Məhkəmə qərarları › İş №2(103)-102/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-102/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-102/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (əvvəlki “Nikoyl” X3) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin (əvvəlki “Nikoyl” X3) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3698/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 6-MZ-2-0-577-13 nömrəli kredit müqaviləsi imzalanmış, kredit müqaviləsinə əsasən Borc alana 7600 ABŞ dolları məbləğində illik 30% olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir

2. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi imzalanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC (əvvəlki “Nikoyl” X3) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4336 (dörd min üç yüz otuz altı) ABŞ dolları əsas borc və 1285 (min iki yüz səksən beş) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 (beş min altı yüz iyirmi bir) ABŞ dolları pul məbləğinin və dövlət rüsumu qismində ödənilmiş 20 (iyirmi) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-4453/2015 nömrəli məhkəmə əmri ilə tələb təmin edilmişdir.

5. Borclu Cavabdeh1 tərəfindən verilmiş etiraz təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon xx.xx.2015-ci il tarixli, 2(004)-4453/2015 saylı məhkəmə əmri ləğv edilərək, kreditor “Nikoyl” X2 borclular Cavabdeh2 və Cavabdeh1 qarşı “məhkəmə əmrinin çıxarılmasına dair” mülki iş iddia icraatına keçirilmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2013-cü il tarixli, 6-MZ-2-0-577-13 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 7600 ABŞ dolları məbləğində illik 30% olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi imzalanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Kredit müqaviləsi və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun kreditor qarşısında öhdəliyi yaranmışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3698/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin (əvvəlki “Nikoyl” X3) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4336 ABŞ dolları əsas borc və 1285 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 ABŞ dolları məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh2 Nəriman qızı və zamin Cavabdeh1 “Borcverən” qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Zamin Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577-13 nömrəli zaminlik müqaviləsinə əsasən əsas borclu qismində çıxış edir. Nəticə etibarilə, MM-in 472, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, məhkəmə qeyd etmişdir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (əvvəlki “Nikoyl” X3) ilə Cavabdeh2 Nəriman qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577-13 nömrəli kredit müqaviləsinə əsasən istehlak məqsədi ilə illik 30% dərəcəsi ilə 18 ay müddətinə 7600 ABŞ dolları kredit verilmişdir. xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577-13 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577- 13 nömrəli kredit müqaviləsinə əsasən əsas borca münasibətdə zamin qismində hüquq münasibətlərinə daxil olmuş və əsas borcla bağlı üzərinə tam öhdəlik götürmüşdür. Lakin, sözügedən müqavilə üzrə cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin 4336 ABŞ dolları əsas borc və 1285 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 (beş min altı yüz iyirmi bir) ABŞ dolları məbləğində borcu yaranmışdır

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 472.1, 472.3, 472.3, 739, 741-ci maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3698/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsini ləğv edib, mülki iş materiallarında olan sənədlər və əlavə təqdim edilən sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, 2015-ci ildə iddia tələbində kreditor “Nikoyl” İKB ilə borclu Cavabdeh2 arasında 03 iyun 2013-cü il tarixli 6-MZ2-0-577- 13 saylı kredit müqaviləsi bağlanmasına, borcluya 18 ay müddətinə, illik 30% hesablanmaqla 7600 ABŞ dolları məbləğində istehlak kreditinin verilməsi üzrə yaranmış borc pul tələbini mübahisələndirmişdir. Lakin iddia icraatına keçdikdən sonra kreditor tərəfindən verilmiş cavabdan məlum olur ki, bu müddət ərzində Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 6-MZ-3-0-522-14 saylı Kredit müqaviləsinə əsasən Borcalana 24 ay müddətinə illik faiz dərəcəsi 24% olmaqla 5500 USD məbləğində kredit verilmişdir və o həmin müqavilə üzrə zamin durub. Belə bir müqavilədən (dəyişiklikdən) onun məlumatı yoxdur və zamin kimi o heç bir sənədi imzalamayıb və ona kreditor bu barədə məlumat verməmişdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Hesab edir ki, məhkəmə tam araşdırma aparmadığından, 2015-ci ildə təqdim edilmiş sənədlərlə kifayətlənmiş, sübutların təqdim edilməsinə şərait yaratmamış, həqiqətə nail olmaq üçün mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə azadlığı prinsipi ilk vaxtlar pozulmuşdur. Belə ki, bağlanmış zaminlik müqaviləsini böyüdücü lupa şüşəsi ilə də oxumaq mümkün deyildir. Əgər müqavilə oxunaqlı şəkildə olsaydı, iddiaçı ilə zamanında müqvilənin şərtləri barədə (ödənişlər haqqında) müəyyən razılaşma aparılardı. Müqavilə şərtlərinin dəyişdirilməsi yönümündə müəyyən hərəkərtlər edilərdi. Məhkəmə “məhkəməmühasibatlıq ekspertizası”nın keçirilməsinə dair verilmiş vəsatətə birtərəfli mövqe tutmuş, iddiaçının təkidi ilə kredit müqaviləsi üzrə borcların (əsas və faiz) müəyyən edilməsi barədə borcların (əsas və faiz) müəyyən edilməsi barədə təqdim olunmuş maliyyə arayışının (2015-ci ildə təqdim edilmiş maliyyə arayışı) əsaslı hesab edilməsini xahiş etmiş, hesabdan çıxarış və yeni maliyyə arayışının təqdim edilməsinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə MPM-nin 97.1-ci maddəsinin tələblərinə əməl etməli olduğu halda, öz təşəbbüsü ilə ekspertiza təyinm etməmiş, bir dəfə məhkəmə iclası keçirməklə işini bitmiş hesab etmişdir. Məhkəmə araşdırma aparmamışdır. Kreditora edilmiş müraciətlərə gec bir zamanda cavab verildiyi halı da bir daha sübut edir ki, tələb əsassız, bitkin olmamışdır. Digər baxımdan sübutun əldə olunmasına məhkəmə hakimi şərait yaratmamş, bununla da qəbul etdiyi qətnamənin obyektiv, ədalətli, əsaslı olmasını şübhə altına qoymuşdur. Apellyasiya şikayətinə əlavə etdiyi kredtorun cavabı bu faktı təsdiq edir. Məhkəmə isə qətnamədə qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı, əsaslı, dəlil, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bir dəfə təyin olunmuş hazırlıq iclasında mülki iş dərhal məhkəmə baxışına təyin etməklə, ağlabatan müddət üçün şərait yaratmadığından MPM-nin normalarını təkrarən pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin (əvvəlki “Nikoyl” X3) nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında çıxış edərək bildirir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanaraq verilmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Dolların məzənnəsi gündən-günə artır. Keçmişin məzənnəsi ilə tutulma yoxdur və günün məzənnəsi ilə manat ekvivalenti ilə bütün əməliyyatlar aparılıb.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 çıxış edərək bildirir ki, 2014-cü ildə Cavabdeh2 bankdan pul götürüb. O da ona görə zamin durub. Cavabdeh2 bir müddət sonra banka borcunu ödəyə bilməyib. Bank da bununla bağlı narazılıq edib. Buna görə də ikinci dəfə zamin durmaqdan imtina edib. 2023-cü ildə zamin qismində banka dəvət edilib. Əgər digər xanımın zamini olursa onu niyə axtarmırlar. Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməlidir, pulu götürən şəxs odur. Bankdan ona zənglər gəlirdi. Cavabdeh2 bildirirdi ki, qızıl-zinət əşyasını girov qoyub. Ödəyə bilmədiyi üçün bank onları satıb. Bank ona bildirmişdir ki, girov qoyulsa pul götürülə bilər, amma imkanı olmadığı üçün qoya bilməyib. Bank bildirmişdir ki, əsas borc ödənilməlidir. Baş verənlərdən xəbəri olmayıb. İlk müqavilədə imzası olsa da, ikinci dəfə müqaviləni imzalamayıb. Zaminlik müqaviləsinə xitam verilməlidir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh2 ilə birlikdə işləyirdilər. İş yoldaşları zamin olurdular. Buna görə o da zamin durdu. Heç kimdə belə problem olmayıb.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə borcun məbləği hissəsində mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna dair hissədə dəyişdirilməlidir.

22. İşin halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 6-MZ-2-0-577-13 nömrəli kredit müqaviləsi imzalanmış, kredit müqaviləsinə əsasən Borc alana 7600 ABŞ dolları məbləğində illik 30% olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi imzalanmışdır.

23. Hazırda iddiaçı tələbində tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 6- MZ-2- 0-577-13 nömrəli kredit müqaviləsi üzrə 4336 ABŞ dolları əsas borc və 1285 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 ABŞ dolları pulun tutulmasını xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək, cavabdehlərdən 4336 ABŞ dolları əsas borc və 1285 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 ABŞ dolları məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə tutulması qət edilmişdir.

25. Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmişdir.

26. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsinə əsasən zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu kreditor və borclu arasında bağlanmış 6-MZ-2-0-577-13 saylı kredit müqaviləsi ilə müəyyən olunur.

27. Tərəflər arasında imzalanmış zaminlik müqaviləsinin 2-ci bəndində qeyd edilir ki, zamin və borclu bank qarşısında birgə cavabdehdirlər.

28. Mülki Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Məcəllənin 472.2-ci maddəsində qeyd edilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsini imzalamaqla müqavilə üzrə öhdəlikləri öz üzərinə götürmüşdür.

31. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə vardır. İddiaçı iddia tələbi ilə xx.xx.2015-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, zaminlik münasibətlərinə xitam verilməsi üçün əsas yoxdur.

32. Tutulmalı olan borcun məbləğinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli maliyyə arayışını əsas gətirərək faiz borcunun 1285 manat məbləğində tutulmasını qət etmişdir.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “...İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.”

34. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 30 yanvar 2015-ci il tarixldə xəbərdarlıq məktubu ilə müraciət edilərək qeyd edilmişdir ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borclu və zamindən müştərək qaydada tutulması üçün tədbirlər görülərək cavabdehlərin digər daşınar və daşınmaz əmkaklarına yönəldilərək həmin əmlaklar satılacaq.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, cavabdehlərdən xəbərdarlıq məktubu göndərildiyi 30 yanvar 2015-ci il tarixə olan faiz borcu tutulmalıdır.

36. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli, KBD-555 nömrəli maliyyə arayışında qeyd edilir ki, Cavabdeh2 30 yanvar 2015-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 4335,66 ABŞ Dolları, faiz borcu 353,33 ABŞ Dolları məbləğindədir.

37. Apellyasiya şikayətinin dəlillərindən biri odur ki, qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi göstərilməyib.

38. Kollegiya bu dəlili əsaslı sayır. Belə ki, məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

39. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3698/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə 353,33 (üç yüz əlli üç dollar otuz üç sent) ABŞ Dollar məbləğində faiz borcu tutulmalı, ümumilikdə 4689,33 (dörd min altı yüz səksən doqquz dollar otuz üç sent) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3698/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 353,33 (üç yüz əlli üç dollar otuz üç sent) ABŞ Dollar məbləğində faiz borcu tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4336 (dörd min üç yüz otuz altı) ABŞ dolları əsas borc və 353,33 (üç yüz əlli üç dollar otuz üç sent) ABŞ Dollar məbləğində faiz borcu olmaqla, ümumilikdə 4689,33 (dörd min altı yüz səksən doqquz dollar otuz üç sent) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar