Məhkəmə qərarları › İş №2(103)-1013/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1013/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1013/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1063/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinəxx.xx.2017-ci il tarixli, 31E**********64 saylı müqavilə üzrə yaranmış borc üzrə 7197 (yeddi min yüz doxsan yeddi) ABŞ Dolları 56 (əlli altı) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126.71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1063/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlkin Əliyev) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat vəsaitin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinə, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

6. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

7. Tərəflər arasında “plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açıması haqqında” xx.xx.2017-ci il tarixli, 31E**********64 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müştəriyə hesab valyutası abş dolları olan “My card debit My card Private” tipli kart verilmiş və kartın müddəti xx.xx.2020-ci il tarixədək müəyyənləşdirilmişdir.

8. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və AR Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1409 saylı rəyində göstərilmişdir ki, Cavabdeh "xxxx" QSC-də olan plastik kart hesabında xx.xx.2021-ci il tarixdə 7197.56 ABŞ dolları məbləğində overdraft yaradılmaqla bank vəsaitindən istifadə edilmiş və həmin məbləğin istifadə təyinatına əsasən vergi məbləğlərinin ödənilməsinə yönəldilmişdir. Bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, bank tələb etdiyi məbləği 2020-ci ilin fevral ayından 2020-ci ilin oktyabr ayınadək aparılmış bank əməliyyatlarına görə tutulmalı olan 18 faiz vergi borcu əsasında hesablamışdır. Tətbiq edilən maddi hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

10. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

11. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

12. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

13. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

14. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

15. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;

18. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

31. Hazırkı halda, iddiaçının apellyasiya şikayətinə əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Tərəflər arasında “plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açıması haqqında” xx.xx.2017-ci il tarixli, 31E**********64 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müştəriyə hesab valyutası ABŞ dolları olan “My card debit My card Private” tipli kart verilmiş və kartın müddəti xx.xx.2020-ci il tarixədək müəyyənləşdirilmişdir. Bankın texniki səhvi nəticəsində müştərinin 2020-ci ilin fevral ayından 2020-ci ilin oktyabr ayınadək etdiyi əməliyyatlardan vergi agenti qismində çıxış edən bank tərəfindən 18 faiz ƏDV tutulmamışdır. Hazırda isə bank tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq, cavabdehdən overdraft nəticəsində yaranmış 7197 ABŞ dolları, 56 sent borcun tutulmasını tələb edir.

35. İddiaçı tələbini iddia ərizəsində göstərilən şəkildə əsaslandıraraq, cavabdehdən elektron iş və xidmətlər alan zaman müştəri tərəfindən ödənilməli olan, lakin bank tərəfindən texniki səhvə görə tutulmayan vergiyə görə yaranmış borcu tələb edir.

36. Cavabdeh isə iddiaya etiraz edərək kartla sonuncu dəfə 2020-ci ilin sentyabrında əməliyyat apardığını, borcun onun səhvi ucbatından yaranmadığını, bunu bankın səhvi olduğunu, bankın səhv hərəkətlərindən müflis olduğunu, eləcə də iddia müddətinin ötürüldüyünü bildirməklə, həm də iddia müddətinin tətbiqinə dair ərizə vemişdir.

37. Rayon məhkəməsi iddia müddəti tətbiq etməklə iddia tələbini təmin etməmişdir.

38. Kollegiya qeyd edir ki, istənilən müddətin keçməsini müəyyən etmək üçün ilk öncə onun başlanğıcı- axımı anı müəyyən edilməlidir.

39. MM-in 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

40. Tərəflər arasında “plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında” xx.xx.2017-ci il tarixli, 31E**********64 nömrəli müqaviləyə əsasən, cavabdehə verilmiş plastik kartın müddəti xx.xx.2020-ci ilə qədər olmuşdur. Cavabdeh kartı sonuncu dəfə 2020-ci ilin sentyabrında istifadə etdiyini bildirmişdir. İddiaçı da apellyasiya şikayətində ona istinad etmişdir ki, kartın müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, cavabdeh özü də kartı sonuncu dəfə 2020-ci ilin sentyabr ayında istifadə etdiyini bildirmişdir. Beləliklə də müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur.

41. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü ildə müraciət etmişdir. Deməli, hazırkı iş üzrə bank öz tələbi ilə bağlı məhkəməyə iddia müddətinin başlandığı, yəni kartın müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən üç illik müddət ötürüldükdən sonra, yəni xx.xx.2023-cü ildə müraciət etmiş, beləliklə də, qanunla belə tələblə bağlı müəyyən olunmuş üç illik iddia müddətini ötürmüşdür.

42. Kollegiya qeyd edir ki, iddia müddətinin başlanğıcı, hətta cavabdehin kartı sonuncu dəfə istifadə etdiyini bildirdiyi 2020-ci ilin sentyabr ayından hesablansa belə, iddiaçı bank məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edən zaman yenə də üç illik iddia müddətini ötürmüşdür.

43. Bundan başqa, rayon məhkəməsi qətnaməsində həm də əsassız varlanma ilə bağlı normaları da qeyd etmiş, oradakı iki illik kəsici müddətin ötürüldüyünü də göstərmişdir.

44. Bununla bağlı, Kollegiya qeyd edir ki, rayon məhkəməsi tətbiq edilən maddi hüquq normaları kimi iddia müddətinə istinad etmiş, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə əsaslanmışdır. Bu baxımdan, Məhkəmə Kollegiyası hesab edir ki, işə baxan rayon məhkəməsi mahiyyət etibarı ilə düzgün qənaətə gəldiyindən, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

45. MPM-in 385.2-ci maddəsinin tələbində də təsbit olunmuşdur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

46. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətləri təmin olunmadığından şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməlidir.

49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1063/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar