Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1012/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarılması şərtilə 9500 manat məbləğində pul vəsaiti vermişdir, borc verən tərəfindən 115 manat məbləğində notarius xərci ödənilmişdir.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10073 saylı qəbzdən görünür ki, 8500 manat X4 ödənilmişdir.
3. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, məhkəməyə ərizə verilərkən 106,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı - Cavabdeh 8615 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 106,15 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının tanışıdır. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, təcili ona pul lazımdır, pulu ən geci 10 gün müddətində qaytarmaq şərti ilə vermişdir. Cavabdeh iddiaçı ilə razılaşaraq iddiaçıdan alacağı 9500 manat pulu ən geci 8 günə qaytaracağını bildirirək aralarında 01 sentyabr 2023-cü il tarixdə borc müqaviləsi (kredit müqaviləsi) bağlanmışdır. Həmin borc müqaviləsi üçün iddiaçı cavabdehə 9500 manat pul vermiş, əlavə olaraq notarius üçün rüsum kimi 115 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən ona verdiyi borcdan 1000 manat pul iddiaçıya ödənmişdir. Cavabdehdən borca verdiyi pulun qalan hissəsini, yəni 8500 manat pulu tələb etdikdə o müxtəlif bəhanələr gətirərək ödənişi etməkdən boyun qaçıraraq tələbini yerinə yetirməmişdir. Cavabdehlə aralarında bağlanmış 01 sentyabr 2023-cü il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən Borc alan borcunu 11 sentyabr 2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc müqaviləsi (kredit müqaviləsi) üzrə borc alan tərəfindən alınan borc vaxtında qaytarılmadığı halda qanunvericiliklə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, borc müqaviləsində (kredit müqaviləsi) müqavilənin notarial qaydasında təsdiq edilməsi üçün çəkilən xərc borc alanın öhdəliyinə düşmüşdür, ancaq həmin 115 manat rüsumu da iddiaçı ödəmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia tələbinin qismən təmin edilməsi, 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin və 115 (yüz on beş) manat məbləğində notariat və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun 56,15 (əlli altı manat, on beş qəpik) hissəsi olmaqla, cəmi 8671,15 (səkkiz min altı yüz yetmiş bir manat, on beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı, özünü ev alqısatqısı ilə məşğul olan şəxs kimi qələmə verən X5 ilə tanış olmuş, sonuncu ona ev satacağını, ilkin rəsmiləşdirmə üçün 9500 manat veməsini, 10 gün sonra isə tam sənədləşmənin həyata keçiriləcəyini və bəyəndikləri evi onlara təhvil verəcəyini bildirmişdir. Həsənov Məmməd paralel olaraq cavabdehin bacısı Təranə ilə internet üzərindən tanış olmuş, onun əlilliyi olduğu üçün ev şəraitində yalnız elanlar vasitəsilə ev alqı-satqı xidməti göstərməsini öyrənmiş və ona zəng edərək, özünün guya nazirlikdə işlədiyini və həmin gün işdən çıxa bimədiyini demiş və onun əvəzinə Təranənin təcili həmin gün bir müştəri ilə görüşüb ondan 9500 manat pul məbləğinin alınıb ona köçürməsini xahiş etmiş, əvəzində ona 1000 manat xidmət haqqı söz vermişdir. Birdən birə belə böyük xidmət haqqı məbləğinə həvəslənən Təranə, hara lazım olsa gedəbiləcəyini demişdir. Sonra Təranə öz bacısı Cavabdeh zəng edərək, onu maşınla notariat oifisinə aparamasını xahiş etmişdir. Bacısı onu aparmış, orada ilk dəfə İddiaçı görmüşlər. Sənədləşmə zamanı Təranənin vəsiqəsi aktiv olmadığı üçün, o bacısı Gülnarədən (cavabdeh) onun əvəzinə sənədlərə imza etməyi xahiş etmişdir. Qeyd edilməlidir ki, hər iki bacı əslində sənədləşmənin mahiyyətinə varmamış, və X2 göstərişlərinə əməl etmişlər. Bu zaman İddiaçı də bunu təsdiq etmiş və ev almaq üçün notariusa gəldiyini bildirmiş, bundan əvvəl onu bura X3 göndərdiyini demişdir. Orada iddiaçı 9500 manat pulu cavabdehə vermiş, sonra iddiaçının iştirakı ilə həmin vəsaitin 8500 manatı dərhal ödəmə terminalı vasitəsilə elə notariusda Həsənov Məmmədin kartına köçürülmüşdür. Cavabdeh həmin vaxt bütün əməliyyatı öz telefonuna çəkmiş, və iddiaçıya vəsaitin həqiqətən onun ev almaq istədiyi adama ödənilməsini əyani olaraq göstərmişdir. Razılaşdırqları kimi öz xidmət haqqları olan 1000 azn məbləği götürərək oradan sevincli halda evə qayıtmışlar. Lakin bir müddət sonra Səidə ev satan adam Həsənov Məmməd ilə əlaqə qura bilmədikdə, onu tapmış və pullarının geri qaytarılmasını tələb etmişdir. Həmin vaxt hər ikisi polisə aldandıqları barədə Həsənov Məmməd barəsində şikayət etmiş, Gülnarə əslində onun bu olanlara heç bir aidiyyətinin olmamasını bildirmiş və o vaxt aldığı 1000 azn vəsaiti Səidəyə qaytarmışdır. Bir daha ona 8500 məbləğin özünün gözü qarşısında Həsənov Məmmədə ödənildiyini və ona aid olmadığını bildirmişdir. Sabunçu Polis İdarəsində X5 barəsində dələduzluqla iş açılmış, onun daha bir neçə adamı aldatdığı aşkara çıxmışdır. X10 axtarışdadır. Göründüyü kimi tərəflər arasında borc münasibətləri olmamış, əsl niyyət əmlak (ev) alqısı və ya bu sahədə xidmətin göstərilməsi olmuşdur. Tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanan zaman iddiaçı və cavabdeh bir-birini şəxsən tanımamış, iddiaçının cavabdehə 9500 manatı borc vermək kimi niyyəti, cavabdehin isə ondan 10 günlük müddətinə 9500 manat borc pul almaq niyyəti olmamışdır. Əslində hər iki tərəfin eyni adam X5 tərəfindən aldandıqları halda, zərərə yalnız cavabdehin məruz qalması ədalətsizdir. Yuxarıda sadalanan xüsusatlar birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçı tərəfindən verilən izahatlarla da təsdiq edilib, iddiaçı hadisəni olduğu kimi danışıb və məhkəmə iclasının audio-video yazılarında da var. Tərəflər arasında borc haqqında razılaşma, borc vermək və ya borc almaq kimi razılaşma və ya niyyət olmamışdır. İddiaçı tərəf əslində müqavilə tərəfi olmayan digər şəxslə şifahi razılaşma əldə etmiş, niyyət ev almaq olmuş, 9500 manat ev alınması üçün əslində digər şəxsə köçürülməsi üçün ödənilmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanan zaman iddiaçı və 3-cü şəxs Həsənov Məmməd cavabdehin bacısının ağır maddi durumundan istifadə etmiş, onu 1000 manat xidmət haqqı müqabilində notariusa getməyə sövq etmiş və tanımadığı adam ilə müqavilə bağılamağa təhrik etmişdir. Müqavilə predmeti olan vəsait 8500 manat dərhal Həsənov Məmmədə ödənilmiş, iddiaçı bunu özü tələb etmiş və sonra da ödənilmə prosesini izləmiş, görmüşdür. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, tərəflər arasında borc münasibətləri olmamış, əsl niyyət əmlak (ev)alqısı və ya bu sahədə xidmətin göstərilməsi olmuşdur. Tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanan zaman iddiaçı və cavabdeh bir-birini şəxsən tanımamış, iddiaçının cavabdehə 9500 manatı borc vermək kimi niyyəti, cavavdehin isə ondan 10 günlük müddətinə 9500 manat borc pul almaq niyyəti olmamışdır.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
17. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki halda, qətnaməni Cavabdeh mübahisələndirdiyindən, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə apellyasiya şikayəti həddində, yəni iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
30. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
32. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.
33. İşin hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olmuş və 8500 manat məbləğində pul vəsaiti qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanması, iddiaçı tərəfindən cavabdehə borc verilməsi cavabdehin imzaladığı, məzmunu və imzasının həqiqiliyi şübhə altına alınmadığı əsaslarla həyata keçirildiyindən hazırki halda iddia tələbini yoxlanılan hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün qərara gəlmişdir. Müqavilə onu imzalayan şəxslər üçün hüquq və vəzifələr yaradır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatlar, Cavabdeh ilə Məhəmməd Həsənov arasında olan pul münasibətləri mübahisə predmeti hesab edilməməklə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin mövcudluğunun və həqiqiliyinin inkarına əsas ola bilməz.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.