Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1010/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyət oğluna qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı1, İddiaçı2, Cavabdeh2 Cəmiyyət oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-888/2023 nömrəli, 19 oktyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 Cəmiyyət oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı2 məxsus olan və İddiaçı1 tərəfindən idarə olunan "Mercedes Benz E 220" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan "TOYOTA PRİUS (HİBRİD)" markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə iddiaçının avtomobilinə və İddiaçı1 sağlamlığına Cavabdeh2 təqsirli hərəkəti nəticəsində zərər dəymişdir.
2. İddiaçılar dəymiş zərərin əvəzinin cavabdehlərdən alınması ilə bağlı məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyət oğluna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyət oğlundan "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 3452 manat, İddiaçı1 sağlamlığına dəymiş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat, ödənilmiş 54 manat dövlət rüsumunun əvəzinin alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 xüsusi mülkiyyətindədir və etibarnamə əsasında İddiaçı1 tərəfindən idarə olunur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yolunda "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə zamanı İddiaçı1 sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid edilən bədən xəsarətləri yetirilmişdir. Hadisədən sonra cavabdeh Sarvanlı Sarvan Cəmiyyət oğlu nə avtomobilə dəymiş maddi ziyanı, nə də İddiaçı1 sağlamlığına dəymiş ziyanın ödənilməsini təmin etməmişdir. "Toyota Prius" markalı avtomobil "xxxx" ASC tərəfindən icbari sığortalandığından, avtomobilə dəymiş maddi ziyanın məbləği qiymətləndirilmiş və ziyanın 6820 manat olması müəyyən edilmişdir. Lakin hadisə zamanı, cavabdeh idarə etdiyi avtomobillə digər Tofaş markalı avtomaşına da maddi ziyan vurduğundan, 5000 manat məbləğində icbari sığorta məbləği 2 avtomobil arasında bölünərək, ona dəymiş maddi ziyanın əvəzi olaraq ümumilikdə 3367,90 manat ödəniş edilə biləcəyi bildirilmişdir. Lakin həmin məbləğ də hal-hazırkı vaxatdək ödənilməmiş olaraq qalmışdır. Bundan başqa, hadisə zamanı Cavabdeh2 Cəmiyyət oğlu hadisədən sonra onun sağlamlığıma yüngül zərər vurmaya aid xəsarətlər yetirməsinə baxmayaraq, onun müalicə xərclərini də ödəməmiş, hadisə ilə bağlı uzun müddət işləyə bilmədiyindən, yeganə qazanc mənbəyi olan avtomobillə taksi kimi fəaliyyət göstərə bilmədiyindən, ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh isə nə onun səhhəti ilə maraqlanmış, nə də dəymiş ziyanın azaldılmasına yönələn hər hansı bir hərəkət etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Ona maddi ziyan vuran avtomobil sonuncunun mülkiyyətində olduğundan, vurumuş maddi zərərin əvəzinin ödənilməsində onun da məsuliyyəti olduğundan, maddi ziyanın əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyət oğlundan "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 3452 manat, İddiaçı1 sağlamlığına dəymiş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat, ödənilmiş 54 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
5. Cavabdeh2 Cəmiyyət oğlu etirazla müraciət edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətində gedən Albalılıq yolunda, iki istiqamətli, istiqamətləri iki qoşa xətt ayıran, hər istiqamətdə iki zolaq olan yolun sağdan ikinci zolağı ilə hərəkətdə olarkən, qarşıda eyni istiqamətdə yolun sağdan ikinci zolağında hərəkətdə olan “Kamaz” yük markalı avtomobilin sol tərəfindən ötmə əməliyyətı etmək istəyərkən idarə etdiyi avtomobilin idarəetməsini itirmiş və idarə etdiyi avtomobil qoşa xətti sol istiqamətdə keçib, yolun əks istiqamət zolağına daxil olaraq yolun əks istiqamətində öz hərəkət zolağı ilə hərəkətdə olan İddiaçı1 idarə etdiyi “Mersedes Benz minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil və Murşudlü Malik Cəbrayıl oğlunun idarə etdiyi “Tofaş Doğan” minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mersedes Benz” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 yüngül dərəcəli bədən xəsarətləri, həmin avtomobilin sərnişini Həmzəyev Qulam Həmzə oğlu isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığı üçün onun barəsində inzibati tədbirlər görülməsi məqsədilə material Xəzər DYPŞ-nin vasitəsi ilə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(003)-1474/2022 saylı qərar ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə etiraz edərək bildirir ki, hadisə baş verəndən sonra o, ustaya həmin “Mersedes Benz” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili göstərmişdir və usta həmin avtomaşının təmiri üçün ondan 3000 manat istəyib. “Mersedes Benz” minik markalı avtomaşın köhnə olduğundan onun bazar qiyməti təxminən 6000-7000 manat olar. İddiaçı1 isə həmin avtomaşını yerində 5000 manata satmışdır, sığortadan isə onun maşının təmiri üçün 3367,90 manat ayırılmışdır. Həmin avtomaşın satılıb başqa şəxsə verilmişdir. O, həmin avtomaşını təmir etmək istəyirdi, lakin heç ona məlumat vermədən o, avtomaşını satmışdır. İddiaçı1 yüngül dərəcəli bədən xəsarət almışdır, lakin buna baxmayaraq ona sağlamlığına dəymiş ziyana görə 500 manat pul vermişdir və hər dəfə onun evinə gedəndə bazarlıq etmişdir. Sığorta şirkəti isə onun sağlamlığına dəymiş ziyana görə 750 manat pul ödəmişdir. Cavabdeh iddiaçının xəstəxanaya xərclədiyi qəbzləri təqdim etməsini xahiş etmişdir.
6. Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi ona aid hissədə rədd edilməlidir. Belə ki, ona məxsus "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə Cavabdeh2 verilmiş, yol hərəkəti qaydasını pozan həmin şəxs olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan tərəflər şikayət verməmiş, İnzibati Xəyalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Xəzər Rayon Məhkəməsinə göndərilmiş, müvafiq qərar qəbul edilmiş və həmin qərardaddan tərəflər şikayət verməmişlər. O, hadisənin iştirakçısı olmamışdır. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən avtomobilə dəymiş ziyanın əvəzi olaraq 3452 manat və İddiaçı1 sağlamlığına dəymiş maddi ziyanın əvəzi olaraq 2000 manat, ödənilmiş 54 manat dövlət rüsumunun İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-888/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim Qumru Əliyeva) ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh2 2792,1 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,68 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10,32 manat hissəsinin iddiaçılara aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25,06 manatının Cavabdeh2 və 24,40 manatı İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət Xəzinədarlıq Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.3-ci maddəsinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2, 47.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 103.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh2 Cəmiyyət oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin sənədlərindən görünür ki, İddiaçı1 istifadəsində olan “Mercedes Benz” markalı avtomobil 1999-cu il buraxılışlıdır. Bu növ avtomobillərin hazırki bazar qiyməti maksimum 7000 manata yaxındır. Eyni zamanda mülki işin sənədlərindən görünür ki, bu avtomobilə dəymiş ziyanla əlaqədar "xxxx" ASC tərəfindən iddiaçıya 3367 manat məbləğində pul ödənilmişdir. Bundan başqa, iddiaçı özü də məhkəmə iclasında etiraf etmişdir ki, avtomobil qəzaya uğradıqdan sonra onu həmin vəziyyətdə 5000 manata başqa bir şəxsə satmışdır. Yəni işin hallarından da görünür ki, iddiaçı tərəfindən ümumilikdə bu avtomobilə görə 8367 manat məbləğində pul əldə edilmişdir. Yəni, o, faktiki olaraq ona vurulan maddi ziyanı tam şəkildə əldə etmişdir və əldə olunan pul vəsaitinə görə iddiaçı eyni markalı, eyni buraxılış ilinə aid olan avtomobili əldə etmək imkanı vardır. Bundan başqa bu iddia ilə əlaqədar məhkəmə prosesi zamanı təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən əsassız olaraq vəsatət təmin edilməmişdir. Bununla da AR MPM-nin 102-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin ekspert rəyinə baxdıqda da açıqaydın görünür ki, ekspert mübahisə predmeti olan avtomobilə baxış keçirmədən yalnız "xxxx" ASC-nin nümayəndələrinin tərtib etdikləri qüsur aktına istinad edərək belə bir rəy vermişdir. Təbii ki, bu da qanunvericilik baxımından yolverilməzdir. Bu hadisə baş verən vaxt biz avtomobili müxtəlif ustalara göstərərək onun təmiri üçün ümumilikdə nə qədər vəsaitin tələb olunmasını soruşmuşduq və bir neçə usta bu avtomobilin həm zədələnmiş ehtiyat hissələrinin dəyişdirilməsi, həm də usta xərci ilə birlikdə ümumilikdə 3200 manat məbləğində vəsaitin lazım olduğunu bildirmişdilər. Lakin məhkəməyə təqdim edilmiş ekspert rəyinə görə avtomobilin təmiri ilə əlaqədar çəkiləcək xərclərin ümumi məbləği 6160 manat məbləğində göstərilmişdir. Çox qəribədir ki, avtomobilin yalnız sol qarşı tərəfi zədələndiyi halda, ekspert tərəfindən avtomobilin ümumi dəyəri həcmində bərpa xərcinin göstərilməsi tamamilə absurd və məntiqsiz bir yanaşmadır. Hamıya da məlumdur ki, “Mercedes Benz” markalı, 1999-cu il istehsallı avtomobilin təmirinə 6160 manat məbləğində pulun sərf edilməsi tamamilə inandırıcı deyil. Bu ziddiyyətlərin aradan qaldırılması üçün təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə işin daha ədalətli və obyektiv baxılması üçün təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş və işin obyektiv araşdırılmasına şərait yaratmamışdır. İşin hallarından da görünür ki, iddiaçının avtomobilinə dəymiş maddi ziyan "xxxx" tərəfindən tam ödənilsə də, o, həmin məbləği yenidən məndən tələb etmişdir. Məhkəmə işin bu hallarını hərtərəfli araşdırmamış və belə əsassız qətnamə qəbul etmişdir. Ona görə də işin halları yenidən araşdırılmalı və bu iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Cəmiyyət oğlunun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. Maddə 14.2.6. mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
16. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2 zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
18. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:
21. 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 4.2.5. yüngül xəsarət alması – 15 faiz.
22. 47.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
26. Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
27. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissədə iddiaçılar tərəfindən mübahisələndirilmədiyindən qətnamə iddia tələbinin təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-888/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli 016-159298-1222 saylı məlumatından görünür ki, "TOYOTA PRİUS (HİBRİD)" markalı **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh1 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh2 istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur.
37. Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 Cəmiyyət oğlunun törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir.
38. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1474/2022 saylı xx.xx.2022ci il tarixli qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1999-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan MR, Şərur rayonu, Tənənəm kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yaşayan Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
39. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 12:30-da yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 mülkiyyətində olan "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh2 Cəmiyyət oğlu yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir.
40. xx.xx.2022-ci il tarixli, CML-6376/2022-AKT6844/22 saylı sığorta aktının surətindən görünür ki, sığortalanmış (xx.xx.2021-xx.xx.2022) "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərər dəymiş əmlaka ("Mercedes Benz" markalı ** JD *** d.q.n) sığorta ödənişi avtomobilin təmiri üçün İddiaçı2 hesabına 3367,90 manat pul köçürülmüşdür.
41. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesabatından görünür ki, İddiaçı2 məxsus olan "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 6820 manat tələb edilir.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 1178 saylı rəyinin surətindən görünür ki, İddiaçı1 xəsarətləri xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər.
43. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx"ASC tərəfindən İddiaçı2 hesabına 3367,90 manat pul köçürülmüşdür.
44. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı1 hesabına 744,79 manat pul köçürülmüşdür.
45. Birinci instansiya məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3341 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı "Mercedes Benz E 220" markalı **-CR- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6160 manat müəyyən edilir.
46. Dövlət rüsumu haqqında xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün Poladova Aytən Esman qızı (iddiaçıların nümayəndəsi və vəkili) tərəfindən 54 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir..
47. Kollegiya ilk növbədə qeyd edir ki, hadisənin baş verməsi və cavabdeh Salamanlı Sarvan tərəfindən İddiaçı1 maddi ziyanın vurulması iş materiallarına əlavə edilmiş sənədlər və tərəflərin izahatına uyğun olaraq işin mübahisəsiz halıdır. Hazırda mübahisələndirilən hal avtomobilə dəymiş ziyanın məbləği ilə bağlıdır.
48. Kollegiya hesab edir ki, iddiaçı avtomobilə dəymiş zərərin məbləği kimi "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesabatı əsas götürülməklə 6820 manat göstərsə də, işin hallarının araşdırılması zamanı təqdim olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3341 nömrəli rəyinə əsasən avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 6160 manat müəyyən edilmişdir.
49. Kollegiya bildirir ki, ekspert rəyi digər sübutlarla birlikdə qiymətləndirilməklə, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən hesablamanın əsasını təşkil etmişdir. Belə ki bu qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 2792,1 manat məbləğində pul tutulmuşdur.
50. Kollegiya apellyasiya şikayətinin dəlili olan ekspertiza nəticəsinin düzgün olmamasına, təkrar ekspertizanın keçirilməli olmasına münasibətdə bildirir ki, apellyatorun istinad etdiyi xx.xx.2024-cü il tarixli 687 nömrəli arayışa əsasən 4165 manat məbləğində əsasən avtomobilin təmir-bərpa xərci müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının obyektivliyinə şübhə yaradacaq hallar mövcud deyildir, hesablanmış məbləğ eyni zamanda Azsığorta” ASC-nin xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesabatı ilə daha uyğundur. Belə ki, apellyatorun təqdim etdiyi arayışda hesablanmış məbləğ digər iki hesablama nəticəsindən ciddi şəkildə fərqlənir.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 54 manatın 43,68 manatı Cavabdeh2 İddiaçı1 xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 50 manatın 25,06 manatı Cavabdeh2 və 24,40 manatı İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, qalan 24,40 manatı iddiaçılara aid edilməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
54. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh2 Cəmiyyət oğluna aid edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 Cəmiyyət oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-888/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh2 Cəmiyyət oğluna aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.