkəmə qərarları › İş №2(102)-967/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-967/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-967/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul öhdəliyi, mövcud borcun etirafı haqqında müqavilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6161/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Borcalan qismində Cavabdeh (bundan sonra – cavabdeh) ilə borcverən qismində İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma protokoluna əsasən iddiaçı cavabdehə 14226 manat məbləğində borc vermiş, cavabdeh borcu hər ay 500 manat olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

2. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya borcdan 450 manat ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13776 manat məbləğində əsas borc, müqavilə bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 829,85 manat və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 135,17 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdən vergi ödəyicisi olan fiziki şəxs (VÖEN **********) kimi qeydiyyatdan keçərək çörək sexi işlədir. Cavabdeh 2014-2022-ci illərdə özünə məxsus olan avtomobillə özünün tanıdığı və işlədiyi müvafiq mağazalara çörək daşımış və nəticədə ona 14226 manat borcu yaranmışdır. Aralarında xx.xx.2022-ci il tarixdə razılaşma protokolu tərtib olunmasına baxmayaraq, cavabdeh öhdəliyini icra etməmiş və ona dəfələrlə borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məlumat verilsə də, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır.

5. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini və borcunun olduğunu etiraf edərək bildirmiş və qeyd etmişdir ki, həmin borcundan 450 manat ödəniş etmiş, birdəfəlik ödəniş etmək imkanı yoxdur, borcu hissə-hissə ödəyə bilər.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3026/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia təmin edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1, 425.1, 442, 448.1, 739.1, 739.2, 740.2, 882.1, 882.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğ v edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ancaq iddiaçının bildirdiyi və təqdim etdiyi sübutlara qiymət vermiş, işin həqiqi hallarını araşdırmamışdır. İddiaçı özü də etiraf edir ki, cavabdehi qeyri-rəsmi olaraq işlətmiş, onun əməyini istismar etmiş, lakin ona əmək haqqı verməmişdir. İddiaçı tərəfindən cavabdehin əməyi 8 il boyu istismar edilmişdir. Cavabdeh işlədiyi müddətdə iddiaçı tərəfindən ona cəmi 2 il müddətində benzin pulu verilmiş, qalan 6 il müddətinə isə benzin pulu verilməmiş, aralarında olan razılaşma üzrə götürdüyü öhdəlikləri pozmuşdur. 6 il müddətinə ödənilməli olan benzin pulunun məbləği isə 14440 manat təşkil edir. Cavabdeh bu ahıl yaşında maddi imkansızl ıq ucbatından gecələr gözətçilik edir, ailəsini saxlayır, başqa dolanacaq yeri və köməyi yoxdur. Özünü və ailəsini dolandırmağa belə aylıq maaşı kifayət etmir. Hesab edir ki, iddiaçı tərəfindən belə bir vəziyyətdə olan şəxsi olmayan borcla yükləmək ən azından vicdana sığmayan məsələdir. Bu kimi vacib məqamlar birinci instansiya məhkəməsində nəzərə alınmamış və araşdırılmamışdır. Məhkəmə iddiaçının tələb etdiyi əsas borcun yaranma səbəbini araşdırmadan, hesablanmış penyanı da təsdiq etmişdir. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında heç vaxt borc münasibətləri yaranmamışdır. Məhkəmədə cavabdehin iddiaçıya borcu olduğu müəyyən edilsə də, həmin borcun nə qədər olması araşdırılmamışdır. Belə ki, cavabdeh məhkəmədə verdiyi şifahi izahatda iddiaçıya qarşı borcu olduğunu, həmin bordan ya lnız 450 manat ödədiyini bildirsə də, məhkəmə tərəfindən həmin borc məbləğinin nə qədər olduğu araşdırılmamışdır. Cavabdeh borcun etirafı haqqında razılaşma protokolunu imzalayan zaman, orda ümumi məbləğ qeyd edilməmişdir. Borcun məbləği sonradan iddiaçı tərəfindən real məbləğdən dəfələrlə çox göstərilmiş və məhkəmə tərəfindən təmin edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6161/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Kamran Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış v ə apellyasiya şikayətinin iddia ərizəsi ilə eyni məzmun daşıyan dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, tərəflər arasında olan mülki münasibətləri tənzimləyən razılaşma protokolunun etibarsızlığı ilə bağlı hər hansı sübut təqdim edilməmiş, razılaşma protokolu məhkəmə qaydasında etibarsız hesab edilməmiş, protokolun tərəflərin imzası ilə təsdiq edilməsinə şübhə yaradacaq hər hansı hal mövcud deyildir. Eyni zamanda razılaşma protokolu cavabdehin “yazılanları oxudum, öz imzamla təsdiq edirəm” əlyazma qeydi ilə imza edilmişdir. Həmçinin, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Hazırkı halda cavabdeh tərəfin iddianı qəbul etməsi ilə bağlı şübhəli vəziyyət mövcud deyildir. E yni zamanda cavabdeh tərəfindən edilmiş 22 may 2023-cü il tarixli ödəmə razılaşma protokolundan irəli gələn öhdəliklə bağlı olmuşdur.

12. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında izahatında iddia tələbini qəbul etdiyini və borcunun olduğunu etiraf etmişdir. Borcundan 450 manat ödəniş etdiyini, birdəfəlik ödəniş etmək imkanın olmadığınından, borcu hissəhissə ödəyə biləcəyini bildirmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 386.1, 425.1, 442, 448.1, 739.1, 739.2, 740.2, 882.1 və 882.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yen i qərar qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmadan qətnamə qəbul etmiş, nəticədə prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində bir dəfə məhkəmə iclası keçirilmişdir ki, həmin məhkəmə iclasında üzrlü səbəbdən (cərrahi əməliyyat olunduğu üçün) iştirak edə bilməyəcəyi üçün iclasın təxirə salınması ilə bağlı ərizə vermişdir. Lakin apellyasiya instansiyası tərəfindən hüquqların məhkəmə iclasında müdafiəsi üçün zəruri şərait yaradılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir

21. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məs ələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən ətraflı qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

32. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasının təxirə salınması barədə ərizə göndərsə də, bunun üzürlü səbəblərlə bağlı olduğu barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə koll egiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6161/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar