Məhkəmə qərarları › İş №2(103)-1002/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1002/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1002/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “vurulmuş zərərin tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2656/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. X8 E240 minik markalı 90-LJ- 453 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən Cavabdeh təqsirli bilinmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə intizam tənbehi tətbiq edilmişdir.

2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə iddiaçıya 5000 manat dəyərində sığorta məbləği ödənişi edilmişdir.

3. xx.xx.2023-cü il tarixli Şirvan Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilən RƏY AKT-dan görünür ki, MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əzilib sıradan çıxmış hissələr üzrə 20 610 manat, işçilik xərci isə 2800 manat olmaqla ümumilikdə 23410 manat maddi ziyan dəymişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 9/3693 №-li xx.xx.2024-cü il tarixli EKSPERT RƏYİNDƏN görünür ki, mAn TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təxminən 22360 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti - 19560 manat, təmir-bərpa işlərinin qiyməti 2800 manat müəyyən edilir. İddiaçı və cavadeh tərəfindən ekspert rəyi mübahisələndirilməmişdir.

5. "MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. Bundan əlavə nəqliyyat vasitəsi zədəli vəziyyətdə iddiaçı tərəfindən artıq satılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 48000 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X2 02 oktyabr 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh 02 sentyabr 2023-cü ildə saat 03 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4,4-cü kilometrində idarə etdiyi Mercedes Benz E240 minik markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı uolun orta zolağı ilə rayon istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə ollunmasından ayırmamalı, yol şəraitini nəsərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirərək avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda eyni zolaqda dayanmış heyvanın sağ tərəfindən keçmək məqsədi ilə sağa manevr edərək idarəetməni itirib avtomobili yoldan çıxararaq, torpaqlıqda aşıb bir neçə dəfə fırlanaraq yoldan 14-metr kənarda sürücü X6 tərəfindən dayandırılmış, ona məxsus MAN TGX 18.440 4X2 LLS-U yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Cavabdeh ehtiyatsızlıqdan mAN TgX 18.440 4X2 LLS-U yük markalı avtomobilin sürücüsü X1 uzun müddətə pozulmasına səbəb olan sol almacıq-əng sümüklərinin qəlpəli sınıqları, sol gözün konyuktiva qişası altında qansızma ilə müşayət olunan sol göz yuvası nahiyyəsinin şişkinliyi və qançırı və sol yanaq nahiyyəsinin şişkinlik halında əzilməsi xəsarətlərini yetirərək, sağlamlığına az ağır zərər vurmasına səbəb olmuş, özü dərəcəsi təyin olunmayan sağlamığa zərər vurmayan xəsarət almış, idarə etdiyi avtomobil və MAN TGX İ8.440 4X2 LLS-U yük markalı avtomobil əzilərək sahiblərinə maddi ziyan dəymişdir. Həmin Qərardan göründüyü kimi cinayət məsuliyyətindən azad edilən sürücü Cavabdeh "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozduğuna görə qeyd edilən yol-nəqliyyat hadisəsi baş vermişdir.Bu səbəbdən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Bu fakt iddia ərizəmə əlavə edilən TP seriyalı ******* saylı X9, Yol Hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarla da təsdiq edilir. Həmin qərarla ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etmədiyindən ona dəymiş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunub. Belə ki, sürücü Cavabdeh təqsiri nəticəsində baş vermiş qeyd edilən avto-qza hadisəsindən sonra ona məxsus MAN tGx 18.440 4X2 LLS- U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı avtomobillə 07 Sentyabr 2023-cü il tarixdə baxış keçirilmiş və mütəxəssis Rəyi alınmışdır. Həmin rəydən aydın olur ki, yük avtomobilinə dəymiş maddi ziyanın ümumi dəyəri 23410.0 manat təşkil edir.Baş vermiş hadisə ilə bağlı təqsirli tərəfin sığortası tərəfindən avtomobilinə dəymiş maddi ziyana görə cəmi beş min manat pul ödənilmişdir. Bundan başqa, əzilib yararsız hala düşmüş avtomobil 02 sentyabr 2023-cü il tarixdən dayanacaqdadır, istifadə edilmir halbuki bu avtomobilin işləməməsi onun kimi sahibkara hər gün 200 manat ziyan vurur. Nəticədə keçən beş ay müddət ərzində sürücü Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona 30.000 manat ziyan dəymişdir. Qeyd edilən maddi ziyanın ödənilməsi ilə bağlı müraciətlər etməyinə baxmayaraq, Cavabdeh, atası və əmisi ilə görüşləri olmuş, lakin Nihad və atası ziyanın ödənilməsi ilə əlaqədar onunla barışıq sazişinə gəlməmişlər. Odur ki, avtomobilə dəymiş 18.000 manat və onun yükdaşıma biznesi fəaliyyətinə vurulmuş 30.000 manat maddi ziyanın təqsirli şəxs Cavabdeh alınaraq ona verilməlidir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2656/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 17360 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat vəsaitin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X10).

9. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Cavabdeh delikt törətməsi, bunun nəticəsində MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsi məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilmişdir ki, sürücü Cavabdeh barəsində hadisə ilə bağlı AR İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilərək TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarla kifayətlənilməlidir. Nəqliyyat vasitəsinə dəymiş real zərərlə bağlı isə məhkəmə tərtib edilən hesabatlarla kifayətlənməmiş və əmtəəşünaslıq ekspertizası keçirmişdir. Daha mötəbər sübut kimi qəbul edilən ekspert rəyi ilə isə nəqliyyat vasitəsinə 22360 manat zərər dəydiyi müəyyən edilmişdir. Odur ki, sığorta şirkəti tərəfindən ödənilən 5000 manat nəzərə alındıqda iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş real zərərə görə ödənilməli olan məbləğ 17360 (22360 - 5000 = 17360) manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə tələbin əldən çıxmış fayda qismində iddiaçıya zərər vurulması hissəsində iddianı əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmiş və tələbini formal mülahizələrlə əsaslandırmışdır. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1097.1-ci, 1099-cu, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin avtomobilin iş materillarına əlavə edilmiş fotoşəkillərinə vizual baxışla müəyyən etmək mümkündür ki, avtomobilə dəymiş zərər ekspert rəyində göstərilmiş məbləğdən qat-qat aşağıdır. Qarşı tərəf avtomobilə dəymiş avtomobilə və ona dəymiş zərərin həcmini 48.000 manat həcmində göstərsə də məhkəmədə iddia qaldırmazdan əvvəl avtomobili satmış və bununla real eksprtiza aparılmasının qarşısını almağa çalışaraq istəyinə nail olmuşdur. Ekspert rəyində avtomobilə dəymiş zərərin 22360 manat məbləöində dəyərləndirilməsi şişirdilmiş rəqəmdir. Məhkəmə baxışı ərzində hərbi xidmətə yollandığından həmin hissədə ekspert rəyinin mübahisələndirmək hüququ təmin olunmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərildiyi kimi hadisə qəfildən qarşısına çıxmış heyvanı vurmamaq üçün sağa manevr etməyi nəticəsində baş vermişdir ki, həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsi ilə heyvanı vursaydı daha ağır nəticələrə səbəb olan hadisə baş verərdi. Hesab edir ki, avtomobilinin yoldan çıxaraq MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəyməsi qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş vermişdir ki, məhkəmə bunu nəzərə almamışdır. İşə baxan məhkəmə MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş zərəri müəyyən etmək üçün iş materiallarında olan nəqliyyat vasitəsinin fotoşəkilləri nəzərə alınmaqla qüsur aktı əsasında həyata keçirirmiş ekspert rəyinə əsaslanıb. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiaz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilə

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

23. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh delikt törətməsi, bunun nəticəsində MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsi iş materiallarında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilmişdir ki, sürücü Cavabdeh barəsində hadisə ilə bağlı AR İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilərək TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarla kifayətlənməlidir.

25. Nəqliyyat vasitəsinə dəymiş real zərərlə bağlı isə məhkəmə tərtib edilən hesabatlarla kifayətlənməmiş və əmtəəşünaslıq ekspertizası keçirmişdir. Daha mötəbər sübut kimi qəbul edilən ekspert rəyi ilə isə nəqliyyat vasitəsinə 22360 manat zərər dəydiyi müəyyən edilmişdir. Odur ki, sığorta şirkəti tərəfindən ödənilən 5000 manat nəzərə alındıqda iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş real zərərə görə ödənilməli olan məbləğ 17360 (22 360 - 5000 = 17360) manat təşkil edir. Bunun üçün məsuliyyəti Cavabdeh daşıyır və bu səbəbdən vurulmuş zərərin əvəzini ödəməlidir.

26. Məhkəmə kollegiyası zərər məbləğini müəyyən edərkən, apellyasiya şikayətində real zərər məbləğinin şişirdilmiş olmasının göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı konkret zərər məbləğinin göstərilmədiyini, o cümlədən zərərin məbləği ilə bağlı hər hansı sübut təqdim edilmədiyini də nəzərə almışdır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2656/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar