Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10144/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(003)-3786/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və ƏƏSM-nin tabeliyində olan DSMF-in Xüsus şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 pensiyasından hər ay 50 faiz tutma haqqında tələbinin qanunsuz olduğuna görə ləğv edilməklə icraya yönəldiyi gündən etibarsız hesab edilməsi, ona dəymiş real zərər olaraq 6098.8 manatın ona ödənilməsi, Mərkəzi filialın 30.10.2017-ci il tarixinədək icra sənədi üzrə Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələblərinin icra etməməsi və geri qaytarması, Bakı şəhəri Cavabdeh1 tərəfindən elektron informasiya resursuna onun haqqında yerləşdirmiş yalan məlumatların silinməsi, ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmalarını, xüsusi qərardad çıxarılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə məlumat verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(003)- 3786/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və ƏƏSM-nin tabeliyində olan DSMF-in Xüsus şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “Bakı şəhəri Cavabdeh1 pensiyasından hər ay 50 faiz tutma haqqında tələbinin qanunsuz olduğuna görə ləğv edilməklə icraya yönəldiyi gündən etibarsız hesab edilməsi, Mərkəzi filialın 30.10.2017-ci il tarixinədək icra sənədi üzrə Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələblərinin icra etməməsi və geri qaytarması, Bakı şəhəri Cavabdeh1 tərəfindən elektron informasiya resursuna onun haqqında yerləşdirmiş yalan məlumatların silinməsi”nə dair hissədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi, iddiaçıya iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və ƏƏSM-nin tabeliyində olan DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “ona dəymiş real zərər olaraq 6098.8 manatın ona ödənilməsi” hissəsində iddia ərizəsinin geri qaytarılması, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və ƏƏSM-nin tabeliyində olan DSMF-in Xüsus şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmaları, xüsusi qərardad çıxarılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə məlumat verilməsi” hissəsində iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi, iddiaçıya cinayət təqibini həyata keçirən müvafiq orqanlara müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Cavabdeh1 pensiyasından hər ay 50 faiz tutma haqqında tələbinin qanunsuz olduğuna görə ləğv edilməklə icraya yönəldiyi gündən etibarsız hesab edilməsi barədə hazırkı iddia inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi barədə olduğundan, həmin məsələyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Birinci instansiya məhkəməsinin qərardadından İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmiş, məhkəmənin 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri və məhkəmə tərəfindən həyata keçirilir. Qeyd edilən qanunvericiliyin normalarının tələblərini nəzərə alan kollegiya qeyd edir ki, inzibati icraat hüququnun inzibati orqanların inzibati-hüquq (publik hüquq) sahəsində fəaliyyətini tənzimlədiyini və inzibati aktın həmin orqanların fəaliyyət forması olduğunu nəzərə alsaq, Xəzər rayon İcra və Probasiya şöbəsinin qərarı (DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 17.03.2020-ci il tarixli məktubu) “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda inzibati akt sayıla bilməz. Belə ki, inzibati aktın həmin Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş anlayışına görə, inzibati akt başqa əlamətlərlə yanaşı, həm də ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələni həll etmək və ya nizama salmaq keyfiyyətinə malik olmalıdır. Lakin Xəzər rayon İcra və Probasiya şöbəsinin qeyd olunan qərarında (DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 17.03.2020-ci il tarixli məktubu) həmin keyfiyyətləri özündə ehtiva edən hər hansı yeni qayda nəzərdə tutulmamışdır. Belə ki, qərar məzmun etibarı ilə mülki hüquq normalarına əsaslanan müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun, yəni mülki hüquq normalarına əsaslanan tələb üzrə borcun ödənilməsinə yönəlmişdir. Borcun məbləği və ya öhdəliyin həcmi də icra məmurunun qərarı ilə deyil, mülki məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş, habelə tələbin icraya yönəldilməsi barədə icra sənədi də həmin məhkəmə tərəfindən verilmişdir. Bu baxımdan icra məmurunun Xəzər rayon Məhkəməsinin borcun ödənilməsinə dair məhkəmə qətnaməsinin və onunla bağlı 27.10.2014-cü il tarixli, 2(003)-2877 saylı icra sənədinin icrasına yönələn qərarı və ya hərəkəti ilə bağlı mübahisələr də inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Digər tərəfdən məhkəmə qətnamənin məcburi icrasına nəzarət həmin qətnaməni qəbul etmiş məhkəmənin səlahiyyətinə aiddir və məcburi icra tədbirləri yalnız müvafiq qətnaməni qəbul etmiş məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunduğunu güman etdiyi hallarda şəxs sözügedən hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. Hazırki iş üzrə iddiaçı bu qaydaya uyğun olaraq, icra sənədini vermiş və icraya nəzarət edən Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini düzgün təfsir etməyərək, həmin iddiaya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması barədə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(003)-3786/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilərək, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(003)- 3786/2021 saylı qərardadı ləğv edilsin və iddia ərizəsi icraata qəbul edilərək, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10144/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10144/2021
12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver