Məhkəmə qərarları › İş №2(103)-1010/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1010/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1010/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borcun tutulması, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X2 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (MMC) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə” bağlanmış, müqaviləyə görə, Cavabdeh MMC-nə 1285 manat məbləğində borcunun yarandığını tam etiraf edərək borclu 3 aya, yəni xx.xx.2019-ci il tarixinədək, hər ay 428,33 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuşdur ki, ümumi borc məbləği müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5 faizi miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür.

3. MMC tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdə pretenziya məktubu ünvanlanmış, məktubda 1285 manat məbləğində borcun xx.xx.2020-ci il tarixinədək ödənilməsi tələb olunaraq, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

4. MMC-nin təqdim etdiyi maliyyə arayışına görə, Cavabdeh xx.xx.2022-ci il tarixinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMC-yə 1285 manat əsas borc olmaqla, müqavilənin 2.4-cü maddəsinin şərtlərinə əsasən hesablanmış 578,70 manat dəbdə pulu ilə birlikdə ümumilikdə 1863,70 manat ödənilməmiş borcu qalmışdır.

5. İddiaçı MMC iddianın məhkəməyə verilməsi üçün 39 manat rüsum ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 1285 manat məbləğində əsas borcun, əsas borca hesablanmış 578,70 manat məbləğində dəbbə pulunun, yəni ümumilikdə 1863,70 manat məbləğində borcun, o cümlədən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanılmış, müqaviləyə əsasən Cavabdeh MMC-nə 1285 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 428,33 manat olmaqla hissə-hissə MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan heç bir məbləğ ödənilməmiş, borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Borc məbləği cavabdeh tərəfindən ödənilmədiyindən müqavilənin 2.4-cü bəndinə görə, cavabdehin əlavə olaraq 578,70 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır.

8. Cavabdeh iddianı qəbul etməyərək iddiaçıya borcunun olmadığını bildirmiş, eyni zamanda iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

10. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, cavabdeh, tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, azaldılaraq 89,95 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddianın 39 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də əsaslı hesab olunmalıdır.

12. Bununla yanaşı məhkəmə vurğulamışdır ki, iddia qismən əsaslı hesab edilsə də, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc xx.xx.2019-cu il tarixdə ödənilməli olduğuna baxmayaraq, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə ilkin olaraq, xx.xx.2021-ci il tarixində müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı məhkəmə iclaslarında iştirak etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmış, daha sonra iddiaçı təkrar olaraq hazırkı iddia ərizəsi ilə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməklə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 462.1-ci, 467-ci, 600.1-ci, 372.1-ci, 372.2-ci, 376-cı, 377-ci, 381-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinad etmişdir.

14. Qətnamədən iddiaçı təşkilatın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin qismən əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlsə də, iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin müddəalarını düzgün tətbiq etməmiş, cavabdehə qarşı əvvəllər qaldırılmış iddianın sonradan baxılmamış saxlanıldığını və sonra yenidən məhkəməyə müraciət edildiyini, əvvəlki iddianın məhkəmənin icraatında olduğu dövrdə iddia müddətinin axımının dayanmış olduğunu nəzərə almamışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

15. Məhkəmə iclasında iştirak edən iddiaçı MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

18. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

19. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

20. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

22. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

25. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: ...379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə.

26. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

27. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.

28. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

29. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

30. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

31. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli müqavilədə borcun xx.xx.2019-cu il tarixinədək qaytarılacağı razılaşdırılmış, MMC-nin apellyasiya şikayətində qeyd etməsinə görə həmin tarixədək o, heç bir ödəniş həyata keçirməmişdir.

47. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələb üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, cavabdehlə MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2019-cu il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Əsasını həmin müqavilənin təşkil etdiyi tələb üzrə iddia müddəti xx.xx.2022ci il tarixdə bitmişdir, iddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab olunmalıdır.

49. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

50. Hazırkı iş üzrə iddia müddətinin kəsilməsinə əsas verən hallar (§ 28) da mövcud deyildir; belə ki, MMC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixdə iddia qaldırdığı zaman iddia müddətinin bitməsinə 11 ay 24 gün qalmış, iddia məhkəməyə verildikdən sonra müddətin axımı kəsilsə də, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı əsasında baxılmamış saxlanıldığından müddətin axımı ümumi qaydada davam etmiş (§ 30), 28 iyun 2022-ci il tarixdə növbəti dəfə iddia irəli sürüldüyü zaman isə müddət ötürülmüş olmuşdur.

51. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddianın qismən əsaslı hesab olunduğunu vurğulamaqla qətnamənin əsaslandırıcı və nəticə hissələri arasında ziddiyyət yaratsa da, həmin pozuntu qətnamənin ləğvinə səbəb olmamalıdır. Belə ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-46492/2022 saylı iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar