Məhkəmə qərarları › İş №2(103)-10047/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10047/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10047/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kreditor «AccessBank” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 4923.56 ABŞ dolları məbləğində kredit borcu, 8172.78 ABŞ dolları məbləğində faiz borcu və 3191.48 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16287 ABŞ dolları 82 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bank ilə bağladığı 18.03.2008-ci il tarixli 02L000001894 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ doları məbləğində kredit xətti açılmışdır. Tərələrin imzaladıqları 23.08.2012-ci il, 1894 saylı sazişlə kredit xəttinin müdədti 120 ay müddətində, kredit xəttinin məbləği 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı 24.12.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qayarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli, 002R**********S saylı, 26.10.2015-ci il tarixli 002R**********SA saylı, 24.02.2016-cı il tarixli 002R**********SB saylı, 02.12.2016- cı il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.06.2019-cu il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlk müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4541,69 ABŞ dolları məbləğində əsas borc, 7643,25 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12284,94 ABŞ dolları məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, onun borclu olduğu 4541 ABŞ doları borcunun qrafik üzrə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və bir sıra prosessual hüquq pozuntularına yol verilmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etmir, Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, tərəflərin izahatını və çıxışını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan: -02L000001894 № li, 18 mart 2008-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, Azərbaycan Mikromaliyyələşdirmə Qapalı Səhmdar Bankı ilə Cavabdeh1 arasında 60 ay müddətinə, 18 mart 2013-cü il tarixədək 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. -AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 1894 № li sazişə əsasən 02L000001894 № li, 18 mart 2008-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik edilmiş, Bank kredit alana 120 ay müddətinə, 18 mart 2018-ci ildən gec olmayaraq 30.000 ABŞ dollarını məbləğində kredit xəttini açmışdır. 02L000001894 № li, 18 mart 2008-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsi üzrə 002R********** № li kredit razılaşmasından görünür ki, «AccessBank” QSC tərəfindən Cavabdeh1 aylıq 2.1667 % olmaqla, 24 ay müddətinə 20.000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. -AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 002R10**********SA № li sazişə əsasən Bank ilə kredit alan arasında 02L000001894 № li, 18 mart 2008-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsi üzrə 002R********** № li kredit razılaşmasının ayrılmaz hissəsi olan 24 dekabr 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 26 oktyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. -AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 002R**********SB № li sazişə əsasən 24 dekabr 2014-cü il tarixdə bağlanmış kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 24.02.2016-cı il tarixdən aylıq 1.5833% dərəcəsi ilə faizlər hesablanmışdır. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış 02S000022641 № li zaminlik müqaviləsinə əsasən Cavabdeh2 AccessBank ASC ilə Cavabdeh1 arasında bağlanmış -02L000001894 № li, 18 mart 2008-ci il tarixli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması və ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün zamin durmuşdur. Bank tərəfindən cavabdehlərə yuxarıda qeyd edilən borc məbləğinin ödənilməsi barədə xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə ekspertiza mərkəzinin 19 aprel 2021-ci il tarixli, 9/1651 saylı rəyinə əsasən Cavabdeh1 04.09.2020-ci il tarixinə AccessBank QSC-nə olan borcu o cümlədən əsas borc üzrə 4.541,69 ABŞ dolları, faiz borcu üzrə 7.643,25 ABŞ dolları olmaqla, ümumilikdə 12.184.94 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423-cü maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Kollegiya Cavabdeh1 borclu olduğu 4541 ABŞ doları borcunun qrafik üzrə ödənilməsi barədə onun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, həmin məsələ borclunun ərizəsinə əsasən qətnamənin icrası qaydasında həll olunan məsələlərə aid olduğundan hazırda təmin edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar