Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1011/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən -0084075AZN40046 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6000 (altı min) manat əsas borc, 1235.66 (bir min iki yüz otuz beş manat altmış altı qəpik) manat faiz borcu, 970.80 (doqquz yüz yetmiş manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 8206.46 (səkkiz min iki yüz altı manat qırx altı qəpik) manat məbləğində borcu, - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5,065.03 (beş min altmış beş manat üç qəpik) manat məbləğində borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Günay Həşimova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10084075AZN40046 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 6000 (altı min) manat əsas borc, 1235 (bir min iki yüz otuz beş) manat 66 (altmış altı) qəpik) manat faiz borcu, 450 (dörd yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 7685(yeddi min altı yüz səksən beş) manat 66 (altmış altı) qəpik məbləğində borcu və 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5065 (beş min altmış beş) manat 03 (üç) qəpik məbləğində borc olmaqla, iki müqavilə üzrə ümumilikdə- 12750 (on iki min yeddi yüz əlli) manat 69 (altmış doqquz) qəpik borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan faiz borcunu tutmamaqla və cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflər arasında faiz və cərimənin hesablanmasıilə bağlı müqavilə şərtində razılıq əldə edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 467-cı maddənin mənasından belə başa düşmək olar ki, buradacərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə“tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansımeyarlarəsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur.
5. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 355 gün olduğundan cərimə məbləğinin 450 (dörd yüz əlli) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.
6. Odur ki, qətnamənin cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gələməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
8. 0084075AZN40046 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1nun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etmiş və sonradan tərəflər arasında X1 çərçivəsində 0084075AZN40046 saylı xx.xx.20220ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana 36 ay müddətinə illik faiz dərəcəsi 24.19%, illik cərimə faizi 180% olmaqla, 6000 (altı min manat) manat məbləğində istehlak krediti məqsədilə işçi krediti verilmişdir.
9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 084075AZN40046 saylı maliyyələşdirmə üçün ərizə əsasən borcu aşağıdakı kimidir: 6000 manat əsas borc, 1235.66 manat faiz borcu, 970.80 manat cərimə borcu olmaqla, cəmi 8206.46 manat məbləğində borcu mövcuddur.
10. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı banka 6000 manat krediti 36 ay müddətinə 24,19% dərəcəsi ilə hər ay 228,93 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
11. 441010AZNFK********** saylı kart hesabından çıxarışa əsasən 5,065.03 (beş min altmış beş manat üç qəpik) manat borc təşkil edir.
12. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Tətbiq edilən prosessual hüquq normaları:
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
15. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi əsas və faiz borcu hissədə təmin, cərimə borcu hissədə qismən təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddaçının şikayətinə əsasən iddia tələbinin cərimə borcunun təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. Kollegiya cərimə borcu ilə bağlı apellyasiya şikayətinin dəlili üzrə qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə görə tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərə alaraq, hazırkı mübahisə üzrə əsas borca hesablanmış cərimə məbləğinin tənasübsüz çox olması və 450 manat məbləğində saxlanılması barədə iş üzrə düzgün qənaətə gəlmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Nəticə:
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
20. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
21. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə idiaçının mübahisələndirdiyi cərimə borcu hissədə (970.80-450=520,8) mübahisələndirilən hissə: 520,8 manat təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
22. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov