Məhkəmə qərarları › İş №2(103)-10074/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10074/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10074/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ələm qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(011)-2682/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2682/2021 saylı 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 33.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırkı iş üzrə Cavabdeh məhkəmənin həmin qətnaməsindən 16 iyul 2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qətnaməsi poçt vasitəsi ilə 06 may 2021-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanına təqdim olunmuşdur. Qətnamə ünvan 1 ünvanına təqdim olunsa da, cavabdehin həmin qətnamənin mövcudluğundan xəbəri olmamışdır. O, həmin ünvanda qeydiyyatda olsa da, orada yaşamır. Qətnamə cavabdehin həmin ünvanda yaşayan valideynlərinə təqdim olunmuşdur. Həmin vaxt cavabdehin atası ağır xəstə olmuş və 07 may 2021-ci il tarixdə vəfat etmişdir. Anasının isə qətnamə ilə bağlı heç bir anlayışının olmaması və yas mərasiminin keçirilməsi ilə əlaqədar qətnamə cavabdehə verilməmişdir. Yas mərasimindən sonra bu günlərdə cavabdeh qeydiyyatda olduğu ünvanda mərhum atasının sənədlərini araşdırarkən həmin qətnamənin mövcudluğundan xəbər tutmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(011)-2682/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2682/2021 saylı 20 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə Cavabdeh ərizəsinin rədd edilməsi, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(011)- 2682/2021 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(011)-2682/2021 saylı 13.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmənin sözügedən qətnaməsi 27 aprel 2021-ci il tarixdə poçt vasitəsilə tərəflərə göndərilmiş, cavabdehin ailə üzvü 06 may 2021-ci il tarixdə qəbzi imzalamaqla qətnaməni rəsmi qaydada əldə etmişdir. Lakin cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə 16 iyul 2021-ci il tarixdə müraciət etmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Göründüyü kimi, cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş və apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması halı isə işin hər hansı halı ilə məhkəmədə müəyyən olunmamışdır. Göstərilən dəlillərin mövcudluğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsinə əsasən, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, ərizə ilə müraciət edən şəxsin ailə üzvünün 06 may 2021-ci il tarixdə qəbzi imzalamaqla qətnaməni rəsmi qaydada əldə etməsi barədə dəlili mübahisəsizdir. Cavabdeh apellyasiya şikayəti vermək üçün müddətin onun tərəfindən ötürülməsini onun həmin ünvanda yaşamaması, bu ünvanda yaşayan valideynlərinin yaşlı olması və atasının həmin ərəfədə vəfat etməsi ilə izah etmişdir. Birinci instansiya məhkəməsi ərizəçinin bu dəlillərini şikayətin təmin edilməsi üçün kifayət hesab etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşır və hesab edir ki, qeyd edilən əsaslar (atasının vəfat etməsi) özlüyündə apellyasiya şikayəti vermək üçün müddətin ötürülməsini üzrlü hesab etməyə əsas verən hal olsa da, cavabdeh şikayəti qətnaməni rəsmi qaydada aldıqdan sonra bir ay müddətində verməli olduğu halda, iki ay on gündən sonra verməsi artıq bu üzrlü səbəbi əhəmiyyətsiz edir. Belə ki, bu hal hüququn təməl prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır və qarşı tərəfin pozulmuş hüquqlarının bərpası ilə bağlı qanuni gözləntilərini əhəmiyyətli dərəcədə pozmuş olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin qərardadından verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2682/2021 saylı, 13.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar