Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10188/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(006)-4094/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Zalova X6 rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 55, 6 saylı mənzilə dair ödənişlərin müəyyən olunması və mənzilin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, 15 avqust 2015-ci ildə Nizami rayon ərizəsində yerləşən Bakı şəhəri, Naxçıvanski 55 mənzil 6 girov qoyaraq Nikoyl İKB ASCnin 4 saylı filialından illik faiz dərəcəsi 30 faiz olmaqla 3 il müddətinə 21000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 26 sentyabr 2019-cu ildə cəmi banka 27000 ABŞ dolları ödəmişdir. Borcu tam olaraq bağlanmışdır. Bundan sonra bank tərəfindən ona hesabdan çıxarış verilmişdir. Yello Bank tərəfindən hesabdan çıxarışa əsasən banka heç bir məbləğdə borcunun olmaması göstərilmişdir. Lakin Bakı Asan 1 xidmətinə müraciət edən zaman məlum olmuşdur ki, guya onun Banka borcu qalmışdır. Əslində isə heç bir məbləğdə borcu yoxdur. Hazırda mənzili "xxxx" MMC-də hərraca çıxarılıb. Banka heç bir məbləğdə borcu olmadığı halda mənzili qanunsuz olaraq hərraca çıxarılıb. Hətta mənzili ipoteka ilə yüklü edilib. Haızrda mənzili ipoteka ilə. Yüklü olması bir çox hüquqi çətinliklər yaradır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(006)-4094/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ödənişlərin müəyyən olunması və mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4094/2021 saylı iş üzrə 09.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, 15.08.2015-ci il tarixdə Nizami rayon ərazisində yerləşən Bakı şəhəri, Naxçıvanski 55 mənzil 6 girov qoyaraq Nikoil İKB ASC-nin (hazırkı Yellobank) 4 saylı filyalından illik faiz dərəcəsi 30 faiz olmaqla 3 il müddətinə 21.000 ABŞ dolları məbləğində kredit götürmüş Dollarin Azərbaycan manatına ekvalentdə 1 ABŞ dolları 1 manat 5 qəpik. 26.09.2019-cu ilə ümumilikdə banka 27.000 ABŞ dolları ödəmiş. Borcu tam olaraq bağlanmışdır. Bundan sonra bank tərəfindən ona hesabdan çıxarış vermişdir. Xüsusi ilə qeyd edir ki, "xxxx"ASC tərəfindən hesabdan çıxarışa əsasən banka heç bir məbləğdə borcunun olmaması göstərilmişdir. Lakin Bakı Asan 1 xidmətinə müraciət edən zaman məlum olmuşdur ki, guya onun "xxxx"ASC-nin borcu qalmışdır. Əslində isə heç bir məbləğdə borcunun olmadığını bildirir. (01.01.2015- 03.03.2020 hesabdan çıxarışa əsasən) Qeyd edir ki, hazırda mənzili "xxxx" MMC-də hərraca çıxarılıb. Banka heç bir məbləğdə borcu olmadığı halda mənzilini qanunsuz olaraq hərraca çıxarılıb. Hətta mənzilin İpateka ilə yüklü edildiyini qeyd etmişdir. Hazırda mənzilinin ipateka ilə yüklü olması bir çox hüquqi çətinliklər yaradır. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarından sonra ödənişlər etmişdir.Həmçinin, hazırkı iddiaya baxılması ilə bağlı ipoteka predmetinin hərracda satılması dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq hesabdan çıxarışı təqdim edərək bildirmişdir ki, həqiqətən iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarından sonra ödəniş etmiş və bu ödəniş 26.09.2019-cu il tarixli olmaqla maliyyə arayışında əks olunmuşdur.Daha sonra bildirmişdir ki, iddiaçı hesabdan çıxarışa istinad edərək həmin çıxarışda qalıq borcun “0” (sıfır) göstərilməsinə istinad edir.Lakin bu deməkdir ki, tərəf hər hansı kartla əməliyyat apararsa, ödəniş edərsə hesabda olan əməliyyatlara görə qalan qalığı göstərir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 25.11.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş ərizədən görünür ki, iddiaçı banka borcu üzrə ödəniş sənədlərini təqdim etmişdir.Həmin sənədlərə əsasən iddiaçı yalnız 19 sentyabr 2019-cu il tarixdə 100 (yüz) ABŞ dolları, 26.08.2019-cu il tarixdə 100 (yüz) ABŞ dolları, 19 iyun 2019-cu il tarixdə 150 (bir yüzəlli) ABŞ dolları, 31 iyul 2019-cu il tarixdə 100 (yüz) ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 10 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən yuxarıda qeyd edilən məbləğdə ödəniş edi lmişdir. Lakin, Kollegiya qeyd edir ki, iddiaçının iddia etdiyi kimi məhkəmə qətnaməsində müəyyən olunmuş borc ödənilməsi barədə sübutlar təqdim olunmadığından ipotekaya xitam verilməsi tələbinin əsaslı olması da təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında tətqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 25 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı illik 26 faizlə 36 ay müddətinə 21000 ABŞ dolları məbləğində kredit verilmiş, müqavilənin təminatı kimi X8 kreditin vaxtında və lazımi qaydada qaytarılması üçün zamin durmuş, həmçinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Naxçıvanski küçəsi 55 nömrəli evin 6 nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığından "xxxx" İKB ASC iddia tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı və X4 cəmi 31536,15 ABŞ dolları məbləğində kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 otaqlı, 52,41 kv.m ümumi sahədən ibarət 55 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" İKB ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldırlması, "xxxx" İBK ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq İddiaçı və X5 qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və X8 apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019cu il tarixli qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı iddia tələbi ilə Məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 55, 6 saylı mənzilə dair ödənişlərin müəyyən olunması və mənzilin girovdan azad edilməsini xahiş etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi qüvvədə olan məhkəmə aktları mövcuddur. Həmin məhkəmə aktlarına əsasən İddiaçı banka cəmi 31536,15 ABŞ dolları məbləğində kredit borcu vardır. Həmin borcdan iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən cəmi 27389,70 ABŞ dolları ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ödənişlərin müəyyən olunması və mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarından sonra edilmiş ödənişlər hazırkı iddianın təmin olunmasına əsas vermir. Belə ki, iş materiallarına əlavə edilmiş 25.11.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş ərizədən görünür ki, iddiaçı banka borcu üzrə ödəniş sənədlərini təqdim etmişdir.Həmin sənədlərə əsasən iddiaçı yalnız 19 sentyabr 2019-cu il tarixdə 100 (yüz) ABŞ dolları, 26.08.2019-cu il tarixdə 100 (yüz) ABŞ dolları, 19 iyun 2019-cu il tarixdə 150 (bir yüzəlli) ABŞ dolları, 31 iyul 2019-cu il tarixdə 100 (yüz) ABŞ dolları məbləğində ödəniş edilmişdir.Həmçinin, hazırkı iddiaya baxılması ilə bağlı ipoteka predmetinin hərracda satılması dayandırılmışdır.Məhkəmə kollegiyasının iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 hesabdan çıxarışı təqdim edərək bildirmişdir ki, həqiqətən iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarından sonra yuxarıda qeyd edilən ödənişi etmiş və bu ödəniş maliyyə arayışında əks olunmuşdur.Daha sonra bildirmişdir ki, iddiaçı hesabdan çıxarışa istinad edərək həmin çıxarışda qalıq borcun “0” (sıfır) göstərilməsinə istinad edir.Lakin bu deməkdir ki, tərəf hər hansı kartla əməliyyat apararsa, ödəniş edərsə hesabda olan əməliyyatlara görə qalan qalığı göstərir. Kollegiya qeyd edir ki, iddiaçının iddia etdiyi kimi məhkəmə qətnaməsində müəyyən olunmuş borcun tam ödənilməsi barədə sübutlar təqdim olunmadığından iddiaçı Zalova X6 rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 55, 6 saylı mənzilin girovdan azad edilməsi barədə tələbinin əsaslı olması da təsdiqini tapmamışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(006)-4094/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10188/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10188/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver