Məhkəmə qərarları › İş №2(103)-10135/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10135/2021

03.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10135/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil3, cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs Samir Tağıyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “behin qaytarılması və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “beh müqavilənin etibarsız sayılması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh verdikləri apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə dair bağlanmış beh müqaviləsi ilə bağlıdır. Həmin müqavilə evin mülkiyyətçisi Cavabdeh ilə İddiaçı arasında 28.04.2018-ci il tarixdə bağlanıb, Bakı şəhəri 27 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq olunub. Müqaviləni mülkiyyətçinin adından etibarnamə əsasında nümayəndəsi Samir Tağıyev bağlayıb. Müqaviləyə görə evin 1.700.000 manata alqı-satqısı barədə razılıq əldə olunub, 700.000 manat beh verilib, 6 ay müddətinə alqı-satqı müqaviləsi bağlanmalı və qalan 1.000.000 manat ödənilməlidir. Tələb və onun həlli: İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, behin 2 misli, yəni 1.400.000 manat, habelə zərərin əvəzi kimi 54.000 manat əks tərəfdən alınaraq ona verilsin. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələb olunub ki, beh müqaviləsi etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, 700.000 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin, ilkin iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. Şikayət və izahatlar: İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın təmin edilməyən hissəsində ləğv edilsin və ilk iddia tam təmin olunsun. Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə aid hissədə ləğv edilsin, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil3 öz apellyasiya şikayətlərinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, onu vəkili və nümayəndəsi Vəkil1 təmsil etmişdir. O, öz tərəfinin apellyasiya şikaytinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Apellyasiya icraatı zamanı Samir Tağıyev evin mülkiyyətçisi Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Belə ki, o, həmin müqaviləni mülkiyyətçinin nümayndəsi kimi imzalamışdır. Üçüncü şəxs Samir Tağıyev mülkiyyətçi Cavabdeh apellyasiya şikayətinin əsaslı oluğunu bildirdi. Qətnamənin yoxlanılması: İlk iddianın həlli qarşılıqlı iddianın həllindən asılıdır. Ona görə də əvvəlcə qətnamənin qarşıqlılı iddiaya aid olan hissəsinə qiymət verilməlidir. Qarşılıqlı iddia onunla əsaslandırılıb ki, beh müqaviləsi formal xarakter daşıyır, əslində borcun qaytarılmasının təminatı məqsədilə bağlanıb. Belə ki, evin mülkiyyətçisi Cavabdeh əri Nəsrəddin Ocaqverdiyevin biznes fəaliyyəti ilə əlaqədar borcu yaranıb, beh müqaviləsi həmin borcun qaytarılmasının təminatı kimi bağlanıb. Məhkəmə qeyd edir ki, beh müqaviləsi yalan əqd deyil. Yalan əqd başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir (Mülki Məcəllə, maddə 340.2). Əqdin yalan əqd sayılması üçün 2 əqd müyyən olunmalıdır: 1) yalan əqd, yəni pərədələyən əqd; 2) başqa əqd, yəni pərdələnən əqd. Hazırkı işdə olan sübutlar pərdələnən əqdi (onun subyektlərini, məzmununu və s.) müəyyənləşdirməyə imkan vermir, ona görə də beh müqaviləsi yalan əqd sayıla bilməz. Lakin bu hal beh müqaviləsinin həqiqi olması mənasını vermir. Beh müqaviləsi uydurma əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanan əqddir (Mülki Məcəllə, maddə 340.1). Beh müqaviləsinin uydurma əqd olduğu aşağıdakılarla təsdiq olunur: Birinci: Behin məbləği evin qiymətinin 41 faizini təşkil edir: evin qiyməti 1.700.000 manat, behin məbləği isə 700.000 manatdır. Qanunda behin məbləğinə dair məhdudiyyət müəyyən edilməyib, lakin məbləğ işdə olan digər sübutlarla birlikdə qiymətləndirldikdə behin uydurma olduğunu təsdiq edir. Belə ki, behin əlamətlərindən biri ondan ibarətdir ki, beh - müqavilənin bağlanmasını təsdiq etmək üçün verilir (Mülki Məcəllə, maddə 491.1). Mülki dövriyyədə əşyanın qiymətinin 41 faizinin beh kimi verilməsi hallarına rast gəlinmir, çünki müqavilənin bağlanmasını təsdiq etmək üçün qiymətin kiçik hissəsinin beh kimi verilməsi kifayətdir. Odur ki, bu hal behin həqiqliyinə şübhə yaradır. Bundan başqa, behin digər əlaməti ondan ibarətdir ki, beh – müqavilənin icrasını təmin etmək məqsədilə verilir (Mülki Məcəllə, maddə 491.1). Lakin 700.000 manat kifayət qədər böyük məbləğ olduğuna görə behin özünün icrasının (geri qaytarılacağının) təmin edilməsinə zərurət var. Mülki dövriyyədə belə böyük məbləğdə pul vəsəti adətən təminatsız (girovsuz, ipotekasız, zaminsiz) verilmir. Əgər təminat kimi çıxış etməli olan bir vasitənin özünün təminatına zərurət varsa, deməli, o, həqiqi təminat deyil. İkinci: Əgər həqiqətən alqı-satqı niyyəti olmuşdursa, beh müqaviləsi deyil, nisyə alqısatqı müqaviləsi bağlana bilərdi. Çünki 700.000 manat evin qiymətinin əhəmiyyətli hissəsini təşkil edirdi, nisyə alqı-satqı müqaviləsi bağlamağa mane olan hallar isə mövcud deyildi. Müqavilə azadlığı tərəfərə müqavilənin növünü seçmək azadlığı verir, lakin bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir. Üçüncü: İddiaçı evin mülkiyyətçisini ümumiyyətlə görməyib. Onun özü də apellyasiya icraatı zamanı bu halı izahatında etiraf edib. Evin mülkiyyətçisi Cavabdeh adından beh müqaviləsini etibarnamə əsasında nümayəndəsi Samir Tağıyev imzalayıb. İddiaçı heç vaxt görmədiyi şəxsin evini almaq üçün 700.000 manatlıq beh müqaviləsini onun nümayəndəsi ilə bağlaması behin həqiqiliyinə şübhə yaradır. Həm də nəzərə alınmalıdır ki, nümayəndə evin mülkiyyətçisinin ərinin bacısı oğludur. Əgər nümayəndə mülkiyyətçinin birinci dərəcəli qohumu (övadı, valideyni), yaxud ikinci dərəcəli qohumu (qardaşı, bacısı) olsayıdı, deyilə bilərdi ki, nümayəndə və mülkiyyətçinin qohumluq əlaqəsi İddiaçı inam yaradıb. Beh müqaviləsinin nümayəndə vasitəsilə bağlanması qanuna zidd deyil, lakin bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir. Dördüncü: Oferta və aksept olmayıb. Belə ki, ev, mənzil və digər daşınmaz əmlak satan və alan şəxslər buna yönələn hərəkətlər edirlər: satıcı evin satılması barədə elan verərək alıcı axtarır, alıcı satılması elan olunan evlərə baxaraq münasib ev axtarır və s. Lakin mübahisə tərəflərinin belə hərəkətlər etdiyini təsdiq edən sübut yoxdur. Alqı-satqı ilə bağlı oferta və aksept olmadığına görə behin həqiqiliyi şübhə doğurur. Bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir. Beşinci: Alqı-satqıya zərurət və ya ehtiyac olmayıb. Yaşayış sahəsinin alqı-satqısı zərurətdən və ya ehtiyacdan edilir: satıcı başqa yerə köçmək istəyir, yaxud pula ehtiyacı olur, alıcının yaşayış sahəsinə ehtiyacı olur, yaxud daşınmaz əmlak biznesi ilə məşğul olur və s. Hazırkı mübahisədə alqı-satqıya zərurət və ya ehtiyac müəyyən edilmədiyinə görə behin həqiqliyi şübhə doğurur. Bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir. Altıncı: Həmin evin hər hansı xüsusiyyətinə (yerləşdiyi yerə, inşa üslubuna və s.) görə İddiaçı üçün xüsusi əhəmiyyət kəsb etdiyi müəyyən olunmur. Ona görə də İddiaçı məhz bu evi əldə etmək üçün 700.000 manat beh verməsi, daha sonra isə alqı-satqı müqaviləsinin bağlanmasını 6 ay gözləməsi ağlabatan deyil. Əgər İddiaçı ev almasına zərurət və ya ehtiyac var idisə, başqa ev ala bilərdi. Bu hal işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir. Yeddinci: Evin mülkiyyətçisi Cavabdeh iddia ərizəsində beh müqaviləsinin həqiqi olmadığını, ərinin borcunun olması, beh müqaviləsinin bu borcun təminatı üçün bağlandığını bildirir. Beh müqaviləsini mülkiyyətçinin nümayəndəsi kimi imzalayan Samir Tağıyev apellyasiya icraatı zamanı üçüncü şəxs kimi izahat verərkən bildirib ki, beh müqaviləsini bağlamağı ona dayısı (mülkiyyətçinin əri) tapşırıb, dayısı bunun başqa şəxslə olan münasibətləri (iş birliyi) ilə əlaqədar olduğunu bildirib. Bu 2 şəxsin məhkəməyə verdiyi məlumatlar işdə olan digər sübutlar ilə birlikdə qiymətləndirildikdə behin uydurma olduğunu təsdiq edir. Beləliklə, yuxarıda qeyd olunan 7 dəlilin məcmu halında qiymətləndirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, beh müqaviləsi uydurma əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Ona görə də Cavabdeh qarşılıqlı iddiası təmin edilməli, beh müqaviləsi etibarsız sayılmalıdır. Beh müqaviləsi etibarsız sayıldığına görə İddiaçı ilk iddiası təmin edilə bilməz. Belə ki, ilk iddia beh müqaviləsinə əsaslanır. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Ona görə də ilk iddia təmin edilə bilməz. 700.000 manat pulun etibarsız beh müqaviləsi üzrə verilib-verilmədiyi mübahisəlidir. Müqaviləni mülkiyyətçinin nümayəndəsi kimi imzalamış Samir Tağıyev bildirir ki, beh müqaviləsini imzladıqdan sonra ona pul verilməyib. X1 adından yazılmış və notariat qaydasında təsdiq edilmiş ərizədə qeyd olunub ki, o, İddiaçı 700.000 manat pul alıb (cild 1, iş v. 70). O cümlədən mədaxil orderindən görünür ki, İddiaçı 700.000 manat pulu depozit hesaba köçürüb (cild 1, iş v. 73). Məhkəmə hazırkı qətnamə ilə beh müqaviləsi üzrə pulun verilib-verilmədiyini müəyyənləşdirmir. Belə ki, birinci, işdə olan məlumatlar beh müqaviləsinin uydurma əqd sayılması üçün kifayətdir, pulun verilib-verilmədiyi nəticəyə təsir etməyəcək. İkinci, pulun beh müqaviləsinin tərəfi olan Cavabdeh verilməsini təsdiq edən sübut yoxdur. O, nə müqaviləni, nə də pulun verilməsi ilə bağlı sənədləri şəxsən imzalamayıb, həmin sənədləri onun nümayəndəsi Samir Tağıyev imzalayıb. Samir Tağıyev isə Cavabdeh pul verdiyini bildirmir, ümumiyyətlə, beh müqaviləsi üzrə pul almadığını qeyd edir. Ona görə də hazırkı işdə 700.000 manat pulun Cavabdeh tutulması qət edilmir, lakin bu qətnamə həmin pulun qaytarılması tələbinin rədd edilməsi barədə qətnamə sayılmır, çünki işdə belə tələb yoxdur. İddiaçı hesab edirsə ki, Cavabdeh 700.000 manat pul verib, pulun qaytarılması üçün ümumi qaydada məhkəməyə iddia verə bilər. Üçüncü şəxs Samir Tağıyev 700.000 manat pul almadığını qeyd edir. Nəzərə alınmalıdır ki, Samir Tağıyev beh müqaviləsinin tərəfi deyil, o cümlədən hazırkı işdə tərəf deyil, o, apellyasiya icraatı zamanı üçüncü şəxs kimi işə cəlb olunub. Ona görə də hazırkı işdə həmin pulun Samir Tağıyevdən tutulması qət edilmir, lakin bu qətnamə həmin pulun qaytarılması tələbinin rədd edilməsi barədə qətnamə sayılmır, çünki işdə belə tələb yoxdur. İddiaçı hesab edirsə ki, Samir Tağıyevə 700.000 manat pul verib, pulun qaytarılması üçün ümumi qaydada məhkəməyə iddia verə bilər. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edlməli və yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “behin qaytarılması və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiası təmin edilməsin. Cavabdeh “beh müqaviləsinin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 28.04.2018-ci il tarixdə bağlanmış, Bakı şəhəri 27 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilərək 3M-162 nömrəli reyestrdə qeydə alınmış beh müqaviləsi etibarsız hesab olunsun. Hər bir tərəfindən çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar