Məhkəmə qərarları › İş №2(103)-1013/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1013/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1013/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(002)-628/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh su xidmətlərindən istifadə olunmasına görə İddiaçı ASC-yə 599.80 manat məbləğində borcu olduğunu, həmin borcu 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 2.Abonent kartı məlumatlarından görünür ki, ünvan 1 ünvanı üzrə abonent qismində Cavabdeh çıxış edir, iddiaçı ilə cavabdeh arasında sudan istifadə üzrə müqavilənin bağlanma tarixi xx.xx.2014-cü il, müqavilə nömrəsi 26386456 olmaqla cavabdehin sudan istifadə etməsinə görə iddiaçı "xxxx" ASC-yə yekun borcu 599.80 manat təşkil edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 599.80 manat borcun tutularaq **********420 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçıSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 599.80 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilənə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır.Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş və sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. 5.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 aprel 2023-cü il tarixli, 2(002)-628/2023 saylı qətnaməsi ilə (hakim-Kamran Əsədov) iddia tələbi təmin edilərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 599.80 manat borcun tutularaq **********420 saylı abonent koduna və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 6.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. 7.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı qismində çıxış edən su təchizatı müəssisəsi tərəfindən cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq cavabdeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtlı-vaxtında, lazimi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. 8.Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı yaranmış qalıq borcu hər il üzrə abonent kodu üzrə elektron abonent kartına daxil edilmiş, həmin dövr ərzində ümumilikdə qalıq borcu 599.80 manat olduğu qeyd olunmuşdur. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab etmişdir ki, hazırki iş üzrə cavabdehin su təchizatı xidmətlərindən istifadəyə görə xidmət haqqının ödənilməməsi ilə bağlı iddiaçı qarşısında 599.80 manat məbləğində borc öhdəliyinin yaranması aşkar olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 442, 448.1-ci maddələrinə: “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3, 30.1, 59, 62, :Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.2, 4.1.3, 7.1, 7.2, 7.3, 7.4, 7.5, 7.11-ci bəndlərinə: Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası 13 may 2016-cı il tarixli qərarının 4-cü bəndinə: “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası 30 yanvar 2021-cı il tarixli qərarına: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1, 284-1, 284-5.1, 284-5, 284-5.4, 284-5.3, 284-6.1, 107, 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, həmin müddəti ötmüş, köhnəlmiş” tələblərdən borclunu müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Amma məhkəmə ədalətsiz qərar qəbul edərək cavabdehin hüquqlarını pozan qətnamə çıxartmışdır. Belə ki, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üçün 5 illik müddət nəzərdə tutulduğu halda, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətləri Mülki Məcəllənin 373.3-cü maddəsində 3 il müəyyən edilmişdir. Qanunun müddəaları pozulmuşdur. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilməyə başlamışdır. Lakin həmin mənzilə dair borc hələ də qüvvədədir. Halbuki həmin borclar 2014-cü il tarixə məxsus borclardır. Buradan aydın görünür ki, borc reallığı əks etdirmir. Həmin borc qanunsuz və əsassızdır. Hesab edir ki, qətnamə ləğv olunmalıdır. Digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Lakin nəzərə alınmalıdır ki, tələb hüququnun xitamı onun daşıyıcısı olan kreditorun mövcudluğuna son qoyur və bu halda öhdəlik xitam edilir. Göründüyü kimi iddiaçı 2014-cü il tarixdə yaranmış borca görə ona qarşı iddia qaldırmış, halbuki iddia müddətini ötürmüşdür. Məhkəmə bunu nəzərə almadan qətnamə qət etmişdir. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir.Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hesab edir ki, məhkəmə iddiya iddia müddəti tətbiq etməklə qətnaməni ləğv edə bilər. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 15.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 16.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 17.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 18.Maddə 448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 19.30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. 20.Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 21.Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının

22. 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 24.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 27.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı qismində çıxış edən su təchizatı müəssisəsi tərəfindən cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq cavabdeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtlı-vaxtında, lazimi qaydada icra etməmiş buna görə də iddiaçıya borcu yaranmışdır. 32.Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən hesab edir ki, cavabdeh olan istehlakçı tərəfindən sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı öhdəliyini vaxtında və lazimi qaydada icra edilmədiyindən iddiaçı qarşısında göstərilmiş xitmətlərin əvəzini ödəməklə bağlı öhdəliyi yaranmış və buna görə də iddiaçı hazırki tələblə məhkəyə müraciət etməkdə haqlı olmuş, məhkəmənin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 33.Kollegiya cavabdehin məhkəmə tərəfindən onun iştirakının təmin edilməməsi və iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmalı olması ilə bağlı dəlillərini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir: 34.Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin XXİİİ-1 fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. 35.Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. 36.Qeyd oluna hal “SS823140232AZ” transaksiyalı xəbərnamədən öz təsdiqini tapmaqla müəyyən olunur ki, həmin bildiriş cavabdehin ünvanına göndərilmiş və bildiriş həmin ünvandan rəsmi qaydada alınmışdır. 37.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 38.Göründüyü kimi iddia müddətinin keçməsi öz-özlüyündə tələb hüququnun xitamına səbəb olmamaqla məhkəmə tərəfindən yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi halda tətbiq edilə bilər. 39.Hazırki işdən isə müəyyən olunur ki, cavabdeh məhkəmə bildirişini aldıqdan sonra iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmiş, o cümlədən iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməmişdir. 40.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(002)-628/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 42.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 43.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 44.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(002)-628/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar