Məhkəmə qərarları › İş №2(103)-10167/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10167/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10167/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, avtomobiin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin 2/3 hissəsinə iddaçının payının müəyyən edilməsi” tələbinə dair 2(006)-2427/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-562/2020 saylı 17 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin 2/3 hissəsinə iddaçının payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri “Mercedes Benz GL350CDİ” markalı, 90-OD157 dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası DİN Baş X8 İdarəsində başlanmış 20.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə Cavabdeh1 payının müəyyən edilməsi və “Mercedes Benz GL350CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında başlanmış 20.06.2019-cu il tarixdə alqı-satqı müqaviləsini Azərbaycan Respublikası DİN Baş X8 İdarəsindən tələb olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı idda tələbinin həcminin artırılmasına dair ərizə verərək, 3500 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış, tək brilliant qaşlı, ürək şəkilli üzüyün, 30000 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış brilliant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplektin, 15000 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış sapfir, briliant qaşlısırğa, boyunbağı klonla və üzükdən ibarət komplektin, həçmçinin, 10000 ABŞ dolları dəyərində qızıldan hazırlanmaqla brilliant qaşlarla bəzədilmiş “Federique Cosntant” markalı qol saatının Cavabdeh1 alınaraq ona verilməsini və buraxılış ili 2014-cü il, mühərrik nömrəsi **********3124, ban nömrəsi WDC1668231A4421401 olan qara rəngli “Mercedes Benz GL350 CDİ” markalı, 90-OD157 dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında başlanmış 20.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmaqla, həmin alqı-satqı müqaviləsi əsasında sonuncunun adına verilmiş AD seriyalı 527350 nömrəli şəhadətnamənin ləğv edilməsi, yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyi nəzərə alaraq qeyd olunan avtomobilin 2/3 hissəsinə onun pay hüququnun, 1/3 hissəsinə isə Cavabdeh1 pay hüququnun müəyyən edilməklə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 28 aprel 2012–ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri nikah evində 771 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından 18 sentyabr 2013-cü il təvəllüdlü X2, 11 aprel 2015–ci il təvəllüdlü X3 adında uşaqları vardır. Cavabdeh işləmir, evə qazanc gətirmir, ailənin dolanacağı ilə maraqlanmır. Aralarında narazılıqlar yarandığına, dünya görüşləri müxtəlif olduğuna görə ər-arvad münasibətləri 14 aprel 2019–cu il tarixdən etibarən kəsilmişdir, aralarında olan nikah formal xarakter daşıyır. Bu səbəbdən cavabdehlə aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin verdiyi 24.05.2019-cu il tarixli 47508/219 nömrəli məktubdan və məktuba əlavə olunmuş kompyuter çıxarışından görünür ki, nikah dövründə, yəni 21.09.2018-ci il tarixdə cavabdehin adına “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Cavabdeh heç bir yerdə işləmir, evə qazanc gətirmir. Atasının maddi dəstəyi ilə uşaqları saxlayır. O, avtomobilə payının müəyyən edilməsini istəyir. Ona görə də avtomobilə payları müəyyən edilərkən yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyi nəzərə alınaraq payı 1/3 hissədə müəyyən edilə bilər. Cavabdeh1 onun xəbəri və razılığı olmadan avtomobili özgəninkiləşdirmişdir. Belə ki, Bakı şəhəri 13 saylı vəkil bürosunun sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin verdiyi 26.09.2019-cu il tarixli 01689134-1219 nömrəli cavab məktubundan və məktuba əlavə olunmuş kompyuter çıxarışından görünür ki, cavabdeh birgə nikah dövründə əldə etdiyi “Mersedes Benz GL350CDİ”markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili BDYP idarəsində bağlanmış müqaviləyə əsasən Cavabdeh2 satmışdır. Həmin avtomobilin Cavabdeh1 adından qeydiyyatdan çıxarılmasına əsas olmuş sənədlərin (alqı– satqı müqaviləsi və s.) surətini Baş X8 İdarəsi vəkilə verməmişdir. Bildirir ki, avtomobilin hazırki dövlət qeydiyyat nişanı ** OD ***-dir. Cavabdeh2 Cavabdeh1 bacısının əridir. Avtomobili faktiki olaraq Əsgər özü idarə edir. Alqı-satqı etməkdə məqsəd avtomobili bölgüdən yayındırmaqdır. Alqı-satqı müqaviləsi Mülki Məcəllənin 181.1 və Ailə Məcəlləsinin 33.3-cü maddəsinin tələbləri pozulmaqla bağlanmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(003)-562/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin 2/3 hissəsinə iddaçının payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmaqla, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(103)-6056/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, ağ qızıldan hazırlanmış, tək brilyant qaşlı, ürək şəkilli üzük (qiyməti 3500 ABŞ dolları), ağ qızıldan hazırlanmış brilyant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplektin (qiyməti 30000 ABŞ dolları), ağ qızıldan hazırlanmış sapfir, brilyant qaşlı sırğa, boyunbağı klonla və üzükdən ibarət komplektin (qiyməti 15.000 ABŞ dolları), qızıldan hazırlanmaqla brilyant qaşlarla bəzədilmiş “Federique Cosntant” markalı qol saatının (qiyməti 10000 ABŞ dolları), onların natura şəkilində verilməsi mümkün olmadığı halda isə ayrı-ayrılıqda dəyəri ödəniş gününə dolların manata məzənnəsinə uyğun olaraq Cavabdeh1 alınaraq İddiaçı verilməsi, buraxılış ili 2014-cü il, mühərrik nömrəsi **********3124, ban nömrəsi WDC1668231A4421401 olan qara rəngli “Mercedes Benz GL350 CDİ” markalı 90-OD157 dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 20.06.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş AD seriyalı, 527350 nömrəli şəhadətnamənin ləğv edilməsi və həmin avtomobilin İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10.08.2021-ci il tarixli, 2(102)-2608/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(103)- 6056/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Yeni apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mülki mübahisə üzrə iddia tələbi iki hissədən ibarətdir. İddiaçı birgə nikah dövründə əldə etdiklərini bildirdiyi “Mercedes Benz GL350CDİ” markalı, 90-OD157 dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası DİN Baş X8 İdarəsində başlanmış 20.06.2019-cu il tarixdə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi həmin avtomobilin 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə Cavabdeh1 payının müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olarkən onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 20 aprel 2015ci il tarixli qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. İddianın mübahisəli avtomobilə dair hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər nikah münasibətinə daxil olmazdan əvvəl cavabdehin mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 20 A, 7 saylı mənzili olmuşdur. Həmin mənzili cavabdeh iddiaçı ilə birgə nikah dövründə sataraq əldə edilmiş vəsait hesabına sonradan mübahisəli “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili almış, sonra isə həmin avtomobili mübahisəli əqd əsasında digər Cavabdeh2 satmışdır. İşin bu halı məhkəmə iclasında iddiaçının özünün verdiyi izahatından öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının özü də cavabdehin nümayəndəsinin sualına cavabında evin satışından əldə edilmiş vəsait hesabına avtomobil alındığını təsdiq etmiş, həmçinin bildirmişdir ki, cavabdeh həmin pulla iddia tələbində qeyd etdiyi avtomobili deyil, başqa avtomobili almışdır. Beləliklə, həmin avtomobil tərəflərin ümumi gəlirləri hesabına əldə edilmədiyindən onların ümumi birgə əmlakı hesab edilə və aralarında payları müəyyən edilərək bölünə bilməz. Həmçinin, həmin avtomobilə dair alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmadan bağlandığı üçün onun etibarsız hesab edilməsinə hər hansı bir əsas da yoxdur. Belə ki, nə Mülki Məcəllədə, nədəki “Notariat haqqında” Azərbaycan Respublikası qanununda və “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqında” Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alqı-satqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur. Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqlənmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə müəyyən edilir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur (maddə 144.1, 144.2). Rəsmi reyestlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 560). Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, koctruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (X8) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin X8 orqanında alqı-satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir. Hazırda Azərbaycan Respublikasında yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarına müvafiq olaraq X8 orqanında həyata keçirilir və Əsasnamədə özgəninkiləşdirilməsi zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alqı-satqısı zamanı da belə razılıq tələb olunmur. Mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alq-satqısı zamanı ərin(arvadın) razılığının alınmaması əsası ilə həmin müqavilənin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, avtonəqliyyat vasitələrinin alqsatqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal edilməlidir ki, birgə mülkiyyətdə olan belə əşyalara dair sərəncamçılıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keşirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. İddiaçı iddia ərizəsində həm də 3500 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış, tək brilliant qaşlı, ürək şəkilli üzüyün, 30000 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış brilliant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplektin, 15000 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış sapfir, briliant qaşlı sırğa, boyunbağı klonla və üzükdən ibarət komplektin, həçmçinin, 10000 ABŞ dolları dəyərində qızıldan hazırlanmaqla brilliant qaşlarla bəzədilmiş “Federique Cosntant” markalı qol saatının Cavabdeh1 alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə kollegiyası işdə olan sübutlara bütöv bir məcmu halında yanaşaraq, onların məcmusuna qiymət verərək qeyd edir ki, iddiaçı həmin qızıl zinət əşyalarının cavabdehdə olması barədə hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmədə tələb edilən qızıl-zinət əşyalarının cavabdehin evində olmasını etiraf etməmiş, bu məzmunda və ya bu mənaya gəlməyə əsas verən izahat verməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zor tətbiq edilməsinə dair hər hansı mötəbər dəlil də məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materialları ilə təsdiq olunur ki, iddiaçı öz qohumlarının iştirakı ilə 3 gün ərzində bütün cehiz əşyalarını sərbəst və maneəsiz şəkildə götürüb aparmışdır. Belə olan halda isə qızıl-zinət əşyalarının cavabdehdə qalması inandırıcı görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(003)-562/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar