Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1003/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3242/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonun Kijəbə qəsəbəsi ərazisində İddiaçı fərdi yaşayış evinin yaxınlığında elektrik cərəyanı vurulması nəticəsində bir baş inəyin ölməsi ilə bağlı vurulmuş 5000 (beş min) manat məbləğində ziyan və 70 (yetmiş) manat dövlət rüsumu "xxxx" ASC-nin tərəfindən Astara rayonun Kijəbə qəsəbə sakini İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi belə əsaslanırılmışdır ki, o, ailəsi ilə birlikdə Astara rayonun Kijəbə qəsəbəsində yaşayır. Fərdi təssərüfatında mal-qara saxlayaraq ailəsinin maddi dolanışığını təmin edir. Astara rayonunun Kijəbə qəsəbə ərazisində fərdi yaşayış eviminin yaxınlığında keçən yol kənarında olan elektrik dirəyinin yanında 19.04 2023cü il tarixdə bir baş sağmal inəyi elektrik naqilinin nasazlığı nəticəsində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. İnəyin elektrik vurması elektrik naqilinin düzgün bağlanmaması nəticəsində elektrik dirəyində elektrik cərəyanının olması ilə bağlı olmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktın tərtibində iştirak etmiş şəxslər bir baş inəyin elektrik cərəyanın vurması nəticəsində ölməsini təsdiq etmişlər. Bir baş inəyim elektrik cərəyanı vurması nəticəsində ölməsini 19 aprel 2023-cü il tarixli yarma protokolu ilə də təsdiq edilir. Həmin protokolun 24-cü bəndində patoloji anatomik diaqnoz elektrik cərəyanın vurulması. 25-ci bəndində rəy: anamnez, kliniki və pataloji anatomik məlumatlar əsasən heyvanın ölümü elektrik cərəyanın vurulması səbəbindən heyvan ölmüşdür və bunlarda bir baş inəyim elektrik cərəyanı vurması nəticəsində ölməsini təsdiq edir. Bir baş inəyin elektrik cərəyanı vurulması ilə bağlı vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilmişdir. Belə ki, "xxxx" MMC-nin Astara rayon elektrik şəbəkəsinə müraciət edilmiş və bu barədə iddiaçıya cavab verilməmişdir. Müraciət edilməni təsdiq edən poçt sənədlərini iddia ərizəsinə əlavə etmişdir. Müraciətə cavab verilmədiyindən “Azərişıq" MMC-nin Astara rayon şəbəkəsinin səlahiyyətli şəxslərə şifahi qaydada müraciətlər edilmiş, onlar müraciətlərimə cavab verilməsindən imtina etmiş, bunları məktubuma cavab verilməsinə səlahiyyətləri olmadığı ilə izaha etmişlər. İnəyin elektrik cərəyanı nəticəsində ölməsi ilə bağlı Astara rayon İcra Hakimiyyəti başçısına da müraciət edilmiş və 25 may 2023-cü il tarixli, 332 nömrəli məktubla cavab verilmişdir. Astara rayon İcra Hakimiyyəti Kijəbə icra nümayəndəliyinə və Astara rayonu Kijəbə bələdiyyəsinə məktubla müraciətlər edilmişdir. Vurulmuş ziyan 5000 (beş min) manat təşkil edir və buraya bir baş inəyin diri çəkisinə görə qiyməti və əldən çıxmış fayda daxildir. İnəyin qiyməti çəkisinə (Truxanovski üsulu və laktasiya dövründə sağalan südü ilə) gündəlik sağalan südü ilə müəyyən edilmişdir. İddiaçının bir baş inəyi sağmal olmuş, gündəlik 20-24 litr süd verirdi və əldən çıxmış faydanın da ona ödənilməsini tələb edir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3242/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 4000 (dörd min) manat pul və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi müəyyən olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
4. İddiaçı qətnaməni mühabisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi işə baxarkən sübutlara düzgün qiymət verməmiş, cavabdehin təqsirinin nədə ifadə olunduğunu konkret olaraq müəyyən etməmiş, eləcə də iddiaçıya dəymiş ziyanla nəticə arasında səbəbli əlaqə yoxdur. Bu səbəbdən də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq da göstərdi ki, qiymət də çox göstərilibdir.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətlə razı olmayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, mülki işin materiallarında onun inəyinin məhz elektirik cərəyanı vurması nəticəsində tələf olması (ölməsi), həmin sahədə elektirik naqillərinin dayaqlara bağlanmasının yarıtmaz olduğunu təsdiq edən mötəbər sübutlar mövcuddur, inəyin qiyməti isə əslində az göstərilib, o, qətnaməni gec aldığından onu mübahisələndirə bilməmişdir, həmin inək adi inəklərdən fərqli olaraq xüsusi olaraq əldə olunmuş cins mal olduğundan, digər adi yerli inəklərdən fərqli olaraq sutka ərzində 24 litr süd verirdi ki, bu da gündəlik ən azı 18-20 manat ailənin gəliri deməkdir, ailəsi bundan da məhrum olmuşdur. Sübutların tədqiqi:
8. Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyətinin Kijəbə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin özəl baytar məntəqəsi tərəfindən verilmiş, xx.xx.2023- cü il tarixli yarma protokoluna və eyni tarixli akta əsasən, İddiaçı məxsus qara-ala cinsli, 7 yaşda olan inək elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur.
9. Astara rayon İcra Hakimiyyəti Kijəbə qəsəbəsi üzrə Astara özəl baytar mütəxəsissi E.Q.Eynullayev tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı məxsus bir baş sağmal heyvan xx.xx.2023-cü il tarixdə axşam saat 16:30 radələrində elektrik xəttinin dəmir dirəyinə toxunaraq elektrik cərəyanı vuraraq ölmüşdür.
10. Cənub RETSİ X3 tərəfindən xx.xx.2023-cü il tarixdə, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə, verilmiş arayışa əsasən, Astara rayonu, Kijəbə qəsəbəsində İddiaçı qonşusunun X2 məxsus 0,4 kv-luq hava xəttində xəttə yaxın ağacların budanması nəticəsində xətti zədələyərək dəmir dayaqda gərginlik yaranması nəticəsində İddiaçı məxsus iribuynuzlu inək örüşdən qayıdan zaman həmin dayaqda gərginliyə düşərək tələf olmuşdur.
11. Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyətinin Kijəbə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş 14 sentyabr 2023- cü il tarixli, 154№ məlumata əsasən, İddiaçı məxsus bir baş iribuynuzlu mal-qarası Kijəbə qəsəbəsi ərazisində xx.xx.2023-cü il tarixində elektrik cərəyanə vurması nəticəsində tələf olmuşdur. Heyvanın tələf olmasına səbəb olmuş elektrik naqilləri (elektrik dirəyi) "xxxx" ASC-yə məxsusdur.
12. Azərbaycan Respublikası Bərdə şəhər "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 22 sentyabr 2023-cü il tarixli, №16 məlumatda qeyd edilir ki, qara-ala cinsdən olan 7 yaşı 400-500 kq çəkili sağmal inəyin bazar dəyəri 4000-4500 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Ddelikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Tətbiq edilən prosessual hüquq normaları:
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
15. Hazırkı halda, cavabdeh qətnamənin iddianın təmin edilən hissəsini mühabisələndirdiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən hissəvi yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Kollegiyanın araşdırmaları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməmiş, bu səbəbdən baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus inək tələf olmuş və iddiaçıya maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini zərərvurandan tələb etməkdə haqlı omuşdur.
18. Mülki iş materiallarında olan sübutlardan aydın olur ki, İddiaçı məxsus bir baş iribuynuzlu mal-qara Kijəbə qəsəbəsi ərazisində xx.xx.2023-cü il tarixdə elektrik cərəyanın vurması nəticəsində tələf olmuş, buna səbəb olmuş elektrik naqilləri isə "xxxx" ASC-yə məxsus olmuşdur. Həmin naqillərin dəmir dirəkdə yaratdığı cərəyan nəticəsində iddiaçıya məxsus 1 baş mal yüksək gərginlikli dəmir dirəyə sürtünərək tələf olmuşdur.
19. Cavabdeh şikayətində, eləcə də izahatında tələf olmuş inəyin dəyərinin qatqat aşağı olduğunu qeyd etmişdir.
20. İddiaçı isə tələf olan 7 yaşlı inəyin yerli olmadığını, ala-qara cins olduğunu, gündəlik 24 litr süd verdiyini, çəkisinin isə 500 kq. olduğunu, qiymətinin isə əslində 5000 manatdan yuxarı olduğunu bildirdi. Mülki işin materiallarında olan fotoşəkillərdən, eləcə də səlahiyyətli şəxslərin tərtib etdikləri aktlar və arayışlardan da məlum olur ki, iddiaçının tələf olmuş inəyi cins inək olmuşdur.
21. Mülki işdən də göründüyü kimi Bərdə şəhər "xxxx" MMC tərəfindən təqdim edilmiş 22 sentyabr 2023-cü il tarixli, №16 məlumatda qeyd edilir ki, qara-ala cinsdən olan 7 yaşlı 400-500 kq çəkili sağmal inəyin bazar dəyəri 4000-4500 manat təşkil edir. Rayon məhkəməsi tələf olmuş inəyin real bazar qiyməti barədə mütəxəsis rəyində qeyd olunan məbləğin aşağı həddini götürmüşdür.
22. Beləliklə də aparılmış araşdırmalarla müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayəti təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Nəticə:
23. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi hissədə iddianın qiyməti 4000 manat təşkil etdiyindən, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3242/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov