Məhkəmə qərarları › İş №2(103)-100/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-100/2021

05.02.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-100/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “X4 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı ASC-nin nümayəndəsi X2, cavabdehin vəkili (nümayəndəsi) Vəkil və apellyasiya baxışı zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı ASC, Bakı şəhəri, Yasamal rayonu, X6 Massivi ünvanında onun tərəfindən inşa edilmiş bina 1, blok 1, mərtəbə 15-də yerləşən 141 nömrəli mənzilə dair onunla cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 3463 saylı “xxxx” ləğv edilməsi, həmin mənzilin boşaldılaraq ona (ASC-yə) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh iddia ərizəsində qeyd edilən mənzili almaq üçün iddiaçı ASC-yə müraciət etmiş, bununla bağlı aralarında razılıq əldə olunduqdan sonra xx.xx.2007-ci il tarixli, 3463 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə (satıcı) ASC həmin mənzili (alıcı) cavabdehə satmağı, cavabdeh isə mənzilin dəyərini – 116.992,5 manatı müqavilə ilə müəyyən edilmiş qaydada, yəni 180 ay ərzində hissə-hissə, ayda 649,96 manat olmaqla ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, binanın, o cümlədən mənzilin inşasını başa çatdıraraq mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, mənzilin dəyərini razılaşdırılmış qaydada, yəni hissə-hissə ASC-yə ödəməmiş, müqavilənin şərtini əhəmiyyətli dərəcədə pozmuşdur. ASC öhdəliyin icrasını cavabdehdən yazılı qaydada tələb etsə də, cavabdeh öhdəliyi icra etməmişdir. Odur ki, ASC, onunla cavabdeh arasında bağlanmış müqavilənin 2.2.4-cü bəndinə əsaslanaraq hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Rayon Məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, müqavilə üzrə cavabdeh özündə olan və “xxxx” ASC-dən götürdüyü kredit məbləği hesabına ASC-yə ödənişlər etmiş, lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, ASC tərəfində təqdim edilmiş xx.xx.2018-ci il tarixli əsassız arayışı sübut kimi qəbul etmişdir. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını müzakirə edərək hesab etmişdir ki, hazırki apellyasiya baxışının predmetini təşkil edən mülki mübahisə gələcəkdə “xxxx” ASC-nin maraqlarına toxuna bilər və bu səbəbdən “xxxx” ASC (bundan sonra – Bank) mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bankın nümayəndəsi apellyasiya baxışı iclasında izahat verərək, mübahisənin həllini Məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və işin halları ilə bağlı qeyd etdi ki, mübahisəli mənzilin alınması məqsədi ilə Bank ilə cavabdeh arasında həqiqətən də xx.xx.2007-ci il tarixli, 283AKN/07 saylı “Kredit müqaviləsi” bağlanmışdır. xx.xx.2013-cü il tarixdə bağlanmış tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən, Bank 57.704,39 manat məbləğində pulu iddiaçı ASC-yə ödəmişdir. Buna görə də Bank tələb etmə hüququnu iddiaçı ASC-yə ötürmüşdür. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 3463 nömrəli müqavilədən görünür ki, satıcı olan ASC mübahisəli mənzili alıcı olan cavabdehə satmağı öhdəsinə götürmüş, cavabdeh isə mənzilin dəyərini – 116.992,5 manatı müqavilə ilə müəyyən edilmiş qaydada, yəni 180 ay ərzində hissə-hissə, ayda 649,96 olmaqla ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, binanın, o cümlədən mənzilin inşasını başa çatdıraraq mənzili cavabdehə təhvil vermişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iş üzrə cavabdeh iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi icra edib ya yox. İddiaçı ASC bildirir ki, cavabdeh öhdəliyi pozub. Cavabdeh isə bildirir ki, o, üzərinə götürdüyü öhdəliyi pozmayıb. İşin həlli üçün vacib olan yeganə bu halın araşdırılması ilə bağlı Məhkəmə bildirir ki, ASC ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilənin şərtləri əsas götürüldükdə müəyyən edilir ki, müqavilə bağlandıqdan sonra iddia ərizəsi Rayon Məhkəməsinə təqdim edildiyi xx.xx.2018-ci il tarixədək olan müddət (11 il, 5 ay=) 137 ay ərzində cavabdeh tərəfindən ASC-yə ayda 649,96 manat olmaqla cəmi 89.044,52 manat məbləğində pul ödənilməli idi. Məhkəmə tərəfindən hazırki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizaları nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 25287 saylı və xx.xx.2020ci il tarixli, 9/1720 saylı ekspert rəylərindən görünür ki, cavabdeh tərəfindən iddiaçı ASC-yə edilmiş ödənişlər cəmi 108.786,77 manat, ödənilməmiş qalan borc isə 8.205,73 manat məbləğindədir. Belə olan halda Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı ASC-yə edilmiş ödənişlər onlar arasında bağlanmış müqavilə ilə razılaşdırılmış müddətin xeyli qabaqlanması ilə həyata keçirilmişdir. Başqa sözlə cavabdeh iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi pozmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (maddə 421.2.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, apellyasiya şikayətinin dəlili əsassız deyil. ASC-nin iddiası əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə səhv, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. MPM-nin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Eyni zamanda Məhkəmə iş üzrə üçüncü şəxs olan Bankın təqdim etdiyi sənədlər ilə bağlı bildirir ki, Bank ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 283AKN/07 saylı “Kredit müqaviləsi” bağlanmışdır. xx.xx.2013-cü il tarixdə bağlanmış tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən, 57.704,39 manat məbləğində pul Bank tərəfindən iddiaçı ASC-yə ödənilmiş, bununla da, tələb etmə hüququnu Bank tərəfindən iddiaçı ASCyə ötürülmüşdür. Məhkəmə bildirir ki, bu halın mövcudluğu, ötürülmüş tələbin cavabdeh tərəfindən ödənilməməsi iddiaçı ASC ilə cavabdeh arasında mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin ləğvi üçün əsas ola bilməz. Çünki bu hal onlar arasında başqa hüquq münasibətinin yaranmasına səbəb olmuşdur ki, həmin münasibət üzrə yaranmış mübahisə hazırki apellyasiya baxışında olan iddianın predmeti deyil. Odur ki, apellyasiya baxışının nəticələrini, MPM-nin 385-ci maddəsinin göstərişlərini nəzərə alan və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X4 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” iddiası təmin edilməsin. İddianın verilməsi üçün iddiaçı “X4 İnvestisiya Korporasiyası” ASC tərəfindən ödənilmiş dövlət rüsumu ASC-nin özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin və bu məqsəd ilə iddiaçı “X4 İnvestisiya Korporasiyası” ASC-dən 15 (on beş) manat tutularaq Cavabdeh verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci iddiaçı tərəfə aid edilsin və bu məqsəd ilə iddiaçı “X4 İnvestisiya Korporasiyası” ASC-dən cəmi 300 (üç yüz) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar