Məhkəmə qərarları › İş №2(103)-10065/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10065/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10065/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Aftandil oğlunun, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(009)-1008/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.500 ABŞ dolları və 33.800 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 666 ABŞ dolları və 4.506 manat pulun, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 5.666 ABŞ dolları və 38.336 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin fevral və mart aylarında bir neçə dəfəyə Cavabdeh ümumilikdə 5.000 ABŞ dolları və 34.000 manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh 2017-ci ilin iyul ayının 1-nə qədər bu məbləğləri qaytaracağına söz vermiş və buna dair yazılı qeydlər imzalayaraq iddiaçıya borcunun olduğunu təsdiq etmişdir. Bu məbləğdən cavabdeh cəmi 200 manat qaytarmış, qalan məbləği isə bu günə qədər ödəməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan borc götürdükdə ikisi də dəftərə qeyd edirmişlər. Aralarında kağız imzalayır, ödədikdən sonra isə cırıb atırmışlar. İddiaçıdan götürdüyü bütün pulları qaytarmış, yalnız 7.000 manat borcu qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1008/2020 saylı, 07 sentyabr 2020cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 7.000 manat pulun tutularaq İddiaçı ödənilməsi və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 15 manatının isə iddiaçının özünə aid edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan 15.03.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 3.000 dollar və 2.000 manat borc almış və borcunu 24.03.2017-ci il tarixədək qaytaracağına söz vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış 28.03.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 13.000 manat məbləğində 90 gün müddətinə borc pul almışdır. İş materiallarında oan yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 2.000 dolları borc almış və borcunu 29.03.2017-ci il tarixədək qaytaracağına söz vermişdir. İş materiallarında oan 25.02.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 6.000 (pul vahidi bilinmir) borc almış və borcunu 60 gün müddətinə 100 (pul vahidi bilinmir) tarixədək qaytaracağına söz vermişdir. ... Cavabdeh iddiaçıya 7000 manat borcu olduğunu etiraf edir. Tərəflər arasında verilmiş borc üzrə faizlərin ödənilməsi ilə bağlı razılaşma olmamışdır. Digər tərəfdən cavabdehin borca götürülmüş puldan faydalanması ilə bağlı da iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385, 442,740-cı maddələrinə istinadla əsaslandırmışdır İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)- 719/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1008/2020 saylı, 07 sentyabr 2020-cı il tarixli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin edilməsi, Cavabdeh ümumilikdə 17.050 manat (cəmi 15.000 manat borc və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla cəmi 2.050 manat) və ümumilikdə 5.739 ABŞ dolları (cəmi 5000 ABŞ dolları borcun və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla cəmi 739 ABŞ dolları) ödəniş günü manatla ifadə olunan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan (i/v 10, 11, 12) Cavabdeh tərəfindən imzalanmış 28.03.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 13.000 manat məbləğində 90 gün müddətinə, 2.000 ABŞ dolları məbləğdə pulu 29.03.2017-ci il tarixədək, 15.03.2017-ci il tarixli yazılı qəbzə əsasən 3.000 dollar və 2.000 manat pulu borc almış və borcunu 24.03.2017-ci il tarixədək qaytaracağına söz vermişdir. Borc sənədi iddiaçıda olduğundan və cavabdeh borc vəsaitlərinin ödənilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edə bilmədiyindən, iddia tələbi 13.000 manat + 2000 manat və 2000 ABŞ dolları + 3000 ABŞ dolları, cəmi 15.000 manat və 5000 ABŞ dolları hissədə əsaslıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməmiş hissəsi ilə əlaqədar bildirmişdir ki, iş materiallarının 13-cü vərəqində olan bir hissəsi cırılmış qəbzi isə cavabdeh ümumiyyətlə qəbul etmədiyindən, həmin qəbzdə 6.000 yazılsa da hansı valyutanı ifadə etdiyini müəyyən etmək mümkün olmadığından, beləliklə də həmin qəbzə əsasən hansı məbləğdə borc verildiyini iddiaçı sübut edə bilmədiyindən iddia bu hissədə əsaslı sayıla bilməz. İddiaçı qətnamənin iddianın təmin edilməmiş hissəsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddia tələblərinin rədd edilmiş hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 03 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)- 719/2021 saylı qətnaməsi 6000 manat borcun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün iş yeni apelyasiya baxışına göndərilmişdir. Kassasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “....... məhkəmələr tərəfindən müəyyən olunan işin faktik hallarından göründüyü kimi, iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi borc məbləği, cavabdehə müxtəlif vaxtlarda verilən pullardır. İddiaçı bu tələbini sübut etmək üçün cavabdeh tərəfindən imza ilə təsdiq edilmiş 4 yazı təqdim etmişdir. Həmin sübutlardan 28.03.2017-ci ildə tərtib olunmuş qəbzdə 13.000 manat, 15.03.2017-ci il tarixli qəbzdə 3.000 ABŞ dolları və 2.000 manat, tərtib olunma tarixi qeyd olunmayan qəbzdə 2.000 ABŞ dolları pulun alındığı əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi bu yazılı sənədləri sübut kimi tanımış, lakin iddiaçının təqdim etdiyi digər sübutu – 25.02.2017-ci il tarixli qəbzi isə sübut kimi qəbul etməmiş, mövqeyini onunla izah etmişdir ki, bu qəbzin bir hissəsi cırılmışdır, bu qəbzi cavabdeh ümumiyyətlə qəbul etmir və qəbzdə 6.000 yazılsa da hansı valyutanı ifadə etdiyini müəyyən etmək mümkün deyildir və həmin qəbzə əsasən hansı məbləğdə borc verildiyini iddiaçı sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübut kimi təqdim edilmiş 25.02.2017-ci il tarixli yazı, sübutların təsnifatında qeyri-rəsmi yazılı sübut hesab olunur və məhkəmə tərəfindən qiymətləndirmə obyektidir. MPM-nin 88-ci maddəsində bəhs olunan sübutların qiymətləndirilməsi, məntiqi və hüquqi əsaslar üzərində qurulmuş təfəkkür prosesi olmaqla, məhkəmədən sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, mötəbərliyini müəyyən etməyi tələb edir. Həmçinin sübutların qiymətləndirilməsində obyektivlik və hərtərəflilik təmin edilməlidir. Növündən asılı olmayaraq hər bir sübut üçün xarakterik olan xüsusiyyət, işin həlli üçün əhəmiyyətli olan informasiyanın (tərəflərin tələb və etirazlarını əsaslandırdığı halların mövcud olub-olmaması barədə məlumatların) daçıyıcısı olmasıdır. Yazılı sübutlarda bu məlumatlar yazı işarələrində əksini tapır. Bu baxımdan yazılı sənədin sübut kimi qəbul edilməsi üçün həmin sənədin tamlığı zəruridir. Lakin yazılı sənəddə yazının pozulması və cırılma nəticəsində mətnin bir hissəsinin olmaması halında həmin sənədin sübut kimi yararlığı məsələsi meydana gəlir. Hazırda baxılan işdə iddiaçının 6.000 manat borcun verildiyinə dair sübut kimi təqdim etdiyi yazılı sənədin bir hissəsi cırılmışdır və mövcud deyildir. Lakin mövcud mətndən aydın şəkildə görünür ki, cavabdeh iddiaçıdan 6.000 borc almışdır və onu qaytarmağı öhdəsinə götürür. 6.000 borcun hansı valyutada olması qəbzdən görünmür. Bu halda, yalnız borcun valyutasının bilinməməsi əsası ilə iddianı həmin hissədə rədd etmək, MPM-nin 88-ci maddəsində sübutların qiymətləndirilməsi üçün müəyyən edilmiş obyektivlik və hərtərəflilik prinsiplərinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, sözügedən qəbz cavabdeh tərəfindən tərtib olunmuşdursa, öhdəlik yaranması üçün tərtib olunmuşdur. Bu halda öhdəliyin şərtləri təfsir olunmalıdır. Mülki Məcəllənin 404-cü maddəsində müqavilənin təfsirinin qaydaları və əsasları müəyyən edilərək göstərilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Məhkəmə bu cür təfsirdən istifadə etməmiş, tərəflərin arasında yaranmış qarşlıqlı münasibətlərdə borcun valyutası kimi yalnız Azərbaycan manatı və ABŞ dollarından istifadə edildiyini və iddiaçının tələbində borcun cavabdeh üçün daha əlverişli olan manat valyutasında tələb etdiyini nəzərə almamışdır. Apellyasiya məhkəməsi iddianın rədd olunan qalan hissələri üzrə düzgün nəticəyə gəlmişdir və həmin hissədə qətnamənin ləğvi üçün əsaslar müəyyən edilmir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir Həmin Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hazırki apellyasiya baxışında birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının 6000 manat borc tələbinin təmin edilməyən hissəsindən verilmiş apelyasiya sikayəti hissəsində yoxlanılır, iddia tələbinin digər hissələri barədə verilmiş apelyasiya şikayətinə kassasiya instansiyası məhkəməsi tərəfindən qiymət verildiyindən, həmin hissələr hazırki apelyasiya baxışının predmeti deyil. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Aftandil oğlu apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(009)-1008/2020 saylı qətnaməsinin qismən, yəni iddiaçının 6000 manat borc tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh və onun vəkili X3 apelyasiya şikayətinin hazırda baxılan hissəsində təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(009)-1008/2020 saylı qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Kollegiya işin materiallarını, tərəflərin izahatlarını, apelyasiya şikayətinin dəlillərini əlaqəli təhlil edərək qiymətləndirib və kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti 6000 manat borc tələbinin təmin edilməyən hissəsində əsaslı olduğundan, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi borc məbləği cavabdehə müxtəlif vaxtlarda verilən pullardır. İddiaçı bu tələbini sübut etmək üçün cavabdeh tərəfindən imza ilə təsdiq edilmiş 4 yazılı qəbz təqdim etmişdir. Həmin yazılı qəbzlərdən biri olan 25.02.2017-ci il tarixli qəbzin məzmunu ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı 6000 (altı min) manat borc almış və borcu 60 gün müddətinə 100 (pul vahidi bilinmir) tarixədək qaytaracağına söz vermişdir. Qeyd edilən qəbzdə pul vahidinin hansı valyuta ilə olması müəyyən olunmasa da, iddiaçının vəkili apelyasiya icraatında verdiyi izahatında həmin qəbzdəki pul vahidinin manat ifadə etdiklərini bildirmişdir. Cavabdeh məhkəməyə verdiyi izahatlarında iddiaçının tələbində, həmçinin 25.02.2017-ci il tarixdəki qəbzdə göstərilən pul məbləğlərini iddiaçıdan aldığını və həmin qəbzin onun tərəfindən yazılıb imzalandığını etiraf etmiş, lakin həmin qəbzlərdə göstərilən pul məbləğinin onun tərəfindən iddiaçıya qaytarıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddiaçının borcunun mövcudluğunu təsdiq edən və məhkəməyə təqdim edilmiş 25.02.2017-ci il tarixli qəbz sübut kimi qəbul edilməlidir. Çünki həmin qəbzdəki məlumatlar pulun verilməsini və həmin pulun cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən məlumatları özündə əks etdirməklə yazılı sübut növünə aiddir. Sözügedən qəbz cavabdeh tərəfindən tərtib olunmuşdur və bu da öhdəlik münasibətlərinin yaranması üçün tərtib olunmuşdur. Həmin qəbzdə pulun valyuta hissəsinin müəyyən edilməməsi (həmin hissənin cırılması) qəbzin sübut kimi qəbul edilməsini istisna etmir. İddiaçının nümayəndəsinin izahatı nəzərə alınaraq həmin qəbzdəki borcun məbləğinin manatla ifadə edilməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçının qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyi yaranmış, lakin cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi 25.02.2017-ci il tarixli qəbzlə cavabdehə verdiyi 6000 (altı min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya həmçinin hesab edir ki, 6000 (altı min) manat pulun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə iddiaçı haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda kollegiya müəyyən edir ki, 25.02.2017-ci il tarixli yazılı qəbzə əsasən 6000 (altı min) manat məbləğində borcun ödənilməsi gecikdirildiyi üçün (borc 25.02.2017ci ildən 60 günə kimi, yəni 25.05.2017-ci il tarixə kimi qaytarılmalı olması barədə öhdlik götürüldüyündən), gecikdirilmiş müddət üçün ödənilməli məbləğə hesablanmış 5% 800 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Kollegiya qeyd edilən prosessual hüquq normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin 6000 (altı min) manat borc tələbinin rədd edilməsi barədə nəticəsi, işin faktiki hallarının aydınlaşdırılmaması və gəlinən nəticənin işin hallarına uyğun olmaması səbəbindən, qanuni və əsaslı olmamışdır. Bu səbəbdən də apelyasiya şikayəti 6000 manat borc tələbinin təmin edilməsi hissəsində əsaslı hesab olunduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin 6000 manat borc tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilərək, cavabdehdən 25.02.2017-ci il tarixli qəbzlə götürdüyü 6000 (altı min) manat və gecikdirilmiş vaxt üçün hesablanmış 800 (səkkiz yüz) manat, cəmi 6800 (altı min səkkiz yüz) manat pulun iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(009)-1008/2020 saylı qətnaməsi qismən, yəni Cavabdeh 6000 (altı min) manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh cəmin 6800 (altı min səkkiz yüz) manat (6000 manat borc, 800 manat gecikdirilmiş vaxt üçün) məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar