Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10190/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(006)-3264/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1ndən dəymiş ziyan və ödənilən dövlət rüsumu üzrə cəmi 6030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(018)-237/2021 saylı qərardadı ilə "xxxx" ASC-nin yazılı vəsatəti təmin edilərək mülki iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 sentyabr 2020-ci ildə səhər saat 6:30 radələrində bibisi nəvəsi X6 atasına məxsus heyvanları örüşə aparan zaman o, da şəxsi təsərrüfatına aid 3 ədəd boğaz inəyi həmin heyvanlara qatmaqla örüşə aparılmasını ona tapşırmışdır. Rafiq İmanov da atasında məxsus heyvanları və eləcə də ona məxsus 3 ədəd boğaz inəyi örüşə aparandan təxminən yarım saat sonra ona zəng etməklə, aralıq yoldan heyvanları apararkən örüşə sahəsinə hələ çatmamış elektrik naqilinin qırıldığını və ona məxsus 3 ədəd boğaz inəyin üstünə düşməklə onların ölümünə səbəb olduğunu bildirdi. Bundan dərhal sonra o, həmin sahəyə getdi və bilavasitə vəziyyətin şahidi oldu. Gördü ki, həqiqətən də elektrik dirəkləri arasında bərkidilmiş olan elektrik naqili orada olan ağaclara sürtünmə nəticəsində və ya nasaz olması səbəbindən qırılmış və yerə düşərkən ona məxsus boğaz heyvanlara toxunduğundan onların ölümünə səbəb olmuşdur. Bununla əlaqədar gələcəkdə baş verə biləcək mübahisəli halları nəzərə almaqla o, heyvanların şəklini çəkdi. Bununla bağlı həmin günü Astara rayonu Şiyəkəran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin, bələdiyyə sədrinin və sahə həkiminin iştirakı təmin edilməklə tərtib olunan aktda qeyd etdiyi halları bir daha təsdiq edir. Elektrik naqilinin qırılması nəticəsində 3 ədəd boğaz inəyin ölməsi ilə bağlı dəymiş ziyanın məbləğinə gəldikdə isə, hesab edir ki, həmin məbləğ realdır. Hadisədən sonra o, atası ilə Cavabdeh1nə müraciət etməklə dəymiş ziyanın könüllü əsaslarla ödənilməsini xahiş etdilər. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etməkdə davam edir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(006)-3264/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 6000 (altı min) manat məbləğində maddi ziyanın tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3264/2021 saylı iş üzrə 08.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı iddia ərizəsində özünədə məxsus 3 ədəd boğaz inəyi örüşə apararkən örüş sahəsinə hələ çatmamış elektrik naqillərinin qırıldığı və ona məxsus olan 3 ədəd boğaz inəyin üstünə düşməklə onların ölümünə səbəb olması ilə əsaslandırmışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşaiyət olunmuşdur. Belə ki, iddia ərizə və iddia ərizəsinə əlavə edilmiş sənədlərin təhlili zamanı iddia edilən hadisədə "xxxx" ASC-nin təqsirini sübut edən sənəd əlavə edilməmiş və bundan əlavə həmin hava elektrik xəttinin "xxxx" ASC-yə aid olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 3-cü bəndinə əsasən - Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir: a) mühafizə zonaları: hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi. Həmin Qaydaların 7-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər, istifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Astara rayonu Şiyəkəran kəndinin İƏDÜ nümayəndəsinin, bələdiyyə sədrinin, sahə həkiminin, iddiaçının və təsərrüfatda fəhlə işləyən X5 iştirakı ilə tərtib edilmiş 22 sentyabr 2020-ci il tarixli aktda qeyd edilir: “həqiqətən 22 sentyabr 2020-ci il səhər saat 6:30 radələrində malqaranı örüşə apararkən 4 kv-lıqelektrik naqilinin qırılıb yola düşməsi nəticəsində İddiaçı məxsus 3 boğaz inəyi elektrik cərəyanı vuraraq öldürmüşdür. Bayra həkimi tərəfindən ölmüş heyvanlara baxış keçirilərkən inək qara-ağ 5 yaşar 2 aylıq boğaz, inək qonur 5 yaşar 5-6 aylıq boğaz, inək qara 5 yaşar 6 aylıq boğaz müəyyən edilmişdir”. İş materiallarında olan Astara rayonu Şiyəkəran kəndinin sakini İddiaçı, təsərrüfatda fəhlə işləyən X5 və kənd sakimi X3 iştirakı ilə tərtib edilmiş 22 sentyabr 2020-ci il tarixli aktda qeyd edilir: “həqiqətən 22 sentyabr 2020-ci il tarixdə saat 6:30 radələrində malqaranı örüşə aparan zaman elektrik xəttinin qırılıb yola düşməsi nəticəsində İddiaçı məxsus 3 baş boğaz inəyi elektrik cərəyanı vuraraq öldürmüşdür. Nəticədə mal sahibi İddiaçı 6-7 min manat dəyərində maddi ziyan dəymişdir”. İş materiallarında olan Astara rayonu “Penser Bazarı”nın direktoru tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, həqiqətən Penser bazarında 1 baş iri buynuzlu inəyin orta satış qiyməti 1800-1900 manatdır. İş materiallarından görünür ki, 22 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinin zəng mərkəzindən Astara rayon polis şöbəsinin növbətçi hissəsinə Astara rayon Şiyəkəran kənd sakini X6 tərəfindən məlumat daxil olmuş, məlumata əsasən dayısına məxsus fermada elektrik naqilləri qırılaraq 3 baş iri buynuzlu heyvanın (inək) ölməsi barədə məlumat verilmişdir. Astara rayon Polis Şöbəsi tərəfindən müraciət araşdırılmış, göstərilən xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğundan bununla bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 noyabr 2021-ci il tarixli, 918 saylı arayışından görünür ki, Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilir ondan ötəri ki, 22 sentyabr 2020-ci il tarixində ona məxsus 3 baş iri buynuzlu mal-qaranın elektrik naqillərinin qırılıb yerə düşməsi nəticəsində mal-qaranın tələf olduğu yer Astara rayonu Şiyəkəran kəndinin vətəndaşlara məxsus əmlak pay torpaqlarına və örüş yerinə gedən yoldur. Həmin ərazidə 7 fermer təsərrüfatı fəaliyyət göstərir. Arayış tələb olunan yerə təqdim etmək üçün verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən 6000 manat məbləğində maddi ziyanın vurulması birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla sübuta yetirilmişdir. İddiaçı iddiasının təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 6000 (altı min) manat məbləğində maddi ziyanın tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzdündür. Belə ki, Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, 22 sentyabr 2020-ci il tarixində ona məxsus 3 baş iri buynuzlu mal-qaranın elektrik naqillərinin qırılıb yerə düşməsi nəticəsində mal-qaranın tələf olduğu yer Astara rayonu Şiyəkəran kəndinin vətəndaşlara məxsus əmlak pay torpaqlarına və örüş yerinə gedən yoldur. Həmin ərazidə 7 fermer təsərrüfatı fəaliyyət göstərir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(006)-3264/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10190/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10190/2021
10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver