Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10113/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X5 qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3003/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı QSC- cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Şiarağa oğlu ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3071,96 manat məbləğində kredit borcu, 494,75 manat məbləğində faiz borcu, və 937,85 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4504,56 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 bank ilə 04.06.2019-cu il tarixdə bağladığı 056A191559309 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4500 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 06.04.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1428,04 manat ödəniş etmiş və onun iddiaçıya 3071,96 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 29.01.2021-ci il tarixəə 298 gün üçün hesablanmış faiz borcu 494,75 manatdır. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığın 0,1% məbləğində cərimə ödəməlidir. Odur ki, 29.01.2021-ci il tarixə 298 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 937,85 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh ilə birlikdə məsuliyyət daşıyır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3003/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3049,07( üç min qırx doquz manat, yeddi qəpik) manat, faiz borcu üzrə 494,75 (dörd yüz doxsan dörd manat, yetmiş beş qəpik) manat, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 3743,82 (üç min yeddi yüz qırx üç manat, səksən iki qəpik) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi,iddia qalan hissədə təmin edilməməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir (sədrlik edən: İlkin Əliyev).
4. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir . Apellyasiya şikayəti və dəlilləri:
5. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Accessbank QSC tərəfindən kredit borcu, faizlər və cərimə həddindən artıq şişirdilmiş və düzgün müəyyən edilməmişdir.Tərəflər arasında bağlanmış müqavilə iki illik müqavilədir.Müqavilə üzrə öhdəliklrin yerinə yetirilməsində müəyyən nöqsan olmuşdur.Lakin bu müqavilə şərtlərin əhəmiyyətli dərəcədə pozulması demək deyildir.Həmçinin şikayətdə qeyd edilmişdir ki,məhkəmə yalnız iddia verilən günədək gecikdirilmiş əsas və faiz borcu tuta bilərdi.
6. Kollegiya iclasında iddiaçının nümayəndəsi M.Hüseynova iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
7. Cavabdehlərə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Sübutların tədqiqi:
8. İş materiallarından olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan 056A********** saylı, 04 iyun 2019-cu il tarixli kredit müqaviləsindən və 1 saylı əlavədən görünür ki, bank borcalana aylıq 2,0833 % dərəcəsi ilə, 24 ay müddətinə, aylıq ödəniş 241 manat olmaqla, 4500 manat istehlak krediti verməyi, borcalan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür.
9. İş materiallarında olan İddiaçı QSC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanan 04 iyun 2019-cu il tarixli, 056G**********01 saylı zaminlik müqaviləsidən görünür ki, bu müqavilə borclunun 04 iyun 2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır
10. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilən 04 iyun 209-cu il tarixli krediti verilməsiköçürmə ilə bağlı qəbzdən görünür ki, bank tərəfindən Cavabdeh1 hesabına 45 manat komissiya haqqı tutulmaqla 4500 manat kredit verilmişdir.
11. İddiaçı QSC tərəfindən borclulara ünvanlanan 22.01.2021-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, borclulara 04 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə olan borcu 31.01.2021-ci il tarixinədək ödəmələri təklif edilmiş əks halda kredit borcunun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. İddiaçı QSC tərəfindən verilən 16.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan 056A********** saylı, 04 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 29.01.2021-ci il tarixinə Cavabdeh1 3071,96 manat əsas, 494,75 manat faiz, 937,85 manat cərimə borcu, cəmi 4504,56 manat borc hesablanmışdır. Cərimə üzrə gecikdirilən günlərin sayı 298-dir.
13. Azərbaycan Respublikası Ekspertizası Mərkəzinin 9/3271 saylı, 26.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 04 iyun 2019-cu il tarixli, 056A********** saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas məbləğ üzrə 3049,07 manat, faiz üzrə borcu 705,09 manatdır.
14. Ekspert tədqiqatının dəyəri 50 manatdır. 18 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə:
15. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 056A********** saylı, 04 iyun 2019-cu il tarixli kredit müqaviləsindən və 1 saylı əlavədən görünür ki, bank borcalana aylıq 2,0833 % dərəcəsi ilə, 24 ay müddətinə, aylıq ödəniş 241 manat olmaqla, 4500 manat istehlak krediti verməyi, borcalan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün və zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyacağı barədə məsuliyyəti öz üzərinə götürmüşdür. Hesabdan çıxarış məlumatlarına əsasən borcalan sonuncu dəfə 12 mart 2020-ci il tarixdə 100 manat ödəniş etmişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
17. Göründüyü kimi, borcalan Cavabdeh1 ilə iddiaçı olan bank arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kreditor müqavilə üzrə öhdəliyini icra etmiş müqavilədə qeyd edilən kredit məbləğini borcalana təqdim etmişdir, borcalan isə kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmamışdır. Kredit müqaviləsinin müddəti 04.06.2021-ci il tarixdə bitmiş və cavabdehin müqavilə üzrə borcu yaranmışdır
18. Nəticə etibarı ilə borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi cavabdeh X2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.
19. Bakı şəhəri Binəqədi rayon məhkəməsi 2(001)-3003/2021 saylı, 15.04.2021 –ci il tarixli qərardadla borc məbləğinin dəqiq müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Həmin ekspert rəyinə əsasən əsas borc 3049.07 manat, faiz borcu isə 705.09 manat məbləğində müəyyən edilmişdir.
20. Bu səbəbdən də məhkəmə kollegiyası birinci insatnsiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əsas borc məbləğinin ekspert rəyi əsasında,yəni 3049,07 manat məbləğində, faiz borcunun isə tələb həddində-494,75 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
24. Bundan başqa cərimə borcuna münasibətdə kollegiya qeyd edir ki, 056A********** saylı, 04 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 937,85 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
25. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
26. Kollegiya işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı vurğulayır ki, birinci instansiya məhkəməsinin “dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmadığından, bu səbəbdən də iddiaçı tərəfindən hesablanmış dəbbə pulu endirilməli və əsas borc məbləği nəzərə alınmaqla 200 manat məbləğində müəyyən edilməlidir” fikri əsaslı olmuşdur.Odur ki, məhkəmə kollegiyası bakı şəhər binəqədi rayon məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, qeyd edilən hissədə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
27. Cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, Accessbank QSC tərəfindən kredit borcu, faizlər və cərimə həddindən artıq şişirdilmiş və düzgün müəyyən edilməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Kredit borcu, faizlər və cərimə məbləği məhkəmə tərəfindən ekspert rəyinə uyğun olaraq müəyyən edilmişdir.Həmçinin şikayətdə göstərilmişdir ki “məhkəmə yalnız iddia verilən günədək gecikdirilmiş əsas və faiz borcu tuta bilərdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinə iddia 03.03.2021-ci il tarixdə verilmiş, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qərardadda birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısına “iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 maliyyə arayışının verildiyi, yəni 16.02.2021-ci il tarixinə hansı məbləğdə əsas, faiz və borcun yaranması və həmin tarixdən sonra silinmələr edilmişdirmi, edilmişdirsə silinmələr hansı qaydada aparılmışdır” sualı qoyulmuşdur.Bu da o deməkdir ki, cavabdehin şikayətində qeyd etdiyi “məhkəmə yalnız iddia verilən günədək gecikdirilmiş əsas və faiz borcu tuta bilərdi dəlili tamamilə əsassızdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. MPM-in 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 360 və 362, 398-400, 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi,
q ə t e t d i:
Cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3003/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.