Məhkəmə qərarları › İş №2(103)-1015/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1015/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1015/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(008)- 5969/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 56000 ABŞ dolları məbləğində borcun və həmin borcun qaytarılmasının gecikdirilməsinə görə 8166 ABŞ dolları məbləğində pulun, cəmi 64166 ABŞ dolları məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında 02 mart 2018-ci il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 106000 ABŞ dolları məbləğində borc vermişdir. Bu müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti 31 iyul 2018-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 30 iyul 2018-ci il tarixində cavabdeh ona bu borc məbləğindən 50000 ABŞ dollarını qaytarmışdır. 31 iyul 2018-ci il tarixində öhdəliyin icrası müddəti bitdiyi gündən bu günədək cavabdeh qalan 56000 ABŞ dollarından heç bir ödəniş etməmişdir. Ona görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(008)- 5969/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin faiz borcuna görə illik 5 faiz məbləğində əlavə vəsaitin tutulması hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh atasının iddiaçıya olan borcunu ödəmək məqsədilə bu müqaviləni bağlamış, lakin həmin puldan hər hansı formada faydalanmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi, vəkil Rəfayıl Məmmədov apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(008)-5969/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 02 mart 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 106000 ABŞ dolları məbləğində pulu İddiaçı borc almış və 31 iyul 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində iddia tələbini qismən etiraf edərək iddiaçıya 56000 manat məbləğində borcu olduğunu bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh 56000 ABŞ dolları məbləğində borcu 31 iyul 2018-ci il tarixədək qaytarmadığına görə 31 iyul 2018-ci il tarixdən etibarən gecikdirilmiş vaxt üçün illik 5 % təşkil edən 8166 ABŞ dollarının iddiaçıya ödənilməsini tələb etmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn münasibətlər yaranmışdır və birinci instansiya məhkəməsi cavabdehin həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh qətnamənin faiz borcuna görə illik 5 faiz məbləğində əlavə vəsaitin tutulması hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə, 31 iyul 2018-ci il tarixdən başlayaraq cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsini gecikdirdiyinə görə hər il üçün 56000 x 0,05=2800 ABŞ dolları olmaqla iddia qaldırılan tarixədək cəmi 8166 ABŞ dolları məbləğində pul ödəməyə borcludur. Həmçinin məhkəmə kollegiyası bildirir ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətində borcun 56000 manat olduğunu qeyd etsə də, birinci instansiya məhkəməsində 56000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmişdir. Cavabdehin atasının iddiaçıya olan borcunu qaytarmaq üçün həmin müqaviləni bağlaması və həmin vəsaitdən faydalanmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, MPM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi həmin vəsaitdən faydalanmadan asılı deyil, borcun qaytarılmasının gecikdirilməsi həmin maddəyə istinad etməklə pul tələbinə əsas verir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisələndirilən qətnamə qanuni və əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(008)- 5969/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar