Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-101/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), İx oğlu və Sxoğlundan ibarət tərkibdə, Sm oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-3235/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 5267 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 15%-lə 43.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən onun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 18.377,96 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 1.860,31 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 5.827,23 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 2.080,80 ABŞ dolları borcu, cəmi 28.146,30 ABŞ dolları borcu yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.377,96 ABŞ dolları əsas, 1.860,31 manat faiz, 5.827,23 ABŞ dolları cərimə, 2.080,80 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 28.146,30 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5267 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 15% ödənilmək şərti ilə 43.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.
5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 3235/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 5267 saylı kredit müqaviləsi üzrə yaranmış 18.377,96 ABŞ dolları məbləğində əsas borc, 1.860,31 ABŞ dolları məbləğində faiz borcu, 680,93 ABŞ dolları məbləğində cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5% dərəcəsi ilə 2.080,80 ABŞ dolları faiz borcu, cəmi 23.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
7. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 5.827,23 ABŞ dolları cərimənin tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (dəbbə borcu) miqdarı 680,93 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% illik faiz dərəcəsi olmaqla 2.080,80 ABŞ dolları məbləğində borcun tutulması hissəsində də əsaslıdır. Cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445.7, 467-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normalar düzgün tətbiq edilməməklə qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, məhkəmə cavabdehin iştirakını təmin etməmiş və iddiaçının tələblərini tam həcmdə təmin etmişdir. Halbuki, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilsəydi, müqavilə üzrə apardığı ödənişlərin qəbzlərini təqdim etmək, bankın tələb etdiyi məbləğin həqiqəti əks etdirmədiyini sübut etmək imkanı olacaqdı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin olunduğundan və şikayətin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Ape
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi hesablanmış əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada tam yerinə yetirməmişdir.
22. Apellyasiya baxışı zamanı cavabdeh kredit müqaviləsində olan imzanın ona aid olmadığını bildirsə də, onun vəsatəti əsasında məhkəmə-xətşünaslıq еkspеrtizаsı təyin еdilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/701 nömrəli ekspert rəyində əsasən xx.xx.2015-ci il tarixli, 5267 saylı Kredit Müqaviləsinin 1-3-cü vərəqlərində olan “Borcalan” qrafalarındakı imzaların (4 ədəd) Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunmuşdur.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini əsas götürməklə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 5267 saylı kredit müqaviləsi üzrə yaranmış 18.377,96 ABŞ dolları məbləğində əsas borc, 1.860,31 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir.
24. Belə ki, apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə işin apellyasiya instansiyası məhkəməsində baxılması zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6868 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5267 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 18.012,42 manat; faiz borcu üzrə 2.701,86 (547,88+2.153,99 (5%)) manat. Rəydən həmçinin görünür ki, ekspert texniki səhv olaraq kredit müqaviləsində göstərilən məbləği, hesablanmış borcu ABŞ dolları ilə deyil, manatla göstərmişdir.
25. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır və hesab edir ki, xx.xx.2015-ci il tarixli 5267 saylı kredit müqaviləsi üzrə məhz ekspert rəyində göstərilən həddə əsas və faiz borcu müəyyənləşdirilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qətnaməni “cərimə” hissəsində qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmış, birinci instansiya məhkəməsi isə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə məbləğini azaltmışdır.
27. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən “gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz məbləği” ekspert rəyində müəyyən edildiyindən aşağıdır və məhkəmə iddiaçının verdiyi tələblər üzrə qətnamə çıxardığını nəzərə alaraq hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur.
28. Kollegiya onu da qeyd edir ki, cavabdeh “X2” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyini təqdim etməklə onun mötəbərliyini bildirmiş və iş üzrə təkrar məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər... Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.
30. İddiaçı təqdim edilən rəyin mötəbər olduğunu bildirsə də, onu tərtib etmiş mütəxəssisin (ekspertin) özəl məhkəmə eksperti şəhadətnaməsini, Məhkəmə Ekspertləri Reyestrinə daxil edildiyi barədə sənəd təqdim etməmişdir.
31. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh apellyasiya şikayətində kredit müqaviləsində olan imzanın ona məxsus olub-olmadığını mübahisələndirməmiş, həmin müqavilə üzrə iddiaçının tələb etdiyi məbləğlə razı olmadığını bildirmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 3235/2019 nömrəli qətnaməsi xx.xx.2015-ci il tarixli 5267 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, xx.xx.2015-ci il tarixli 5267 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 18.012,42 ABŞ dolları, faiz borcunun məbləği 547,88 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 138 manat pul, İddiaçı ASC-dən iş üzrə keçirilmiş məhkəmə-mühasibatşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-3235/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli 5267 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 18.012,42 ABŞ dolları, faiz borcunun məbləği 547,88 ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 138 (bir yüz otuz səkkiz) manat pul Cavabdeh, iş üzrə keçirilmiş məhkəməmühasibatşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.