Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1000/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxx katibliyi ilə, İddiaçı, cavabdeh “xxxxxxxxx” Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-4074/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxx” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxx” Şirkəti ilə onun arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 245/13 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-4074/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxx” Şirkətinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onunla bağlanmış müqavilənin sadəcə formal xarakterli olması barədə məlumatın bildirilməsinə və alqı-satqı müqaviləsinin lazımi qaydada rəsmiləşdirilməməsinə əsaslanaraq hesab edir ki, müqavilə etibarsızdır və tərəflər üçün heç bir hüquqi öhdəlik müəyyən etməməlidir. Birinci instansiya məhkəməsi maddi və ya prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Qətnamədən də açıq-aşkar göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən, iddia edilən əqdin etibarsızlığı üçün əsas hesab olunan hallara toxunmamaqla bu məsələyə münasibətini bildirməmiş və iddia tələbinin rəddi əsası kimi iddia müddətinin ötürülməsi nöqteyi-nəzərindən çıxış etmişdir. məhkəmənin yanaşmasına əsasən hazırki iş üzrə mübahisələndirilən əqdə münasibətdə kredit müqaviləsindən irəli gələn mübahisələrə tətbiq olunan 3 illik iddia müddəti tətbiq edilməlidir. Lakin sözügedən müqavilə üzrə münasibətlərin kredit müqaviləsindən yaranmadığını nəzərə alsaq, məhkəmə tərəfindən kredit münasibətlərindən meydana gələn mübahisələr üçün nəzərdə tutulan üç illik iddia müddətinin tətbiqinə istinad edilməsi olduqca əsassızdır. Maraqlıdır ki, məhkəmə bir tərəfdən sözügedən müqavilə üzrə 3 illik iddia müddətinin tətbiq edilməli olması mövqeyini əsas götürmüş, digər tərəfdən isə müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddətin ötürüldüyünü qeyd etmişdir. Başqa sözlə, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində müddət baxımdan ziddiyyət yaranmış və sözügedən müqaviləyə münasibətdə hansı müddətin (1 illik və ya 3 illik) tətbiq olunması aydın deyil. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi məsələsi, ümumiyyətlə, əsaslandırılmamışdır. Mübahisələndirilən müqavilə üzrə iddia müddətinin ötürülməsi qənaətinə gəlmək üçün ilk növbədə, iddia müddətinin axımının nə vaxt başlayıb və nə vaxt başa çatması aydınlaşdırılmalıdır. Məhkəmənin “iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır” mövqeyinə əsasən bəhs olunan müqavilə üzrə öhdəliklərin icra müddəti müəyyən edilməli idi. Alqı-satqı müqaviləsinin surətinin məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən icra müddətinin hansı vaxtdan başlamalı olması belə göstərilməmişdir.Hazırkı iş üzrə iddia tələbi müqavilənin etibarsızlığı ilə əlaqədar verilmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Bunun üçün iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericiliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Nəhayət, mübahisəsiz qəbul edilən faktlardan biri də odur ki, müddətin keçibkeçməməsi məsələsinin müəyyən edilməsi üçün mülki qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış müqavilə mövcud olmalıdır. Hazırki iş üzrə isə belə bir müqavilənin mövcudluğundan danışmaq tamamilə absurd hesab olunur. Belə ki, “xxxxxxxxx” şirkəti “borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, onun bu iddiadan xəbəri olmamış, məhkəmə iclaslarında iştirak etməmişdir. Bunun səbəbi isə onun faktiki olaraq qeydiyyatda olduğu ünvan 1 mənzil 48 ünvanında yaşamamağıdır. Buna görə də o tələblə bağlı iddia ərizəsini və məhkəmə bildirişlərini əldə etməmişdir. Binəqədi Rayon Məhkəməsində onun iştirak olmadan, qarşı tərəfin ifadələri və predmeti müəyyən olmayan Müqavilə əsas götürülərək qətnamə çıxarılmışdır. Həmin qətnamə əsasında icra tədbirləri başladılmış və o yalnız icra vərəqəsi ona təqdim edildiyi andan belə bir müqavilədən və üstəlik “bu müqavilə üzrə hansı öhdəlik daşımalı olduğundan” xəbərdar olmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, “Mətanat-A” şirkəti malını satmaqda maraqlıdır. Onlara maraqlı deyil ki, qarşı tərəf malı hansı məqsədlə alır. Onlar satıcıdır və hazırda qarşı tərəf işi üzadır. Pulu vermək istəmir. Yeddi ildir ki, 15000 manatdan heçnə ödəməyib. Bununla əlaqədar, inzibati qaydada həbs də olunub. Lakin yenə də heç bir nəticə çıxartmır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, “xxxxxxxxx” Şirkəti (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 254/13 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 1.2-ci yarımbəndinə əsasən, müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti kimi mühüm şərtlərin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolunda öz əksini tapır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(001)-2867/2015 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxxxxx” Şirkətinin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı 15.271,59 (on beş min iki yüz yetmiş bir manat əlli doqquz qəpik) manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 26,70 (iyirmi altı manat yetmiş qəpik) manat məbləğində hissəsinin iddiaçı “xxxxxxxxx” Şirkətinə ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi müəyyən edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(001)-2867/2015 nömrəli apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina və apelyasiya şikayətinin qaytarılması barədə qərardadına əsasən iş üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi və apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki halar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərarı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(001)-2867/2015 nömrəli qətnaməsi ilə hazırda mübahisələndirilən müqavilənin qanuniliyinə və etibarlılığına faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Buna baxmayaraq, əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya şikayətində belə bir sübutun təqdim ediləcəyi ilə bağlı hər hansı bir dəlilə istinad etməmişdir. Yəni, müqavilənin etibarsızlığı üçün əsas olan halların nədən ibarət olduğunu göstərmir, eləcə də bu hallar mövcuddursa bunun hansı sübutlarla təsdiq edildiyini açıqlamır. Bununla bağlı, yalnız iddiaçı tərəfin izahatı mövcuddur. İddiaçının izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə etibarsızlığa dair sübut yoxdur. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi müqavilənin etibarsız müqavilə olması həm də inandırıcı və ağlabatan deyildir. İkincisi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən görünür ki, mübahisələndirilən “alq-satqı müqaviləsi” xx.xx.2013-cü il tarixdə bağlanmış, həmin müqavilənin etibarsız hesab edilməsinə dair iddia isə xx xxxxxx 2019-cu il tarixdə verilmiş, yəni müqavilə bağlandığı vaxtdan 6 il, 7 ay sonra qaldırılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi yazılı ərizə ilə məhkəməyə müraciət edərək Mülki Məcəllənin 354-cü maddəsinə istinad edərək iddia müddəti keçdiyindən iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisələndirmə (kəsici) müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulduğundan, iddiaçı isə “alqı-satqı müqaviləsi” bağlandığı vaxtdan 6 il, 7 ay sonra məhkəməyə müraciət etdiyindən qeyd olunan müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət kəsici müddət olduğundan həmin müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə zərurət yoxdur. Çünki, bu müddət kəsici müddət olduğundan onun keçməsi avtomatik olaraq iddianın təmin edilməməsi üçün müstəqil əsasdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 4074/2019 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1000/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1000/2020
17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver