Məhkəmə qərarları › İş №2(103)-1001/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1001/2022

02.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1001/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X7 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə istifadə hüquqlarına xitam verilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsindəki 5/7 saylı evin 20-ci mənzilindən çıxarılması, mənzilin tamamilə boşaldılaraq mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və X6 mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-3438/21) iddia təmin olunaraq cavabdehlər Cavabdeh1 və X6 Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 5/7 saylı evin 30-cu mənzilindən çıxarılması, mənzilin boşaldılaraq İddiaçıASC-yə təhvil verilməsi və cavabdeh X6 həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC 15 yanvar 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Bakı şəhəri Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, 5/7 saylı evin 20 saylı mənzilini alaraq mənzil üzərində tam mülkiyyət hüququ əldə etmişdir. Hal-hazırda cavabehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus mənzildə yaşaması və qeydiyyatda qalması Bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın öz mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehin bankın mülkiyyətində olan mənzilə hüquqları itirilmiş hesab edilməklə qeydiyyatından çıxarılmalı və mənzil tamamilə boşaldılmalıdır. Cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməmişdir. Digər Cavabdeh1 vəkili isə məhkəmə iclasında iştirak etmiş və iddianı əsassız saydığını bildirərək rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, onlar mübahisəli mənzildə uzun müddətdir yaşayırlar, başqa yaşayış yerləri yoxdur, hazırda mənzildən çıxarılsalar küçədə qalmaq məcburiyyətində olacaqlar. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. Qətnamə digər cavabdeh Fuad Tağızadə tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 aid hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər X1 və X3 müştərək qaydada 28 noyabr 2013-cü il tarixli 24 saylı kredit müqaviləsinə əsasən 363.000 ABŞ dolları məbləğində əsas, 83.684 ABŞ dolları məbləğində faiz, cəmi 446.684 (dörd yüz qırx altı min altı yüz səksən dörd) ABŞ dolları (məzənnə ilə manatla) məbləğində borcun “KapitalBank" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 5/7 saylı evin 3 otaqlı 20 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin ilkin satış qiymətinin 115.000 (bir yüz on beş min) manat müəyyən olunması, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin X4 prosessual hüquq varisi Cavabdeh1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İpoteka predmeti olan mənzil açıq hərracda tələbkar bank tərəfindən əldə edilmiş və bank mülkiyyətçi olmuşdur. Bankın mülkiyyət hüququ 16.04.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bununla əlaqədar olaraq bankın adına müvafiq çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1 və X8 qeyd edilən mənzildə yaşayırlar. Əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxslər mənzildən çıxmaqdan imtina edirlər. İddiaçının tələbi cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılması, iddiaçıya təhvil verilməsi və istifadə hüquqlarına xitam verilməsi barədədir. Məhkəmə mübahisəli mənzilin hazırda iddiaçının mülkiyyətində olduğunu nəzərə alaraq iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qalmaları, oradan çıxmamaları iddiaçının bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını həyata keçirilməsinə mane olur, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü, Mülki Məcəllənin 152, 157.4-cü maddələri ilə əsaslandırmışdır. Konstitusiyanın 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri, o cümlədən cavabdehin başqa yaşayış yerinin olmaması hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin və eləcə də apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar