Məhkəmə qərarları › İş №2(103)-10139/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10139/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10139/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Cahangir Mahmudovun, Cavabdeh1 vəkili və nümayəndəsi Vüqar Seyidzadənin iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub: 1) 20.05.2010-cu il tarixli, ƏZ/PB/RK-278/05/10 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 2.470,81 ABŞ dolları, faiz borcu kimi 16.512,53 ABŞ dolları məbləğində pul cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Faiq Qorçiyevdən müştərək qaydada iddiaçının xeyrinə tuulsun; 2) 30.03.2012-ci il tarixli, 189NF/12 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 4.899,43 manat, faiz borcu kimi 27.420 manat cavabdeh (borcalan) Cavabdeh1 iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Cahangir Mahmudov apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh1 vəkili və nümayəndəsi Vüqar Seyidzadə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər cavabdeh Faiq Qorçiyevin özü və ya nümayəndəsi məhkəmə iclasın gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. 1-ci kredit müqaviləsi, yəni 20.05.2010-cu il tarixli, ƏZ/PB/RK-278/05/10 nömrəli kredit müqaviləsi 12 ay müddətinə bağlanıb, həmin müddət 20.05.2011-ci ildə bitib, iddia müddəti isə 20.05.2013-cü ildə başa çatıb, iddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi baş verməyib. 2-ci kredit müqaviləsi, yəni 30.03.2012-ci il tarixli, 189NF/12 nömrəli kredit müqaviləsi 24 ay müddətinə bağlanıb, həmin müddət 30.03.2014-cü ildə bitib, iddia müddəti isə 30.03.2017-ci ildə başa çatıb, iddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi baş verməyib. İddia ərizəsi iddia müddəti bitdikdən sonra - 16.05.2021-ci il tarixdə verilib. Cavabdeh (borcalan) iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar