Məhkəmə qərarları › İş №2(103)-10068/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10068/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10068/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Məryəm Faiq qızı Orucovanın katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7598/2014 saylı mülki iş üzrə qəbul etdiyi 27 noyabr 2014-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.11.2014-cü il tarixli, 2(008)-7598/2014 saylı qətnaməsi iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30645,58 ABŞ dolları məbləğində əsas borc, 27,24 ABŞ dolları məbləğində faiz borcu, cəmi 30672,82 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Bank VTB (Azərbaycan) ASC-nə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan “Dodge Charger-minik” markalı, ** FL *** i/o qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və Cavabdeh1 mülkiyyətində olan həmin avtomobilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən Bank VTB (Azərbaycan) ASCnə olan borc və ödənilmiş dövlət rüsumunun ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qətnamənin surəti ona təqdim olunmamış və o uzun müddət qətnamənin qəbul edilməsindən məlumatsız olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(008)- 7598/2014 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki birinci instansiya məhkəməsi qətnaməsinin onun tərəfindən alınmasına dair heç bir sübut mövcud olmadığı halda əsassız qərardad qəbul etmişdir. Eyni zamanda icra sənədində onun nə izahatı, nə də icra sənədindən məlumatlı olması barədə heç bir sübut yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 şikayətə etiraz edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(008)-7598/2014 saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7598/201427.11.2014-cü saylı qətnaməsi 27 noyabr 2014-cü ildə qəbul edilmiş, cavabdehin apellyasiya şikayəti isə 16.05.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən 1 aylıq müddət ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 8(008)-500/2020 saylı qərardadına əsasən, 27.11.2014-cü il tarixli, 2(008)-7598/2014 №-li icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun 08.01.2018-ci il tarixli qərarından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilərək həmin qərar ləğv edilmiş və icra sənədinin icra tədbirlərinin davam etdirilməsi üçün Sabunçu Rayon İcra Şöbəsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan xəbərnamədən görünür ki, həmin qərardadın surəti 29.12.2020-ci il tarixdə Cavabdeh1 rəsmi qaydada çatdırılmışdır. Göründüyü kimi Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.11.2014cü il tarixli, 2(008)-7598/2014 saylı qətnaməsini almasa belə, ondan məlumatlı olmuşdur. Bundan əlavə hüquqi müəyyənlik prinsipinə müvafiq olaraq tərəflər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini istənilən vaxt, o cümlədən qətnamənin qəbul edilməsindən uzun müddət keçəndən mübahisələndirə bilməzlər. Qeyd olunan halları və Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil və ona görə də, prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı, şikayətin dəlilləri isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7598/2014 saylı mülki iş üzrə qəbul etdiyi 17 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar