Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10049/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona vurduğu maddi zərərin əvəzi olaraq 18.600 manat, mənəvi zərərin əvəzi olaraq 30.000 manat, cavabdehin istifadə etdiyi və ödəmədiyi kommunal xərclərin əvəzi olaraq 470 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən və ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsi Bülbülə bələdiyyəsi tərəfindən 15 saylı, 22.10.2004-cü ıl tarixli müqavilə ilə iddiaçıya 20 illik müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi iddiaçıya təhvil verilmişdir və hazırda da istifadəsindədir. Bir müddət bundan əvvəl cavabdeh iddiaçıya müraciət edərək torpaq sahəsindən müvəqqəti istifadə etmək məqsədi ilə torpaq sahəsinin ona verilməsini xahiş etmişdir. İddiaçı cavabdehin tanıdığından və sahədən özü istifadə etmədiyindən torpaq sahəsini cavabdehə vermişdir. Onlar razılaşmışlar ki, torpağa dair kommunal xərcləri cavabdeh ödəməli və torpaq sahəsi iddiaçıya lazım olduğu halda sahəni iddiaçıya qaytaracaq. 2017-ci ilin may ayında iddiaçı, torpaq sahəsinin qaytarılması barədə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh, sahənin özünə məxsus olmasını bildirərək sahəni iddiaçıya qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən aralarında mülki mübahisə yaranmış və iddiaçı, müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Suraxanı Rayon Məhkəməsinin 11.07.2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətində əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 01.11.2018-ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Göründüyü kimi, cavabdeh, 2017-ci ilin may ayından etibarən 18 ay ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etmiş, bununla da iddiaçıya 18.600 manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, iddiaçı 31 ay ərzində həmin sahənin başqa şəxsə icarəyə vermiş olsa idi gəlir əldə edə bilərdi. İddiaçının müraciət etdiyi "xxxx" Firması tərəfindən verilmiş 16.11.2018-ci il tarixli rəydə qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin aylıq icarə haqqı 600 manat təşkil edir. Bu hərəkəti ilə cavabdeh iddiaçıya həmdə mənəvi zərər vurmuşdur. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 30.000 manat məbləğində pul tutulmalıdır. Bundan başqa nəzərə almaq lazımdır ki, cavabdeh torpaq sahəsindən istifadə etsə də kommunal xərcləri ödəməmişdir. Sahədə cavabdeh tərəfindən istifadə olunmuş suya görə 400 manat, elektrik enerjisinə görə isə 7 manat məbləğində borcu yaranmış və ödənilməmiş qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.800 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş qiymətləndirmə xərcinin – 300 manatın ödənilməsi məqsədi ilə iddiaçıdan və cavabdehdən, hər birindən 150 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulmasını qət etmişdir. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı Rayon Məhkəməsinə bir sıra sübutlar təqdim edilərək, torpaq sahəsinin bələdiyyəyə məxsus olmadığı bildirilmiş, torpaq sahəsinin dövlətə məxsus olması barədə ekspert rəyi təqdim olunmuş, bələdiyyə ilə bağlanmış müqavilənin saxta olması barədə Bakı Şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsində iddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət işinin aparılması Rayon Məhkəməsinə bildirilsə də, Rayon Məhkəməsi bunlara və icarə haqqı məbləğinin süni surətdə şişirdilməsinə əhəmiyyət verməmişdir. Bundan başqa, Rayon Məhkəməsi cavabdehin torpaqdan istifadə etdiyi müddəti düzgün hesablamamışdır. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh və onun vəkili (nümayəndəsi) X1 şikayətin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Onlar, işə apellyasiya qaydasında baxılmanın növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışında iştirak edən iddiaçı şikayətin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Mülki işə apellyasiya qaydasında baxan Məhkəmə hazırki iş üzrə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini əsaslı olub-olmamasını yoxlamamışdır. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bülbülə bələdiyyəsi ilə İddiaçı arasında 22.10.2004-cü il tarixdə bağlanmış 15 nömrəli “Torpağın icarə müqaviləsindən” görünür ki, 300 kv.m olan torpaq sahəsi 20 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İşdə olan məhkəmə aktlarından görünür ki, cavabdeh iddiaçıya müraciət edərək torpaq sahəsindən müvəqqəti istifadə etmək məqsədi ilə torpaq sahəsinin ona verilməsini xahiş etmiş və iddiaçı torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir. 2017-ci ilin may ayında iddiaçı, torpaq sahəsinin qaytarılması barədə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh, sahənin özünə məxsus olmasını bildirərək sahəni iddiaçıya qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən aralarında mülki mübahisə yaranmış və iddiaçı, müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 11.07.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya məxsus həmin mübahisəli torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.11.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bülbülə bələdiyyəsi tərəfindən iddiaçıya icarəyə verilmiş həmin torpaq sahəsini qiymətləndirilməsinə dair müstəqil auditor tərəfindən verilmiş 16.11.2018-ci il tarixli hesabatdan görünür ki, sözügedən torpaq sahəsinin aylıq icarə haqqı 600 manat təşkil edir. Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qərardadı əsasında "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində verilmiş 05 may 2021-ci il tarixli “Qiymətləndirmə rəyindən” görünür ki, həmin torpaq sahəsinin aylıq icarə haqqı 750 manat təşkil edir. Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri yaranmışdır. Əvvəlki məhkəmə aktları ilə iddiaçının mübahisəli torpağa hüququ tanınmışdır. İş üzrə iddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh torpağı qanunsuz olaraq özündə saxlamaqla onu həmin torpaqdan götürə biləcəyi gəlirdən məhrum etmişdir. İş üzrə cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, iddiaçı torpağı qanunsuz olaraq mənimsəmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, əvvəlki məhkəmə aktları ilə iddiaçının torpaq sahəsinə olan hüququ tanındığına görə bu hal mübahisə mövzusu ola bilməz və bunun davamı olaraq qeyd edilməlidir ki, cavabdehin bu xüsusda etirazı əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə iddiaçı maddi zərərin əvəzi kimi əldən çıxmış faydanın ödənilməsini tələb edir. Tələb ona əsaslanır ki, sahə cavabdehin sahibliyində olduğu müddətdə iddiaçı sahədən istifadə edə bilməyib. Yuxarıda qeyd edilənlərə əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda şəklində maddi ziyan tutulmalıdır. Maddi ziyanın məbləği ilə bağlı əldən çıxmış fayda kimi 10.800 manat tutulmalıdır. Belə ki, iddiaçı tələbində iddia edir ki, 2017-ci ilin may ayından etibarən cavabdeh torpaq sahəsini geri qaytarmaqdan imtina etmişdir. Lakin, iş materiallarında bu halı təsdiq edəcək hər hansı sübut yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hüququnun pozulduğu müddət kimi onun iddia ərizəsinin məhkəməyə daxil olduğu tarix götürülməlidir. İddia ərizəsi 16.11.2018-ci ildə məhkəməyə daxil olmuşdur. İcra qurumunun 13.01.2020-ci il tarixli aktından görünür ki, həmin tarixdə torpaq sahəsi iddiaçıya qaytarılmışdır. Beləliklə, torpağın cavabdehin qanunsuz sahibliyində olduğu müddət 16.11.2018-ci il tarixindən 13.01.2020-ci il tarixinə kimi yəni 18 ay təşkil edir. Torpağın aylıq icarə haqqı iddiada göstərildiyi kimi 600 manatdan hesablanmaqla, 18 ay üçün bu məbləğ 10.800 manat edir. Beləliklə iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən, 10.800 manat həddində əsaslıdır. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyini əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 443.4-cü maddəsinə görə, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Apellyasiya baxışı zamanı Məhkəmənin verdiyi suallarını cavablandıran iddiaçı, bildirmişdir ki, o, mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı bir şəxslər nə icarə müqaviləsi bağlamamış, nə də ki, razılığa gəlməmişdir. Belə olan halda müəyyən edilir ki, cavabdehdən onun xeyrinə əldən çıxmış faydanın tutulmasını tələb edən iddiaçı, həmin faydanı əldə etmək üçün heç bir tədbir görməmiş və bu məqsədlə hər hansı bir hazırlıq işləri aparmamışdır. Başqa sözlə, faydanın əldə olunması iddiaçıya münasibətdə real olmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır. Göründüyü kimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin müzakirə edilən bu hissəsi səhvdir; müzakirə edilən iddia tələbi əsassızdır. Bundan başqa, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia son nəticədə tam həcmdə rədd edildiyi üçün qeyd edilən xərc, MPM-nin 119-cu maddəsinin tələbinə əsasən, cavabdehə aid edilə bilməz, həmin xərc iddiaçının özünə aid edilməlidir. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin müzakirə edilən bu hissəsi də səhvdir. Daha sonra, qeyd edilməlidir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, "xxxx" MMC tərəfindən iş üzrə keçirilmiş qiymətləndirmə xərci – 300 manat iş üzrə tərəflərə bərabər paylar ilə aid edilməli və bu məqsəd ilə iddiaçıdan və cavabdehdən, hər birindən 150 manat məbləğində pul həmin MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən həmin MMC-nin xeyrinə 150 manat məbləğində pulun tutulması MPM-nin 119-cu maddəsinin tələbinə ziddir. Belə ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tam həcmdə təmin edilməmiş hesab edilir. Qeyd edilən məbləğ tam həcmdə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli və iddianın həmin hissədə də təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbləri təmin edilməsin. Birinci instansiya məhkəməsində aparılmış icraata zamanı "xxxx" MMC tərəfindən iş üzrə keçirilmiş qiymətləndirmənin xərci İddiaçı aid edilsin. Bu məqsəd ilə ondan 300 (üç yüz) manat məbləğində pulu tutularaq "xxxx" MMC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Bu məqsəd ilə ondan 15 (on beş) manat məbləğində pul tutularaq Cavabdeh ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10049/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10049/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver