Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1008/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona, yəni İddiaçı məxsus 7000 (yeddimin) manatın, məhkəməyə iddianın verilməsi üçün 90 (doxsan) manat dövlət rüsumunun, vəkil xidməti üçün ödənilmiş 1000 (bir min) manatın, vəkilə verilən etibarnamə üçün 17 (on yeddi) manatın, ümumilikdə 8107 (səkkiz min yüz yeddi) manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh onun etibarından suiistifadə ondan 7000 (yeddi min) manat pul almışdır. Belə ki, aldığı pulu 24 yanvar 2022-ci il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Aralarında olan razılaşmaya əsasən iş üzrə Cavabdeh həmin pulu xx.xx.2022- ci il tarixinədək ona qaytarmağı öhdəlik götürmüşdür. Lakin keçən müddət ərzində Cavabdeh üzərində düşən öhdəliyi icra etməmiş və ondan mənimsədiyi 7000 (yeddi min) manat məbləğində pulu qaytarmamışdır. Dəfələrlə cavabdehə pullarının qaytarılmasını tələb etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Artıq cavabdeh tərəfindən aldadıldığını və məhkəmə qaydasında olmadan ondan aldığı pulların qaytarılmasını mümkün hesab etmir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilmiş, Cavabdeh 6700 (altı min yeddi yüz) manat məbləğində pul vəsaiti və hüquqi yardım üçün ödənilmiş pulun 350 (üz yüz əlli) manatın, 78 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. Qətnaməni həm iddiaçı, həm də cavabdeh mübahisələndirmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir, cavabdeh ona olan borcundan yalnız 1 dəfə 100 manat ödəmə etməsinə baxmayaraq, qəbzləri təkrar verməklə məhkəməni yayındırmağa çalışmışdır, bundan başqa, hüquqi xidmət üçün vəkilə ödənilən və bu barədə qəbz təqdim edilməsinə baxmayaraq, 1000 manatdan sadəcə 350 manatın tutulması qənaətinə gəlmişdir. Buna görə də şikayətinin təmin edilməsi, qətnamənin qismən -iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh isə apellyasiya şikayəti verərək iddiaçıdan götürdüyü borcu tam şəkildə ödədiyini bildirsə də, məhkəmə tam araşdırma aparmadan əsasszı qətnamə qəbul etmişdir, buna görə də şikayətinin təmin edilməsini, qətnamənin- iddianın təmin edilən hissəsində ləğv edilərək iddianın tam təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, yalnız cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, iclasın başqa tarixə keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası tərəfindən cavabdehin vəsatətinə onun səhhətində yaranmış problemlə əlaqədar hər hansı sübut əlavə edilmədiyindən vəsatət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:
8. 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı “Borcverən” notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borcalan” Cavabdeh 7 000 manat məbləğində pul borc vermiş, “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” tam şəkildə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişdirlər.
9. "xxxx" ASC-nin 24 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 7000 manat mədaxil edilmişdir.
10. +**********22 telefon nömrəsi ilə olan “Whatsapp” yazışmalarından görünür ki, **********913457 nömrəli karta pulun atılmasını bildirir, qarşı tərəf isə göndərilən karta atdığını bildirir. Həmin nömrə ilə pulun gəldiyi bildirilir.
11. Cavabdeh X1 tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, sonu 3457 nömrəli hesaba iki dəfə 100 manat məbləğində pul köçürülmüşdür.
12. 10.06.2024-cü il tarixli qəbzdən görünür ki, “Kiçikbəyov və partnyorları” vəkil bürosunun depozit hesabına 1000 manat məbləğində pul köçürülmüşdür. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasəna Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir; 739.1-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.2-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
16. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
17. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
18. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
19. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
22. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı
24. olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
26. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının, həm də cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, mülki işdən göründüyü kimi Cavabdeh İddiaçı arasında notarial qaydada 24 yanvar 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 7000 manat pul vəsaiti cavabdehə verilmiş, həmin məbləğin 10 aprel 2022-ci il tarixədək qaytarılacağı razılaşdırılmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. İddiaçının apellyasiya şikayətinin 2 dəlili var. 1) cavabdeh ona olan borcundan yalnız bir dəfə 100 manat ödəmə etmişdir. 2) Hüquqi xidmət üçün vəkilə ödənilən və bu barədə qəbz təqdim edilməsinə baxmayaraq, məhkəmə cavabdehdən 1000 manatdan ancaq 350 manat tutmuşdur.
31. Kollegiya iddiaçının birinci dəlilinə münasibətdə qeyd edir ki, işdə olan qəbzlərdən də görünür ki, cavabdehin hesaba köçürdüyü 200 manat pul məbləği məhz iddiaçıya məxsus kartın hesab nömrəsidir, “Whatsapp” tətbiqində olan yazışmalardan isə məlum olur ki, iddiaçı pulun hesaba köçürüldüyünü özü şəxsən təsdiq etmişdir. Demək ki, iddiaçının 1-ci dəlili əsassız olmuşdur.
32. Kollegiya iddiaçının digər dəlili ilə bağlı isə qeyd edir ki, vəkilin göstərdiyi hüquqi xidmətlərə görə məhkəmə tərəfindən tutulan vəsaitin bütün hallarda tərəfin təqdim etdiyi sənədlərə uyğun tam olaraq tutulması bununla bağlı sui-istifadə hallarına yol aça bilər. Bu baxımdan Məhkəmələr baxılan işin mürəkkəbliyini, məhkəmə çəkişməsinin hansı müddət davam etməsi və sair bu kimi diqqətəlayiq halları nəzərə almalı və ağlabatan məbləğ prinsipindən çıxış etməlidir. Hazırkı halda vəkil xərci kimi cavabdehdən tutulan məbləğ bu işin halları baxımından ağlabatan olmuşdur. Ona görə də şikayətin bu dəlili də əsaslı hesab edilə bilməz.
33. İddiaçıdan 7000 (yeddi min) manat borc aldığını mübahisələndirməyən cavabdehin isə apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, o, borcunu tam şəkildə ödədiyini bildirir.
34. Məhkəmə Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, hazırkı halın sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Borcunu tam olaraq ödədiyini bildirən cavabdeh bunu sübut etməlidir. Hazırkı halda cavabdeh tərəfindən borcun tam ödənilməsinə dair hər hansı sübut (qəbz) nə iş materiallarında mövcuddur, nə də cavabdeh tərəfindən şikayətə əlavə edilmişdir. Deməli, cavabdehin belə bir sübutu olmamışdır, buna görə də apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
35. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:
36. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayət vermiş şəxslərin özünə aid edilməlidir.
38. Hazırki qətnamənin iddiaçıya münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan AR MPM-in 402.1-ci maddəsinə əsasən qətnaməni iddiaçı deyil, yalnız cavabdeh mübahisələndirə (kassasiya şikayəti verə) bilər.
39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2849/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.