Məhkəmə qərarları › İş №2(103)-10145/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10145/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10145/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı və cavabdehi nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənzilin girov yüklülüyündən azad edilməsi» tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-254/2020 saylı işi üzrə 30.01.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yerələşən mənzilin girov yüklülüyündən azad edilməsi (və ya azad edilmiş hesab olunması), həmin evin girovdan azad edilməsi barədə məktubun (arayışın) verilməsi, həmçinin mənim həmin ev üzrə mülkiyyət hüquqlarını özündə əks etdirən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın əslinin cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınıb qaytarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 08.10.2007-ci il tarixli 69/11-SKMF saylı X2 xətti ilə «Birlik» KF ilə bağlanmış müqaviləyə əsasən verilmiş 35 000 manat pul məbləğinin qarşılığında ünvan 2 ünvanındakı mənzili girov qoyulmuşdur. Cavabdeh ASC-yə olan borc tamamilə ödənilmişdir. Lakin, buna baxmayaraq iddiaçıya məxsus mənzil girovdan azad edilməmişdir. Borcun tam ödənilməsi barədə Bank tərəfindən tərtib edilmiş 13.11.2017-ci il arixli Protokol mövcuddur. Bu əsasdan ünvan 3 ünvanında yerləşən mənzilin girov yüklülüyündən azad olunması, həmin evin girovdan azad edilməsi barədə məktubun (arayışın) verilməsi, həmçinin onun həmin ev üzrə mülkiyyət hüquqlarının özündə əks etdirən Hüquqların dövlə qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın əslinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-254/2020 saylı işi üzrə 30.01.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənzilin girov yüklülüyündən azad edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun banka hər hansı borcunun olması haqda Dəmirbankın vəkili heç bir sübut, dəlil məhkəməyə təqdim etməmiş yalnız sözlə bir kəlmə işlədərək iddianın təmin olunmamasını istəmişdir. Məhkəmə tərəfindən CavabdehASC-nin borcun tam ödənilməsi barədə protokolunun əslinin alınması haqqında məhkəmə sorğusuna hakim cavab almadan qətnamə qəbul etmişdir. Məhkəmə əsassız qətnamə çıxarmışdır. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd eidlən hallara və MPMin 8.1, 9, 14.2,88, 220.4, 385, 389; Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71; Beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin l-ci bəndinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-384/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-254/2020 saylı işi üzrə 30.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənzilin girov yüklülüyündən azad edilməsi» iddiasının təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerələşən mənzilin (08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF 08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF №-li kredit müqaviləsinin təminatı kimi) girov yüklülüyündən azad edilməsi barədə məktubun (arayışın) verilməsi və mənzilə dair mülkiyyət hüquqlarını özündə əks etdirən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr çıxarışının əslinin qaytarılması - cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilməsi, espertiza xərci 100 (yüz) manat məbləğdə pul vəsaitinin cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən: Fuad Talışınski). Həmin qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-3587/2021 saylı, 16.08.2021-ci il tarixli qərarı ilə, cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-384/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən: Elşanə Vəliyeva). Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Tağızadə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənn dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 08.09.2018-ci il tarixli **********17 №-li Arayışından görünür ki, ünvan 2 ünvanındakı mənzil 21.11.1996-cı il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, Cavabdeh ASC ilə «Birlik» KFT arasında 13.11.2017-ci il tarixli K1 Güzəşt Protokolu imzalanmışdır. Həmin Protokoldan müəyyən olunur ki, «Birlik» KFT-dən Bankın xeyrinə Sabunçu rayon İcra Şöbəsinin 24.09.2009-cu il tarixli icra qeydinə əsasən 30 480,7 manat əsas, 621,67 manat faiz məbləğinin tutulması əmr edilmişdir. Borclu icra qeydinə əsasən 2012- ci ilə qədər 16123,11 manat ödəniş etmişdir. İcra sənədi üzrə girovda olan daşınmaz əmlak hərraca çıxarılmış və alıcısı olmadığı üçün Banka təklif olunmuşdur. Şifahi olaraq 30.05.2012-ci il tarixində 38 250 manat məbləğində daşınmaz əmlak Bankın balansına keçirilmişdir. Lakin, qalıq borc məbləği ilə ttəklif məbləği arasında ki fərq cavabdehə qaytarılmadığından hərrac protokolunun və Bankın adına çıxarışın alınması mümkün olmamışdır. Borclu daşınmaz əmlakın Bankın balansına keçməsinə baxmayaraq ödənişlərinə davam etmiş və ödənilmiş 11 597,42 manat məbləğindən vəsait borclunun cari hesabında qalmışdır. Borclu qalıq borca güzəşt edilməsi ilə bağlı Banka müraciət etmişdir. Borclu 5000 manat borcun ödənilməsi müqabilində bankın sistemində hesablanmış faiz və cərimə borclarının tamamilə silinməsi və mənzilin girovluqdan azad edilməsini xahiş etmişdir. Bank tərəfindən həmin təklif nəzərə alınmış və bunun nəticəsində əmlakın şərti olaraq balansa götürülməsi ləğv edilmiş, borclunun əks müxabirləşmə verilərək borcu bərpa edilmiş, qalıq borca güzəşt tətbiq edilərək 5000 manat ödənildikdən sonra Bankın sistemində hesablanmış faiz və cərimə məbləğlərinin 100 % həcmində güzəşt edilərək Bankın sistemindən silinməsi təmin edilmiş, kreditin təminatı olaraq girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi, məhkəmə qərarı ilə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə müraciət edilməsi və aidiyyəti üzrə icra işinə xitam verilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh ASC-nin Hesabdan Çıxarışından görünür ki, «Birlik» KFT-nin 30.11.2017-ci il tarixə 11 597,42 manat qalıq borcu mövcuddur. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. İş materiallarında olan ekspertiza rəyindən görünür ki, 08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF Ne-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə “Birlik” KFT-nın banka 30.04.2012-ci il tarixədək 16.064,03 manat əsas, 3743,18 manat faiz borcu yaranmış, 30.05.2012-ci il tarixdə isə 38.250 manat ödəniş nəzərə alınmaqla, artıq ödəmə yaranmışdır. Lakin 13.11.2017-ci il tarixli K1 Güzəşt Protokolu adlı sənədin məzmunundan görünür ki, 30.05.2012-ci il tarixdə 38.250 manat vəsait ipoteka predmetinin bankın balansına keçirilməsi nəticəsində hesaba mədaxil edilmişdir. 13.11.2017-ci il tarixli K1 Güzəşt Protokolu adlı sənədin məzmunundan görünür ki, «Birlik» KFT-dən Bankın xeyrinə Sabunçu rayon İcra Şöbəsinin 24.09.2009-cu il tarixli icra qeydinə əsasən 30 480,7 manat əsas, 621,67 manat faiz məbləğinin tutulması əmr edilmişdir. Borclu icra qeydinə əsasən 2012-ci ilə qədər 16123,11 manat ödəniş etmişdir. İcra sənədi üzrə girovda olan daşınmaz əmlak hərraca çıxarılmış və alıcısı olmadığı üçün Banka təklif olunmuşdur. Şifahi olaraq 30.05.2012-ci il tarixində 38 250 manat məbləğində daşınmaz əmlak Bankın balansına keçirilmişdir. Məhkəmə kollegiyası iş materiallarına və ekspert rəylərinə əsasən qeyd edir ki, iddiaçı kredit müqavilələri üzrə kredit borcu öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Tərəflər arasında mövcud olan kredit müqavilələri üzrə borclunun yerinə yetirmədiyi öhdəlik qalmadığından, həmin müqavilənin təminatı üçün bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinin girovda qalma zərurəti də aradan qalxmışdır. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «... borcun tutulması və ipotekaya yönəldilməsinin nəticələri araşdırılmaqla, ipotekaya xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsasların hazırki işdə mövcudluğu yoxlanılmalıdır.». İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmışdır. Sorğuda ünvan 2 ünvanında yerləşən mənzilin kimin mülkiyyətində olması və mülkiyyətə keçməsinə əsas olan sənədlər barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 06.12.2021-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 113790 nömrəli, 16.08.1990-cı il tarixli orderinə, 47 saylı MİS-in 786 nömrəli 30.09.1996-cı il tarixli forma-2 arayışına, X1 razılıq ərizəsinə əsasən ünvan 2 İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsindən hərracın keçirilib keçirilməməsi məsələsi ayınlaşdırılmış, nümayəndə isə öz izahatında hərracın keçirilməsi barədə məlumatının olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 139-1.1.2-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İpoteka predmeti olan mənzilin iddiaçının mülkiyyətində olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, bu hal hərracın baş tutmaması və tutmanın ipoteka predmetinə yönəldilməməsinə dair nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarına, tərəflərin izahatlarına, ekspert rəylərinə, sorğuya cavab məktubuna və Ali Məhkəmənin göstərişlərinə əsasən hesab edir ki, müqavilə predmeti olan borc məbləği ödənildiyindən və mənzil hal-hazırda iddiaçının mülkiyyətində olduğundan iddia tələbi əsaslıdır. Sadalanan xüsusatlara əsasən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilərək, İddiaçı - ünvan 2 ünvanında yerələşən mənzilin (08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF 08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF №-li kredit müqaviləsinin təminatı kimi) girov yüklülüyündən azad edilməsi barədə məktubun (arayışın) verilməsi və mənzilə dair mülkiyyət hüquqlarını özündə əks etdirən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr çıxarışının əslinin qaytarılması - cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-254/2020 saylı, 30.01.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-254/2020 saylı, 30.01.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı - ünvan 2 ünvanında yerələşən mənzilin (08 oktyabr 2007-ci il tarixli, 69/11- SKMF 08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF №-li kredit müqaviləsinin təminatı kimi) girov yüklülüyündən azad edilməsi barədə məktubun (arayışın) verilməsi və mənzilə dair mülkiyyət hüquqlarını özündə əks etdirən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr çıxarışının əslinin qaytarılması - cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar