Məhkəmə qərarları › İş №2(103)-10098/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10098/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10098/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(009)-88/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh 48.600 ABŞ dolları əsas borcun, 4,495.5 ABŞ dolları faiz borcunun, ümumilikdə 53,095,5 ABŞ dolları pul vəsaitinin ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla alınaraq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh İddiaçı xeyrinə 10.000 manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 10030 manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 24, mənzil 39 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 263a saylı bağ sahəsi (0.12 ha) üzərinə həbs qoyulması, həmin əmlakların özgəninkiləşdirilməsi cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bаkı şəhəri Səbail Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli, 2(009)-1269/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 24, mənzil 39 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 263a saylı bağ sahəsinin (0.12 ha) üzərinə həbs qoyulmuş və həmin əmlakların özgəninkiləşdirilməsi cavabdeh və digər şəxslərə qadağan edilmişdir. 13.08.2021-ci il tarixdə maraqlarına toxunan şəxs "xxxx" BOKT ASC tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, Bаkı şəhəri Səbail Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli, 2(009)-1269/2019 saylı qərardadının ləğv edilərək Cavabdeh məxsus olan və "xxxx" BOKT ASC-də ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini və özgəninkiləşdirilməsinin qadağan edilməsinin ləğv edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzil PARA” BOKT ASC-də ipoteka ilə yüklü edilmişdir. Hazırki qərardad ipoteka saxlayan kimi onların hüquqlarını pozur və ipoteka saxlayan kimi tələb etməkdə onların üstünlük hüquqlarının təmin edilməsinə maneələr yaradır. Ona görə də mənzil üzərinə qoyulmuş həbs götürülməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli, 2(009)-1269/2019 saylı qərardadı Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 24, 39 saylı mənzilin üzərinə qoyulmuş həbs hissəsində ləğv edilmiş, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 24, 39 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 24, 39 saylı mənzilin PARA” BOKT ASC-də ipoteka ilə yüklü edilməsi digər tələbkarın xeyrinə həmin mənzil üzərində qoyulmuş həbsin ləğv edilməsi üçün əsas deyildir. Hazırda mübahisəli mənzillə bağlı PARA” BOKT ASC-nin hüquqlarının həyata keçirilməsinə iddiaçının hər hansı bir etirazı yoxdur. Lakin, cavabdeh tərəfindən PARA” BOKT ASC-yə olan kredit borcu ödənəcəyi təqdirdə, cavabdehin mənzili özgəninkiləşdirməsi mümkündür ki, bu da hazırki iş üzrə iddiaçının iddia tələbinin təmin olunacağı təqdirdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcəkdir. Ona görə də Səbail Rayon Məhkəməsinin 2(009)- 88/2020 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməklə, "xxxx" BOKT ASC tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(009)-88/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 18.03.2019-cu il tarixli, **********86 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 24, mənzil 39 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 263A saylı bağ sahəsi (0.12ha) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan "xxxx" BOKT ASC tərəfindən verilmiş ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzil PARA” BOKT ASC-də ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında ”Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzil PARA” BOKT ASC-də ipoteka ilə yüklü edilmişdir. Kollegiya eləcə də qeyd edir ki, qanunvericiliyin də tələblərindən göründüyü kimi, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər. Kollegiya qanunvericiliyin tələblərini əsas götürərək hesab edir ki, ipoteka predmeti olan mənzil üzərinə həbsin qoyulması ipoteka saxlayanın hüquqlarını pozur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(009)-88/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(009)-88/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar