Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-102/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı (cavabdeh) X3 nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh (iddiaçı) Cavabdeh iştirakı ilə X3 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli və Cavabdeh X4 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnamələrindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Fariz Tahir oğluna qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan 01.03.2011-ci il tarixdə 54 000 ABŞ dolları borc pul aldığını, 16.08.2017-ci il tarixdə şahidlərin iştirakı ilə həmin borc məbləğini 16.08.2018-ci il tarixinə qədər tam həcmdə qaytaracağına dair borcun etirafı müqaviləsi bağladığını, lakin öhdəliyini yerinə yetirmədiyini irəli sürmüş, buna görə də Cavabdeh 54 000 ABŞ dolları borcun ödəniləcəyi günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun olaraq, həmçinin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) kimi 32 631 manatın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 54 000 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və məhkəmə icraatı ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manatın alınıb X4 verilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, şikayətini iddiaçı ilə əvvəllər ticarət şərikliyi olsa da ondan heç vaxt borc almadığı, iddiaçının istnad etdiyi borcun etirafı müqaviləsini imzalamadığı, həmin müqavilədəki imzanın ona məxsus olmadığı arqumentləri ilə əsaslandırmışdır. Sözügedən apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı Cavabdeh Famil Kulievin istinad etdiyi 16.08.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmış olduğu müəyyən edilmiş, bu səbəblə də işin icraatı dayandırılmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı həmin iddia tələbini belə əsaslandırmışdır ki, Famil Kuliev 16.08.2017-ci il tarixli “borcun etirafı” müqaviləsinə istinadən ondan əsassız olaraq 54 000 ABŞ dolları tələb edir, halbuki Famil Kulievə borcu olmamış, ondan nağd və ya köçürmə yolu ilə pul almamış, onunla heç bir müqavilə imzalamamışdır. Famil Kulievin əlində olan sənəddə onun imzası saxtalaşdırılmış, digər sənəddə isə onun imzası olsa da, sənədin əvvəlki səhifələri dəyişdirilmişdir. Famil Kulievlə ümumiyyətlə heç bir münasibəti olmamış, onun şəriki ilə işbirliyindən isə hər ikisi də zərər çəkmişlər. Bu səbəblə həmin şəxs ona qarşı tələb irəli sürmür. Famil Kulievə dəfələrlə tələbinin ona aid olmamasını bildirsə də, bu heç bir nəticə verməmişdir. Famil Kulievin istinad etdiyi müqavilənin səhifələri lazımi qaydada tikilməmişdir və qəbzdə kompyüterdə tərtib olunan hissənin imzadan əvvəl və ya sonra edilməsini müəyyən etmək zəruridir. Çünki bir çox kağızlarda imza edərək masasında saxlamışdır və hesab edir ki, Famil Kuliev həmin kağızlardan birini hansısa qaydada əldə edərək kompyüterdə istədiyi sözləri əlavə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti verən Cavabdeh onun ləğv, iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını pozaraq və gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayaraq qanunsuz qərar qəbul etdiyini, müqavilənin saxtalaşdırılmış olmasına dair dəlilini yoxlamadığını, müvafiq ekspertizanın keçirilməsi barədə vəsatətini əsassız şəkildə təmin etmədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərardadı ilə sözügedən apellyasiya şikayətləri üzrə mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək həmçinin göstərmişdir ki, Famil Kulievlə ticarət şərikliyi dövründə işlər yaxşı getmədiyi üçün Famil Kuliev şəriklikdən çıxmaq istəmiş, işləri alınmadığından təxminən 64 000 ABŞ dolları dəyərində olan malları dəyər-dəyməzinə - 10 000-12 000 ABŞ dollarına – satmış, hər ikisi zərərə məruz qalmışlar. Famil Kulievin təqdim etdiyi müqavilədəki imzalar ona məxsus deyildir, ondan heç bir zaman borc pul almamışdır və həmin müqavilə yalan əqddir. Famil Kuliievin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək qətnamələrin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi üzrə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissəsinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsinin isə tam yoxlanılması təşkil edir. Çünki Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsini Famil Kuliev ümumiyyətlə mübahisələndirməmiş, Cavabdeh isə həmin qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətinə görə yalnız iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Beləliklə, Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi üzrə iddia tələbinin təmin edilməyən hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları bu konekstdə dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş halına görə, Cavabdehla Famil Kuliev arasında uşaq geyimlərinin satışı ilə bağlı ticarət şərikliyi olmuş, 2011-ci ilin mart ayında (01.03.2011-ci il tarixdə) onlar şərikliyə son vermək barədə razılığa gəlmiş, bu razılaşma çərçivəsində Famil Kuliev ortaq mallarının olduğu ticarətin Cavabdeh tərəfindən davam etdirilməsinə etiraz etməmiş, bunun müqabilində Cavabdeh Famil Kulievə 58 500 ABŞ dolları pulu 2011-ci ilin iyun ayından başlayaraq hər ay 2000 ABŞ dolları olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 16 avqust 2017-ci il tarixdə tərəflər arasında “Borcun etirafı müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh, Famil Kulievdən 01 mart 2011-ci il tarixdə 54 000 ABŞ dolları borc aldığını etiraf etməklə, borcun 16.08.2018-ci il tarixinədək qaytarılması razılaşdırılmışdır. Apellyator hər iki qətnamədən verdiyi apellyasiya şikayətlərində həmin müqavilənin etibarlı olmadığını irəli sürdüyündən, kollegiya ilk növbədə bu məsələyə qiymət verməyi zəruri hesab edir: Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 347-ci maddəsinə görə isə, şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma sayılır; vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Cavabdeh aldadılmış olması iddiası təsdiqini tapmamış, bağladığı müqavilənin iradə ifadəsinə uyğun olmadığı sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, yazılı qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Kollegiya onu da qeyd edir ki, Cavabdeh yazılı apellyasiya şikayətlərində 17.08.2017-ci il tarixli müqavilədəki və qəbzdəki imzaların ona məxsus olmadığını göstərsə də, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə həmin arqument təkzib olunmuşdur. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır və Famil Kulievin borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, X7 İmanova qarşı tələbi sonuncunun onunla bağladığı borcun etirafı müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh, əslində borc almadığı və müqavilənin formal olaraq bağlandığı arqumentləri ilə əlaqədar kollegiya qeyd edir ki, tərəflər arasındakı borc müqaviləsinin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə tərəflər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamələrin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1370/2020 saylı iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3387/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği Cavabdeh özünə aid olunsun. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 110 (yüz on) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-102/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-102/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver