Məhkəmə qərarları › İş №2(103)-10007/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10007/2021

11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10007/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(005)-2173/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)- 2173/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 12.928 avro məbləğində əsas borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla) və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(005)- 2173/2021 saylı qərardadı ilə apelyasiya şikayət geri qaytarılmış, cavabdehə prosessual müddətin bərpa olunması barədə vəsatət vermək hüququ izah olunmuşdur. Cavabdehin nümayəndəsi-vəkili hazırda həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi, əks təqdirdə şikayətin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş edərək, göstərmişdir ki, qətnamənin surəti ona göndərilməmiş, qərardadda göstərildiyi kimi, “bina sökülüb” poçt qeydi ilə geri qaytarılmış, bundan sonra təkrar müraciətlərindən sonra qətnamənin surəti 28.07.2021-ci il tarixdə məhkəmə iclas zalında ona rəsmi qaydada təqdim edilmiş, bu barədə qəbzdə müvafiq qeyd aparmaqla yanaşı, aldığı məhkəmə qətnaməsinin yuxarı hissəsində də qətnamənin surətini 28.07.2021-ci il tarixdə almasına dair qeydiyyat aparılmışdır. Məhkəmənin 10.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, məhkəmənin istinad etdiyi 07 iyul 2021-ci il tarixdə qətnaməni alması barədə məhkəmə qəbzindəki imza ona məxsus deyildir, həmin tarixdə qətnaməni almamışdır, 28.07.2021-ci il tarixdə məhkəmə iclas zalında qətnamə ona rəsmi qaydada verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apelyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş reyestr cədvəlindən göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli 2(005)-2173/2021 nömrəli qətnaməsinin surəti hər iki tərəfə poçt vasitəsi ilə 16.06.2021-ci il tarixində göndərilmiş, lakin “bina sökülüb” poçt qeydi ilə geri qaytarılmışdır. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 07.07.2021-ci il tarixdə məhkəmə qəbzini imzalayaraq qətnaməni almış, lakin apelyasiya şikayətini məhkəmənin dəftərxanasına 17.08.2021-ci il tarixində verərək qanunla nəzərdə tutulan şikayət vermə müddətini ötürülmüşdür. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün deyildir. İş materiallarından görünür ki, məhkəmənin 08.05.2021-ci il tarixli qətnaməsinin surəti cavabdehin ünvanı üzrə poçt vasitəsi ilə göndərilmiş və “bina sökülüb” poçt qeydi ilə geri qaytarılmışdır. Məhkəmə qətnamənin 07.07.2021-ci il tarixdə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən alınması barədə məhkəmə qəbzinə istinad etmişdir. Sonuncu isə həmin məhkəmə qəbzindəki imzanın ona məxsus olmadığını qeyd edərək, qətnamənin 28.07.2021-ci il tarixdə ona rəsmi qaydada təqdim edildiyini bildirir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iş materiallarında olan digər sənədlərdəki imzalarına vizual baxış keçirdikdə məhkəmə qəbzindəki imzanın fərqli olması aşkar şəkildə sezilir. Məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılmadan apelyasiya şikayəti geri qaytarılmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və yuxarıda göstərilən hallar araşdırılaraq, münasibət bildirilməsi və yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(005)-2173/2021 saylı qərardad ləğv edilsin və cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar