Məhkəmə qərarları › İş №2(103)-10112/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10112/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10112/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2846/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 09.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5.829 ABŞ dolları əsas, 4.879,89 ABŞ dolları faiz, 4.391,69 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 09.03.2019-cu il tarixdən 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 593,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15.693,78 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 15.300 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 08.02.2021-ci ilədək Cavabdeh banka 09.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5.829 ABŞ dolları əsas, 4.879,89 ABŞ dolları faiz, 4.391,69 ABŞ dolları cərimə borcu və 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 593,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15.693,78 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 09.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 10.830,22 ABŞ dolları, faiz borcu üzrə 7.507,45 ABŞ dolları, cərimə borcu üzrə 5.345,36 ABŞ dolları və 09.03.2019-cu il tarixdən 26.07.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 726,6 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24.409,63 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2846/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 5.652,79 (beş min altı yüz əlli iki dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində əsas borcun, 2.122,57 (iki min yüz iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 649,27 (altı yüz qırx doqquz dollar iyirmi yeddi sent) ABŞ dolları əldən çıxmış fayda, 565 (beş yüz altmış beş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8.989,63 (səkkiz min doqquz yüz səksən doqquz dollar altmış üç sent) ABŞ dolları məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilməsi, qətnamə ilə təmin edilmiş 8.989,63 ABŞ dolları məbləğində kredit borcunun tutulması zamanı 01 ABŞ dollarının Azərbaycan Respublikası Manatına nisbəti 1,05 AZN hesablanması, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2846/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi cavabdehdən əsas, faiz, cərimə borcunun və əldən çıxmış faydanın tutulması, eyni zamanda tutulacaq borc məbləğinin Azərbaycan manatına nisbətini müəyyən edilməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, ekspert rəyinə əsasən cavabdehin İddiaçı ASC-yə 08.02.2021-ci il tarixinə 10.830,22 ABŞ dolları əsas, 2.122,57 ABŞ dolları məbləğində faiz borcunun olması göstərilmişdir. Keçirilmiş ekspertizaya və verilmiş rəyə əsasən iddiaçı iddia tələbinin həcmini əsas borca münasibətdə ekspert rəyinə uyğun olaraq artırmış və cavabdehdən 10.830,22 ABŞ dolları məbləğində əsas borcun tutulmasını xahiş etmiş, məhkəmə isə iddia tələbini əsas borca münasibətdə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında göstərilən əsas borc məbləğinə uyğun olaraq təmin etmişdir. Eyni zamanda məhkəmə təqdim edilmiş maliyyə arayışında qeyd edilən faiz borcunun məbləği ilə razılaşmayaraq həmin hissədə ekspert rəyini nəzərə almış və cavabdehin faktiki olaraq borcu 7.507,45 ABŞ dolları olduğu halda, iddia tələbini ekspert rəyinə uyğun olaraq 2.122,57 ABŞ dolları hissədə təmin etmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla digər sübutlarla birlikdə qiymətləndirilməlidir, yəni eksper rəyi sübutlardan sadəcə biridir və həmin rəyə əsasən qətnamə qəbul edilməsi əsassızdır. Bundan başqa birinci instansiya məhkəməsi ekspert rəyini faiz borcuna münasibətdə sübut kimi qəbul etmiş, əsas borca münasibətdə isə onun əsassız olması qənaətinə gəlmişdir ki, bu da düzgün yanaşma deyildir. Belə ki, hesab edirik ki, hər hansı bir sübutun bir hissəsinin nəzərə alınıb, digər hissəsinin sübut kimi nəzərə alınmaması həmin sübutun əsassızlığına gətirib çıxarır. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də, hesab edir ki, əsas və faiz borcuna münasibətdə qətnamə əsassızdır. Belə ki, məhkəmə ya ekspert rəyini tam olaraq sübut kimi nəzərə almalı və rəyə uyğun olaraq qətnamə qəbul etməli, ya da ki, həmin rəyi sübut kimi nəzərə almayaraq məhkəməyə təqdim etdilmiş və maliyyə arayışına əsaslanaraq ona uyğun hissədə iddia tələbi təmin etməli idi. Birinci instansiya məhkəməsi illik 5 faizlə hesablanmış əldən çıxmış fayda hissəsində də düzgün nəticəyə gəlməmiş, təmin etdiyi əsas borca münasibətdə əldən çıxmış faydanı hesablamışdır. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanmışdır. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini mübahisəli münasibətə tətbiq etməmişdir. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Məhkəmə qətnamə qəbul edərkən tərəflər arasında 09 oktyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə Əlavə Sazişin yalnız 1.2-ci bəndinə istinad edərək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kredit müqaviləsinə Əlavə Sazişin 1.3 və 1.4-cü bəndlərini nəzərə almamışdır. Bu səbəbdən məhkəmə MM-in müxtəlif maddələrinə istinad edərək, formal mülahizələrlə MPM-nin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa, kreditin xarici valyuta ilə verilməsi qanunvericiliyin hansısa normasına zidd deyildir və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinin qadağan edilməsi anlamını daşımır. Belə ki, kreditin məbləği bir qayda olaraq, bankın nağd valyutanın alqı-satqısı üzrə mövcud olan müvafiq satış kursu ilə manatla ödənilir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2846/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X3 iddia ərizəsində, iddianın həcminin artırılması barədə ərizədə və apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, Bank tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2846/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyev tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2846/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə xaxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi İsa Hacıyev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22-A-1-0-1327-14 saylı, 09 oktyabr 2014-cü il tarixli “Kredit müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" İKB ASC borcalan Cavabdeh arasında illik 18 dərəcəsi ilə 36 ay müddətinə 15.300 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 11 - 12) İşin materiallarında olan 09.10.2014-cü il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən 15300 ABŞ dolları məbləğində kredit vəsaiti qəbul etmişdir.(İ.vər. 17) İş materiallarında olan, 22-A-1-0-1327-14 saylı, 09.10.2014-cü il tarixli kredit müqaviləsinə 06.04.2015-ci il tarixli əlavədən görünür ki, 22-A-1-0-1327-14 saylı 09.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin bağlanma tarixi 09.03.2019-cu il müəyyən edilmişdir.(İ.vər. 14) İşin materiallarında olan, 22-A-1-0-1327-14 saylı 09.10.2014-cü il tarixli kredit müqaviləsinə 28.01.2016-cı il tarixli əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixindən etibarən kredit borclarının ödənilməsi 1 ABŞ dolları = 1,05 manat məzənnə əsasında həyata keçiriləcəkdir.(İ.vər. 88) İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış PAİHTD-922 saylı, 29.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Banka ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir.(İ.vər. 18) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyevin apelyasiya şikayətinin əsas və faiz borcunun az hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2805 saylı, 23.06.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 08.02.2021-ci il tarixinə (iddiaçının tələb etdiyi vaxta) İddiaçı ASC-yə 10.830,22 ABŞ dolları əsas, 2.122,57 ABŞ dolları məbləğində faiz borcu vardır.(İ.vər. 108 - 111) İş materiallarında olan, 26.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə İddiaçı ASC-yə 5.652,79 ABŞ dolları məbləğində əsas, 7.507,45 ABŞ dolları faiz və 5.345,36 ABŞ dolları cərimə və 26.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 726,6 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə borcu vardır.(İ.vər. 124) Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 22-A-1-0-1327-14 saylı, 09 oktyabr 2014-cü il tarixli krеdit müqaviləsinin 1.11-ci bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 36 ay müddətinə illik 18 % ödəməyi öhdəsinə görürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın “gecikdirilmiş vaxt üçün 09.03.2019-cu il tarixdən 26.07.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış əldən çıxmış faydaya görə 726,6 ABŞ dolları borcun tutulması” hissədə də qismən əsaslı hesab etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin kredit müqaviləsi öhdəliklərinin icra müddətinin sonuncu günü 09.03.2019-cu il müəyyən edilmişdir. Həmin tarixdən iddiaçının tələb etdiyi 26.07.2021ci il tarixə gecikdirmə müddəti 27 ay, 17 gün olmuşdur. Cavabdehin əsas borcunun 5652,79 ABŞ dolları olduğunu nəzərə aldıqda, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla əldən çıxmış faydaya görə borcun məbləği 649,27 ABŞ dolları ((((5652,79x5/100)/12)x27) + ((((5652,79x5/100)/12)/30)x17)= 649,27 ABŞ dolları) müəyyən edilir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 649,27 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla əldən çıxmış faydaya görə borc tutulmalı olduğu nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyevin apelyasiya şikayətinin cərimə borcunun az hesablanması ilə bağlı dəlilinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış 22-A-1-0-1327-14 saylı, 09 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən bu müqavilə üzrə gecikdirilən borc məbləğinə cərimə kimi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 54 (on altı) % dərəcəsi ilə faiz hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 22-A- 1-0-1327-14 saylı, 09 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə uyğun olaraq əsas kredit məbləği üzrə tələb olunan 5.345,36 ABŞ dolları dəbbə pulunun 565 ABŞ dolları həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyevin apelyasiya şikayətinin əsas, faiz, cərimə borcunun və illik 5 faizlə hesablanmış əldən çıxmış faydaya görə borcun az hesablanması, həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/2805 saylı, 23.06.2021-ci il tarixli rəyinin məkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilini əsassız hesab edir. Həmçinin İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyevin apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyevin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2846/2021 saylı, 27 iyul 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2846/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar