Məhkəmə qərarları › İş №2(103)-1007/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1007/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1007/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 20.000 manat pul qaytarılsın və pulun qaytarılmasının gecikdirilməsinə görə 3 il üçün 5 faizlə hesablanmış faiz borcu kimi 3.000 manat ödənilsin. Daha sonra iddiaçı “iddianın dəyişdirilməsi barədə” ərizə verib və tələb edib ki, 19.500 manat pul qaytarılsın, pulun qaytarılmasının gecikdirilməsinə görə 34 ay üçün illik 5 faizlə hesablanmış faiz borcu kimi 2.833 manat ödənilsin. İddia ərizəsində həmçinin məhkəmə xərclərinin əvəzinin ödənilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 19.500 manat pul və 2.833 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2018-ci ildə kredit müqaviləsi bağlanıb. Müqaviləyə görə iddiaçı cavabdehə 20.000 manat pulu borc verir, cavabdeh isə həmin pulu xx.xx.2019-cu ilədək qaytarmağı öhdəsinə götürür. İddiaçı bildirir ki, cavabdeh pulu qaytarmayıb. Cavabdeh isə bildirir ki, həmin müqavilə üzrə iddiaçıdan pul almayıb. İddia müddəti ötürülüb. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. İddia müddətinin axımı xx.xx.2019-cu ildə başlayıb, xx.xx.2022-ci ildə bitib. İddia ərizəsi iddia müddəti bitdikdən 1 ay 13 gün sonra xx.xx.2022-ci ildə verilib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq bildirib ki, cavabdeh xx.xx.2022-ci ildə 500 manat pulu iş yerinə ("xxxx" MMC) ödəyib. Bu ödəniş barədə kassa mədaxil orderinin qəbzi tərtib olunub (iş v. 51). Ödəniş iddia müddəti ərzində həyata keçirilsə də iddia müddətinin axımı kəsilməyib. Mülki Məcllənin 380.1-ci maddəsinə görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin qəbz cavabdehin borcu etiraf etməsini göstərən hərəkət sayılmır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birinci, qəbzdə cavabdehin imzası yoxdur, cavabdeh ödəniş etmədiyini bildirir. İkinci, ödəniş iddiaçıya deyil, "xxxx" MMC-nin nəfinə edilib. Borcun etirafı barədə hərəkət kreditora münasibətdə həyata keçirilməlidir. Üçüncü, əvvəlcə (hazırlıq iclasında) iddia müddətinin tətbiqi barədə ərizə verilib (iş v. 36), daha sonra (məhkəmə baxışında) həmin qəbz təqdim edilib (iş v. 51). Bu isə onu təsdiq edir ki, iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra iddiaçı iddia müddətinin tətbiqinə mane olmaq üçün qəbzi məhkəməyə təqdim edib. Dördüncü, qeyd olunduğu kimi, həmin qəbz (sübut) məhkəmə baxışı zamanı təqdim edilib. MPM-in 78.1-ci maddəsinə görə, sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin həmin qəbzin təqdim edilməsinə əsaslar məhkəmə baxışının gedişində əmələ gəlməyib, çünki qəbzin tarixinə görə o, məhkəmə baxışına qədər mövcud olub. Habelə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər qəbzin təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmayıb. Əksinə, iddiaçının vəkili və nümayəndəsi işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizə (iş v. 35) verərək bildirib ki, əlavə sübutları olmadığından işin məhkəmə baxışına təyin edilməsini xahiş edir. Göründüyü kimi, qəbzin təqdim edilməsindən əvvəl iddiaçı tərəf bilirib ki, əlavə sübutları yoxdur. Beləliklə, iddia müddəti keçib və iddia müddətinin axımının kəsilməsi baş verməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 373.2, 375.2 və 380.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat İddiaçı Cavabdeh xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar