Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1008/2020 13.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)- 4756/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.000 manat əsas borc, 2.380 manat faiz borcu, nümayəndəyə ödənilmiş 500 manat, dəymiş mənəvi ziyana görə 2.000 manat olmaqla, 21880 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və onunla iddiaçı arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 9 saylı Notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə borc verən borc alana 17.000 manat məbləğində pul verir, 2-ci bəndinə görə borc alan krediti xx.xx.2016-cı il tarixə qədər borc verənə qaytarmağı öhdəsinə götürür. Artıq 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, borc alan tərəfindən heç bir ödəniş edilməyib. Ona görə cavabdehə borcun qaytarılması barədə notarius tərəfindən bildiriş göndərilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməmişdir. Bu səbəbdən icra qeydi verilməsi üçün notariat kontoruna müraciət etmiş və xx.xx.2019-cu il tarixdə notarius xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə icra qeydi vermişdir. Buna baxmayaraq cavabdeh yenə də ona olan borcunu ödəməkdən yayınır. O, cavabdehlə “xxxxxxxx” Şirkətində işləmişdir. Həmin şirkətdə cavabdeh qrup rəhbəri işləyirdi, həmin səbəbə görə ona inanaraq borc vermişdir. Bu günə kimi cavabdeh pulu qaytarmamışdır. Həmin məbləğ mülki dövriyyə şəraitində gəlir gətirə bilərdi. Borcun qaytarılmaması ona həm maddi, həm mənəvi zərər vurmuşdur. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, sözügedən müqavilə etibarsızdır, İddiaçı ona 17.000 manat borc pul verməmişdir. İddiaçı ona qarşı dələduzluq cinayəti törətməsi barədə şikayət ərizəsi ilə 2016-cı ilin əvvəllərində Nərimanov Rayon Prokururluğuna şikayət etmiş, şikayət əsasında Nərimanov RPİ-nin İŞ tərəfindən fakta görə cinayət işi başlanılmış, həmin vaxt şahid kimi izahatında bildirmişdir ki, Mahirə ona 9.600 manat faizə pul vermiş, həmin pulun 6.000 manatını qaytarmış, 3.600 manat borcu qalmışdır. Cinayət işinin istintaqı zamanı iddiaçıya olan 4.000 manat borcuna dair müqavilə bağlamaq üçün notariusa getmişlər. Bakı şəhəri 9 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlamışlar, müqavilədə onun iddiaçıdan 17.000 manat borc alması və bu borcu xx.xx.2016-cı il tarixə kimi qaytaracağı qeyd edilmişdir. Bundan sonra iddiaçının ərizəsi əsasında onun barəsində olan cinayət işinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə 4.000 manatı Nərimanov RPİ İŞ-nin müstəntiqi Raciv Almazova vermişdir ki, iddiaçıya qaytarsın. Bakı şəhəri 9 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanarkən ona pul verilmədiyinə görə, hesab edir ki, müqavilə etibarsız hesab edilməlidir. Sonuncu dəfə xx.xx.2017-ci il tarixdə onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. xx.xx.2017-ci ildən sonra o, xx.xx.2016-cı il tarixdə kredit müqaviləsini mübahisələndirməmiş və müqavilənin etibarsız hesab edilməsi, müqavilə bağlanarkən aldadılması barədə heç bir orqana şikayət etməmişdir. Hesab edir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi uydurma əqdidir. Həmin müqavilədən hər hansı hüquqi nəticə yaranmamışdır, yalnız görünüş üçün bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)- 4756/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 3M-858 reyestr nömrəli kredit müqaviləsi üzrə 17.000 manat borcdan ödənilməmiş qalan 13.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.030 manat pulun tutularaq İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdehapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinə uyğun olaraq pozulmuş hüquqlarının bərpasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, İddiaçı 5.000 və 4.600 manat borc almışdır. İddiaçı ona faizə pul vermiş, ödədiyi pulun 6.000 manat məbləğini faizə hesablamışdır. Həmin müqavilə bağlanarkən hər hansı pul məbləği verilməmişdir, onun Mahirəyə 17.000 manat borcu olmamışdır. Hazırda Mahirəyə 6.000 manat borcu var. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdehin ona 10.000 manat borcu olmuş, 7.000 manat isə çəkdiyi zərərin əvəzi kimi nəzərdə tutulmuş, buna görə müqavilə 17.000 manata bağlanmışdır. Müqavilə bağlanarkən Cavabdeh heç bir təzyiq göstərilməmiş, sonuncu özü onun pulunu vaxtında qaytarmadığı üçün xeyli ziyana düşdüyünü qəbul edərək, göstərilən məbləğə müqavilə bağlanılmasına etiraz etməmişdir, yəni kredit müqaviləsi könüllü qaydada bağlanmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırda apellyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir, belə ki, iddiaçı qətnaməni mübahisələndirilməmiş, cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğvini xahiş edərək, ilkin iddia tələbinin təmin edilmiş hissəsini və qarşılıqlı iddia tələbinə aid hissəsini mübahisələndirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 3M-858 reyestr nömrəli kredit müqaviləsinə əsasən borcverən İddiaçı borcalan Cavabdeh xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 17.000 manat borc pul vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə Cavabdeh “xxxxxxxx” Şirkətində işləmişlər və kosmetika məhsullarının satışı ilə məşğul olmuşlar. Cavabdeh 2014-cü ildə İddiaçı 10.000 manat borc pul almışdır. Sonradan Cavabdeh borcu qaytarmadığına görə, İddiaçı şikayəti əsasında Cavabdeh barəsində xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və Nərimanov RPİ İŞ-də istintaq aparılmışdır. Cinayət işinin istintaqı zamanı cavabdeh borcu qaytara bilmədiyi üçün tərəflər aralarında razılaşmışlar ki, cavabdeh iddiaçıdan 2014-cü ildə aldığı 10.000 manatı qaytaracaq və borcu vaxtında qaytarmaması nəticəsində iddiaçıya dəymiş maddi zərərin (əldən çıxmış fayda) əvəzi kimi 7.000 manat ödəyəcəkdir. Razılaşmaya əsasən tərəflər müəyyən etmişlər ki, Cavabdeh İddiaçı 17.000 manat (10.000 manat borc və 7.000 manat əldən çıxmış fayda) pul qaytarmalıdır. Bu məqsədlə tərəflər borcun məbləğinə dair kredit müqaviləsi bağlamaq üçün 9 saylı notariat kontoruna getmiş və xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi (borcun etirafı haqqında) bağlamışlar. Bundan sonra iddiaçının cavabdehlə borcun ödənilməsinə dair xx.xx.2016-cı il tarixdə müqavilə bağladıqlarına dair ərizəsi əsasında, cinayət işinin icraatına xx.xx.2016cı il tarixdə xitam verilmişdir. Lakin cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı yenidən şikayət etmişdir. İddiaçının şikayəti əsasında cinayət işinin xitam qərarı ləğv edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. İddiaçının çoysaylı şikayətlərindən sonra Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsində göstərilmiş 17.000 manat borcdan 4.000 manatını iddiaçıya qaytarması üçün xx.xx.2017-ci il tarixdə Nərimanov RPİ İŞ-nin müstəntiqi Raciv Almazova vermiş və 4.000 manat pul Nərimanov RPİ İŞ tərəfindən iddiaçıya qaytarılmış və xx.xx.2017-ci il tarixdə cinayət işinin icraatına xitam verilmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsində göstərilmiş 17.000 manat borcdan 13.000 manatını hazırkı vaxta kimi İddiaçı qaytarmamışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında borc münasibətləri olmuş, cavabdeh özü də iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Hazırda cavabdeh kredit müqaviləsinin formal olaraq bağlandığını, ona 17.000 manat pul verilmədiyini, iddiaçıdan 5.000 manat və 4.600 manat olmaqla, cəmi 9.600 manat borc aldığını, həmin puldan 6.000 manat ödədiyini, iddiaçının həmin məbləği faizə hesabladığını, hazırda isə onun iddiaçıya 6.000 manat borcunun qaldığını qeyd edir. Göründüyü kimi, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsində göstərilmiş 17.000 manat borcdan 4.000 manatını iddiaçıya qaytarması üçün xx.xx.2017-ci il tarixdə Nərimanov RPİ İŞ-nin müstəntiqi Raciv Almazova vermiş və 4.000 manat pul Nərimanov RPİ İŞ tərəfindən iddiaçıya qaytarılmış və xx.xx.2017-ci il tarixdə cinayət işinin icraatına xitam verilmişdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd o əqddir ki, həmin əqd onda nəzərdə tutulmuş hüquqi nəticə əldə etmək deyil, sadəcə görünüş yaratmaq məqsədi ilə bağlanır. Hazırki işdə isə mübahisəsiz qaydada müəyyən olunur ki, tərəflər arasında şifahi borc münasibətləri olmuş və xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi də cavabdeh tərəfindən icra etmədiyi öhdəliyin etirafı məqsədilə bağlanmışdır. Yəni, burada uydurma əqddən söhbət gedə bilməz. Cavabdeh iddiaçıdan müqavilə bağlanarkən 17.000 manat almadığına əsaslanır, hansıki iddiaçı da müqavilə bağlanarkən həmin pulun verildiyini iddia etmir, belə ki, tərəflər arasında əvvəldən borc münasibətləri olmuş, iddiaçı 10.000 manatın borc məbləği, 7.000 manatın isə əldən çıxmış fayda olduğunu bildirmişdir. Həmin müqavilə də bu borcun cavabdeh tərəfindən etiraf edilməsi və qaytarılması üçün bağlanmış müqavilədir. Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödəməyi öhdəsinə götürdüyü 17.000 manat vəsaitdən 4.000 manatını ödəməklə, müqaviləni bəyəndiyi bəyan etmiş və onun icrasına başlamışdır. Beləliklə, etibarsız hesab edilməsi tələb edilən kredit müqaviləsi tərəflər arasında mövcud olan borc münasibətləri və cavabdeh tərəfindən borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçının düşdüyü zərərlə bağlı gəldikləri razılıq olmaqla, mövcud borcun cavabdeh tərəfindən etiraf edilməsi və həmin öhdəliyin icra müddətini ehtiva etmişdir ki, məhkəmə də haqlı olaraq Mülki Məcəllənin 882.1-ci maddəsini tətbiq edərərək, cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi qənaətinə gəlmişdir. Kollegiya müddətlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və xüsusilə vurğulayır ki, iddianın dəlillərindən asılı olmayaraq hazırki iddianın qaldırıldığı vaxta artıq Cavabdeh üçün məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Mülki Məcəllənin 354-cü maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia o halda bu əsaslarla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun, mübahisə edilən (etibarsız) əqdlərdə isə həmin halları bildiyi və ya bilməli olduğu gün məlum olsun. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz və ya etibarsız əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Hazırkı işdən isə aşkar şəkildə görünür ki, Cavabdeh mübahisələndirdiyi əqdin icrasına xx.xx.2017-ci il tarixdə (4.000 manat ödədiyi vaxt) başladığı halda, 1 il ərzində məhkəməyə müraciət etməmiş, qarşılıqlı iddianı xx.xx.2019-cu ildə qaldırmışdır. Cavabdehin qarşılıqlı iddia tələbi əsassızdır. Kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən, Kollegiya hesab edir ki, məhkəmənin cavabdehin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməməsi, kredit müqaviləsi üzrə ödəməli olduğu 17.000 manat (10.000 manat borc və 7.000 manat əldən çıxmış fayda) borcdan iddiaçıya cəmi 4.000 manat qaytarmasını nəzərə alaraq, 13.000 manatın iddiaçıya qaytarılmalı olması barədə gəldiyi qənaəti doğrudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, cavabdeh tərəf öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4756/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1008/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1008/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver